image-modern-az-12-08-2021-1628776302backend

“Tarixi Zəfərimiz dünyanın dəyərlər sistemini tamamilə dəyişdi”

image-reklam_sirab_01

“Postmüharibə dövrünün  reallıqlarının  təhlili bu gercəkliyə işıq salır ki, ikili siyasət deyilən məfhumu, nəhayət, ədalət, beynəlxalq hüquq  əvəzləməkdədir. Yəni tarixi Zəfərimizə qədər dünyanın aparıcı dövlətləri, beynəlxalq hüquq müdafiə təşkilatları hesabatlarını  qərəz,  yalan, bir sözlə, hər bir ölkəyə öz yanaşmaları  əsasında hazırlayırdılarsa, bu gün fərqli məqamlarla diqqətdədirlər. Belə ki, beynəlxalq hüquq müdafiə təşkilatları Ermənistanın  tam olmasa da demokratik inkişaf baxımından hansı acınacaqlı vəziyyətdə olduğunu təqdim edirlər”.

Veteninfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

 

Onun sözlərinə görə, dünənə kimi “azad ölkələr” sırasında yer alan Ermənistan bu gün yeni hesabatlarda qeyri-azad ölkədir.

 

“Haqqın, ədalətin zəfəri  təqdir olunmaqla yanaşı, günümüzün əsas tələbi  məhz yeni reallıqlar əsasında qəbul olunan bu kimi  sənədlərin   kağız üzərində qalmamasına nail olmaqdır.  Cünki  dünyada sülhün, təhlükəsizliyin təminatında, hər bir münaqişəli məsələnin həllində, dövlətlərin ərazi bütövlüyünün, suverenliyinin qorunmasında əsas rol oynayan BMT Təhlükəsizlik Şurasının  qətnamələrinin 30 ilə yaxın müddətdə sadəcə bir sənəd olaraq mövcudluğu  sonda 44 günlük  Vətən müharibəsinə gətirib çıxardı”.

 

M.Həsənov qeyd edib ki, artıq tarixə qovuşan  Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində  Ermənistana beynəlxalq hüququ kobud şəkildə pozmasına görə heç bir təzyiq göstərilmədisə,  cəzalandırılmadısa, əksinə  təcavüzkar onu  dəstəkləyən ölkələrdən hər cür maddi, hərbi yardımla təmin olundusa, bu halda beynəlxalq hüququn işlək vəziyyətdə olmasını dilə gətirmək mümkünsüz idi:

 

“İllərdən bəri  davam etdirilən ikili siyasətin nəticəsi idi  ki, ermənilərin havadarlarının dəstəyi ilə zaman-zaman azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasətini, XX əsrin ən dəhşətli Xocalı soyqırımını  görmək istəməyən «demokratik güclər» Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan xalqının çəkdiyi  əziyyətləri də  normal qəbul edirdilər.  Azərbaycanın haqq səsini eşitmək  istəməyən  güclərə arxalanan Ermənistanın ərköyünlüyünə göz yuman dairələrin seyrçi mövqeləri  beynəlxalq hüquq normalarının üstündən çəkilən qırmızı xətt idi. İkili standartların yaratdığı ədalətsizliyi, fəsadları dəfələrlə mötəbər tribunalardan dünya  ictimaiyyətinin diqqətinə çatdıran, beynəlxalq hüquq normalarının kobudcasına pozulmasının başqa dövlətlərə faciələr gətirdiyini bəyan edən ölkə Prezidenti İlham Əliyev regional təhlükəsizlik üçün bəla olan münaqişələrin  yolverilməzliyini də dünyaya çatdırmışdır”.

 

Millət vəkili vurğulayıb ki, hesabatlarında Ermənistanı “azad”, Azərbaycanı isə “qeyri-azad ölkələr” kimi təqdim edən “Human Rights Watch”, “Amnesty International”, “Freedom House”, “İnernational Federation for Human Rights”, “Transparency İnternational” kimi təşkilatlar, ABŞ Dövlət Departamenti bu gün   Ermənistanda COVID-19-la mübarizə, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə demokratik vəziyyətin daha da ağırlaşdığını, insan hüquqlarının kobud şəkildə pozulduğunu, azad mətbuatın boğulduğunu təsdiqləyən  faktları açıqlayırlar:

 

“Bu sənədlərdə pandemiya şəraitində  hüquqları  tam şəkildə əllərindən alınan, azadlıqları məhdudlaşdırılan Ermənistan cəmiyyətinin ciddi ictimai və siyasi böhran yaşamasından bəhs olunur. Ermənistan cəmiyyəti hər zaman  bu böhranları yaşayıb. Sadəcə  ədaləti  maraqlara qurban verən adları çəkilən  beynəlxalq hüquq müdafiə  təşkilatları hesabatlarını  sifarişlər əsasında tərtib etdikləri üçün Ermənistanı   “demokratiya nümunəsi” kimi təqdim edirdilər. Bu gün artıq belə təqdimatlar mümkünsüzdür. Azərbaycan qalib ölkə kimi beynəlxalq hüququ diktə edir. Azərbaycan həmişə olduğu kimi bu gün də öz hüquqlarını müdafiə edən,  iqtisadi, hərbi qüdrətini artıran, beynəlxalq aləmdə söz sahibi kimi mövqeyini möhkəmləndirən güclü dövlətdir. Tarixi Zəfərimiz  dünyanın illərdir özü üçün formalaşdırdığı  dəyərlər sistemini tamamilə dəyişdi. O dəyərlər sistemində ədalət əvəzinə qeyri-ədalətli yanaşma, bərabərlik əvəzinə qeyri-bərabərlik, həqiqət əvəzinə riyakarlıq, yalan hökm sürürdü. Bu gün isə dünya yalnız ədalət və beynəlxalq hüquqdan danışır. Bu, Azərbaycan dövlətinin beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətinin, qətiyyətli mövqeyinin, dünyaya bütün tribunalardan səsləndirdiyi ədalət çağırışlarının, bir sözlə, ikili standartlara  son qoyan Qələbəmizin nəticəsidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki