Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanın rəhbərliyində uğurla həyata keçirilən çoxşaxəli müstəqil xarixi siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə uğurla təmsil olunur. Milli maraqlarımıza uyğun aparılan beynəlxalq siyasət ölkəmizin təhlükəsizliyi və beynəlxalq suverenliyi üçün əvəzedilməz rol oynayır. Azərbaycan beynəlxalq münasibətlər çərçivəsində hər dövlətlə bərabərhüquqlu əməkdaşlığa, qlobal həmrəyliyə önəm verir. Bu istiqamətdə BMT-dən sonra dünyada 2-ci ən böyük siyasi təsisat olan Qoşulmama Hərakatında Azərbaycanın oynadığı aktiv rol bütün dünyaya örnəkdir.
Qonşu ölkələrlə yaradılan yüksək səviyyəli münasibətlər ölkə rəhbərinin uzaqgörən siyasətinin bariz nümunəsidir. Təsadüfi deyil ki, Böyük Vətən müharibəsi zamanı bir çox ölkə haqlı mübarizəmizdə dövlətimizin yanında olmuşdur. Bununla yanaşı uğurla həyata keçirilən xarici siyasət nəticəsində uzun illər Ermənistan bir dalan dövlətinə çevrilmiş, inkişafdan geri qoyulmuş və nəticədə hər tərəfdən ağır məğlubiyyətə uğradılmışdır.
Xüsusilə son illərdə Türkiyə ilə olan münasibətlər siyasi qardaşlığın dünyaya nümunəsidir. Qardaşlıq münasibətilə yanaşı, bir çox sahədə uğurla həyata keçirilən müttəfiqlik, iqtisadi münasibətlər və böyük layihələr Azərbaycan-Türkiyə münasibətlərini tarixin ən yüksək nöqtəsinə çatdırmışdır. Bu münasibətlər fonunda 2021-ci ilinn noyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalaması 2 dövlət arasında olan münasibətləri müttəfiqlik səviyyəsinə qaldırmışdır.
Azərbaycan eyni zamanda bir çox digər ölkə və təşkilatlarla da uğurlu əməkdaşlıq həyata keçirir. Adı yenidən formalaşdırılan Türk Dövlətləri Təşkilatında Azərbaycan böyük önəmə sahibdir. Eyni zamanda Avropa İttifaqı ilə də münasibətlər artan templə davam edir. Qeyd etmək lazımdır ki, Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Ölkəmiz Avropa üçün də çox önəmli rola malikdir. Avropanın enerji təhlükəsizliyində böyük rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi kimi enerji layihəsinin təşəbbüskarıdır.
Bir digər uğurlu əməkdaşlıq edilən təşkilat da NATO-dur. Təkcə bu ilin fevral ayının 15-də telefon görüşü zamanı NATO-nun baş katibi Yens Stoltenberqin Prezident İlham Əliyevə Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkür etməsi ölkəmizin beynəlxalq aləmdəki yüksək imicindən xəbər verir.
Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi heç bir bloka qoşulmur və qonşuları ilə münasibətlərdə inkişafa daim önəm verir. Regionda daim sülhün tərəfində olur. Dövlətimizin yaxın coğrafiyamızda baş verən məsələlərə də yanaşması qətidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 yanvar 2022-ci ildə Ukraynaya səfəri zamanı ölkəmizin Ukraynanın ərazi bütovlüyünün dəstəkləməsi bir daha vurğulanmışdır.
Qonşu dövlətlərlə inkişaf edən münasibətlər Rusiya ilə də eyni sürətlə davam edir.2 ölkə və ölkələrin prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləri formalaşıb. Ölkələr arasında tarixi dərin mədəni, humanitar və iqtisadi əlaqələr mövcuddur. Bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi tamam olunur. Siyasi baxımdan uğurlu əməkdaşlıq ortaya qoyulmuşdur. Eyni zamanda ötən 30 ildə iqtisadi əməkdaşlıq çərçivəsində də bir çox uğurlara imza atılmışdır. Əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları keçmişdir. Milyonlarla soydaşımız bugün Rusiyada fəaliyyət göstərir və işləyirlər.
2022-ci ilin 22 fevralında Azərbaycan və Rusiya Prezidentləri arasında imzalanan yeni Bəyannamə 2 ölkə arasında münasibətləri yeni müttəfiqlik səviyyəsinə yüksəldir. Bəyannamədə 43 bənd var və bunlar qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir. Bəyannamədə 2 ölkənin bir-birinin müstəqilliyinə və suverinliyinə hörmət, öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasətin yürüdülməsi, qlobal və regional miqyasda sülhün möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq, başqa ölkəyə yönaəlməyən hərbi-siyasi əməkdaşlığın inkişaf etdirilməsi, hərbi təyinatlı məhsulların birgə istehsalının təşkili üzrə səylərin fəallaşdırılması, bank sistemində birgə fəaliyyətin inkişaf etdirilməsi, regional iqtisadi əməkdaşlıq və digər məsələlər öz əksini tapmışdır. Bu bəyannamə ilə ölkələr arasındakı əməkdaşlıq daha da güclənəcəkdir.
Moskva bəyannaməsi uzun müddətdir hazırlanılması və razılaşdırılması davam edən bir prosesdir. Bəyannamə birbaşa Azərbaycanın maraqlarına cavab verın sənəddir. Bu sənəd hər iki tərəfin, xüsusilə Rusiyanın üzərinə böyük öhdəlik qoyur. Bu öhdəlik Azrbaycanın ərazi bütövlüyü, separatizmə qarşı birlikdə mübarizə və digər məsələləri əhatə edir.
Azərbaycanla Rusiya arasında imzalanmış yeni müqavilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasətdə qazanılmış yeni bir uğurudur. Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi və Rusiya ilə imzalanan Moskva bəyannaməsi Azərbaycanın regiondakı önəmindən və əsas fiqurlardan biri olduğundan xəbər verir. Bu müqavilələr Azərbaycanın dünyada yaratdığı yeni reallıqların hır kəs tərəfindən qəbul edilməsi üçün mühüm önəm daşıyır. Xüsusilə dünyada cərayan edən hadisələrə baxmayaraq Azərbaycanda hökm sürən sabitlik və təhlükəsizlik ölkəmizin ən böyük uğurlarındandır. Bütün bunlar Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. İmzalanan müqavilələrlə Azərbaycanın regional təhlükəsizliyi bir daha tam təmin olunur və bu müqavilələr dövlətimizin müstəqil xarici siyasət yürütdüyünü, bütün dövlətlərlə bərabər məsafədə olduğunu bir daha sübut edir.
Emil Aslanlı
Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın Sədr müavini


























