image-001-7backend

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır

image-reklam_sirab_01

Xalqımız bu gün xöşbəxt və qürurlu günlərinin yaşayır. Bu sevinci xalqımıza yaşadan dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev, rəşadətli Azərbaycan Ordusu, «dəmir yumruq» kimi birliyimizdir.     Dünyaya səs salan Zəfərimiz torpaqların əsl sahibinin kim olduğunu bir daha təsdiqlədi. 30 ilin işğalına son qoyub, düşməni diz çökdürən, Ermənistana və dünya dövlətlərinə tarix, hüquq, milli qürur dərsi olan 44 günlük İkinci Qarabağ müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı heç zaman torpaqlarının işğalı ilə barışmayacaqdır. Ötən il noyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin «hücum» əmrini yüksək səviyyədə dəyərləndirdi, silaha sarılaraq 30 il düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etdilər.

Mayın 8-i Qarabağın ürəyi Şuşamızın işğal günüdür. Artıq bu günü deyil, onun işğaldanda azad edildiyi tarixi – 8 noyabrı qeyd edəcəyik. Bu tarix dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı əsasında Zəfər günü kimi təsis olunub. 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından sonra dəfələrlə işğaldan azad edilmiş torpaqlarımıza, o cümlədən Şuşamıza səfər edən, Cıdır düzündə Novruz tonqalını yandıran dövlətimizin başçısı İlham Əliyev bu sevinci xalqımızla bölüşməklə yanaşı, Cıdır düzündən işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırmışdır.

Bu gün diktə edən tərəf Azərbaycandır. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işləri gedir. Bu ərazilərimizdə təkmil idarəçilik sistemi mövcuddur. Prezident İlham Əliyevin Sərəncamı əsasında işğaldan azad edilmiş ərazilərimizdə Prezidentin xüsusi nümayəndəsi fəaliyyət göstərir. Bu addım ilk olaraq Qarabağın tacı Şuşada atılıb. Ölkə başçısı İlham Əliyev Şuşaya hər səfərində bu inamı ifadə edir ki, bərpa və quruculuq işləri yüksək səviyyədə həyata keçiriləcək, Şuşa qədimliyini qoruyacaq, qısa zamanda cənnətməkana çevriləcək.

“Qarabağın incisi”, “Cənubi Qafqazın konservatoriyası”, “Qafqazın mədəniyyət məbədi” adlandırılan Şuşa şəhəri tarixi abidələrlə zəngindir. Şəhərdə 17 məscidi olan 17 məhəllə, 6 karvansara, türbələr, mədrəsələr və başqa mühüm tikililər mövcud idi. Ancaq bu tarixi abidələrin çoxu erməni işğalı dövründə dağıdılıb. Şuşada nisbətən salamat qalmış dini-tarixi abidələrdən biri də Yuxarı Gövhər ağa və ya Cümə məscididir.

Bütün dağıntılara, erməni vəhşiliklərinə rəğmən torpaqlarımızın işğaldan azad edilməsinin sevincini yaşayırıq. Dünya görsün ki, Azərbaycan illərdir necə vəhşi ilə üz-üzə olub. Hər bir addımında humanizm prinsiplərinə sadiqlik nümayiş etdirən Azərbaycan bunun qarşılığında erməni vandalizminin şahidi olub.

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır.

Bütün bunları əsas götürərərək Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə  Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamına əsasən  Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub. Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq.

2020-ci ilin noyabrında Şuşa şəhəri işğaldan azad olundu və son 28 ildə ilk dəfə olaraq soydaşlarımız məsciddə namaz qıla bildilər. Ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da Gövhər ağa məscidinə baş çəkdilər. Dövlət başçısı məscidə Məkkədən gətirilmiş Qurani-Kərimi bağışladı. Qeyd etdiyimiz kimi, işğal vaxtı Yuxarı Gövhər ağa məscidi də dağıntılara məruz qalmışdı, ancaq orada artıq bərpa işləri həyata keçirilməyə başlanılıb. Tezliklə torpaqlarımız əvvəlki simasına qayıdacaq. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq bütün yeniliklər bu ərazilərimizdə öz əksini tapacaq. «Ağıllı şəhər» və «ağıllı kənd» strategiyasının hazırlanması ilə bağlı Prezident Sərəncamı da bu məqsədə xidmət edir.

Azərbaycanın iqtisadi imkanları qarşıya qoyulan bütün hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Bu günümüzün əsas tələbləri sırasında işğaldan azad edilmiş torpaqlarımızda bərpa işlərinin qısa zamanda həyata keçirilməsi üçün Ermənistanın minalanmış sahələrin xəritələrini verməsidir. Bunun üçün beynəlxalq təşkilatlardan, dünyanın nüfuzlu dövlətlərindən Ermənistana beynəlxalq hüquq çərçivəsində təzyiq göstərilməsi dayanır. Azərbaycan xalqı torpaqlarının sahibi olaraq Böyük Qayıdışa hazırlaşır.

 

 

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki