image-ilham-bayraqbackend

Şuşanın işğaldan azad edilməsi müharibənin taleyini həll etdi

image-reklam_sirab_01

Artıq 2-ci ildir ki, Vətən müharibəsində qazanılan şanlı Qələbənin ildönümünü qeyd edirik. Çox qururlu haldır ki, bu təntənələrin əsas keçirilmə mərkəzlərindən biri də Şuşa şəhəridir.  Ötən il olduğu kimi bu il də Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zəfər Gününü Şuşada qeyd edirlər.

Noyabrın 8-də Zəfər Günü münasibəti ilə Şuşada təşkil olunan tədbirdə iştirak edən ölkə başçısı cənab İlham Əliyev öz çıxışında qeyd edib ki, alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazıb. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.

Şuşanın strateji mövqeyi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll etdiyi üçün müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Həm də Qarabağın tacı olan Şuşa Azərbaycan xalqının ürəyi, canı olaraq, hər bir azərbaycanlı üçün müqəddəs bir yerdir.

2020-ci il sentyabrın 27-də başlana Vətən müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli getdi, 44 gün ərzində bir gün də geri addım atmadı. Şuşanın azad edilməsi gününə kimi ordumuz bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad etdi. Nəhayət, Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı, onu kapitulyasiyaya imza atmağa vadar etdi.

Ölkə başçısı xüsusi olaraq vurğuladı ki, Vətən müharibəsi günlərində Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçib. Son illərdə aparılan düzgün və məqsədyönlü siyasət nəticəsində ölkədə güclü iqtisadiyyat yaradıldı. Güclü iqtisadiyyat yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil oldu. Bu da güclü, hərbir silah-sursat, müasir texnika ilə təchiz edilmiş ordunun yaradılmasına kömək oldu.

Bu gün dünyanın əksər ölkələrində çətinliklər yaşanır, dərin iqtisadi, həmçinin enerji  böhranı hökm sürür. Lakin buna baxmayaraq Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyat olduğunu, daim inkişafda olduğunu göstərdi. Bu gün ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq, yalnız və yalnız öz gücümüzə, imkanlarımıza  arxalanmışıq.

Eyni zamanda İkinci Qarabağ savaşı ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvü olaraq Qarabağ uğrunda ölümə gedirdilər. Bu birlik dünya miqyasında nadir dəyərimizdir. Ağır günlərdə daxili sabitlik, milli birlik və həmrəylik, xalq-iqtidar birliyi öz sözünü dedi. Biz əzəli düşmən üzərində tarixi Qələbə qazandıq. Bunlar ölkəmizdə aparılan dövlət siyasətinin böyük nəticəsidir.

Bütün bunlar bir daha sübut edir ki, bu gün dövlətimizə dahi bir insan rəhbərlik edir. Onun səyləri nəticəsində ölkəmiz günü-gündən inkişaf edir, güclənir. Qazanılan Şanlı Qələbə, əldə edilən uğurlar ölkə başçısı cənab İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti  sayəsində əldə olunub və hər birimiz öz Prezidentimizlə fəxr edirik.

image-israfil

İsrafil Kərimov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

“Qızıl qələm” mükafatı laureatı

Xüsusi olaraq  Vətəninfo.az  üçün

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image