image-798b003ec905c58a7c9a6d08e60461d8backend

Tahir Budaqov Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü

image-reklam_sirab_01

İyulun 26-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Tahir Budaqov Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni müstəviyə  yüksəldiyini bildirib. Bu münasibətlərin hərtərəfli inkişafı hər iki ölkənin prezidentləri cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın yüksək səylərinin nəticəsidir. Azərbaycanla Türkiyə arasında əlaqələrin əhəmiyyətindən danışan YAP Sədrinin müavini qarşılıqlı münasibətlərin ümummilli liderimiz Heydər Əliyevin dediyi “Bir millət, iki dövlət” fəlsəfəsi əsasında inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu gün iki dövlətin münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən qardaşlıq münasibətlərinə yüksəlib: “Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi dünyada Azərbaycan-Türkiyə qədər bir-birinə yaxın, qardaş ölkə yoxdur. Biz siyasi partiyalar olaraq dövlət başçılarının qardaşlıq münasibətlərini örnək götürərək  əlaqələrimizi daha da gücləndirməyi, inkişaf etdirməyi qarşıya məqsəd qoymuşuq. Bu ilin iyun ayında YAP nümayəndə heyətinin Ankaraya səfəri zamanı əməkdaşlığa dair niyyət protkolu imzalandı. Bu sənəddə nəzərdə tutulan məsələlərin reallaşması üçün bundan sonra fəaliyyətimizi daha da gücləndirəcəyik”.

Tahir Budaqov bu gün AK Partinin nümayəndə heyətinin Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevlə görüşdüyünü bildirib və  qeyd edib ki, dövlətimizin başçısı görüş zamanı partiyalar arasında əlaqələrin inkişafı ilə bağlı tövsiyələrini verib. Eyni zamanda Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirilən görüş parlamentlərarası əlaqələrin inkişafı baxımından önəm kəsb edir.

YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, əməkdaşlıq haqqında niyyət protokolundan irəli gələrək  YAP və AK Parti arasında əlaqələrin, o cümlədən qarşılıqlı səfərlərin intensivləşdirilməsi nəzərdə tutulur.  Bu baxımdan, gənclər və qadınlar arasında əməkdaşlığın genişləndirilməsi, qeyri-hökumət təşkilatları arasında əlaqələrin inkişafına dəstək verilməsi, partiyaların beynəlxalq platformalarda ortaq mövqedən çıxış etməsi və digər məsələlər xüsusi vurğulanmalıdır. Tahir Budaqov iyulun 28-də YAP və AK Parti Gəncə şəhərində “Şuşa Bəyannaməsi: Milli mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq  üçün  yeni  çağırışlar” mövzusunda birgə konfransın keçirəcəyini diqqətə çatdırıb. Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə də bir birinə hər zaman ciddi dəstək verdiyini deyən Tahir Budaqov qeyd edib ki, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də postmüharibə mərhələsində qardaş Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasına qətiyyətli, birmənalı mənəvi-siyasi dəstək göstərməsi qürurverici haldır. Xalqlarımız və dövlətlərimiz bir daha sübuta yetirdilər ki, dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yeni dünya düzəni üçün parlaq nümunədir.

AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. “Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik” deyən Numan Kurtulmuş hər iki partiya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, pandemiya şəraitində partiyalarımız üç onlayn konfrans keçirib. İyun ayında isə YAP nümayəndə heyəti Türkiyədə səfərdə olub, səfər zamanı Prezident Rəcəb Tayyib Ərdoğan  nümayəndə heyəti ilə görüşüb.

Azərbaycana səfər proqramından bəhs edən AK Parti Sədrinin birinci müavini Azərbaycan Prezidenti ilə görüşü xüsusilə məhsuldar və faydalı hesab etdiklərini deyib. Bildirilib ki, hər iki partiya konkret layihələr üzərində işləyir və bu layihələrin gerçəkləşməsi üçün lazımi addımlar atılmaqdadır: “Münasibətlərini bundan sonra daha da gücləndirmək zəhmət və əmək tələb edir. Bu baxımdan, siyasi partiyalar olaraq öz niyyətimizi ortaya qoymuşuq. Partiyalarımız əlaqələrini gücləndirməklə bütövlükdə dövlətlər arasında münasibətlərin inkişafına töhfə vermək niyyətini ifadə edirlər. Ulu öndər Heydər Əliyevin dediyi kimi “bir millət, iki dövlət” olaraq milli, dini, mədəni, tarixi köklərə əsaslanan əlaqələrimizi gələcəyə daşımaq bizlərin ümdə vəzifələrindən biridir”.

Numan Kurtulmuş qeyd edib ki,  Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan xalqının cəsarəti ilə yenilməz Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdi. Azərbaycan şanlı Zəfəri ilə bütün region üçün məqbul ola biləcək əməkdaşlıq formatı yaradıb və xoşməramlı mövqeyini bütün dünyaya bəyan edib. Türkiyə bundan sonra da hər zaman Azərbaycanın yanında olacaq.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra qarşılıqlı hədiyyələr təqdim edilib.

Sonda xatirə şəkli çəkilib.

image-f39656f744ff04c3910101c36a73037e image-e1cc373e68cc7f8094b0deb910733cac image-3c3c21ffa3dbcf6ccb0552aebfe8bcb9 image-10be7624066d6f4ff89bb6dca45740de image-b20baa95d52db131cf681d20ee095780 image-41b4bde00d709812ba3da972e3a9c601 image-55c94a5a4957fbc8027f91fa4048b408 image-5004ff5e406766365da2f2c57025dd18 image-ea567e156833b1a47a7681f9470daae3 image-1a81bda8dbf49251fd2f5396a85b4962 image-798b003ec905c58a7c9a6d08e60461d8 image-06bb3e6a69e14120d67a21beb5287318 image-2d0412eb0145e212a470e83df2646748 image-1be866696f09239dc34e7fa01f681f59 image-d2cc73a02fafa190bc0e274049298783-1 image-082495fda7c2919c1e9fb116bc41b336 image-18e38450225ef8ff49752d6c6f23d0a3 image-thumb-2 image-thumb-1 image-d2cc73a02fafa190bc0e274049298783 image-thumb

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki