image-reklam-veteninfo
image-photo-2022-04-03-15-41-37backend

Tariximizə şanlı Qələbəni yazan Lider

image-reklam-veteninfo

2018-ci ilin ən əlamətdar və mühüm siyasi hadisəsi aprel ayının 11-də keçirilən prezident seçkiləri oldu. Xalqımız bu seçkidə də ən layiqli namizədi dəstəklədi, İlham Əliyevin ətrafında birləşməklə inkişafın davamlı olmasına, daha qüdrətli Azərbaycana səs verdilər. Bir daha təsdiq olundu ki, müdrik və qədirbilən xalq öz taleyini məhz illərin sınağından çıxan, ölkənin inkişafını təmin edən siyasətə etibar edir.
İlham Əliyevin hər bir prezidentlik dövrü xalqımıza verdiyi uğurlu hesabatdır. Bu hesabatın hər səhifəsi xalqımızın görmək istədiyi nailiyyətlərlə əlamətdardır. 2003-2018-ci illərdə milli iqtisadiyyatımızın 3, qeyri-neft iqtisadiyyatımızın 2,8 dəfə artması, ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət sayəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması, yoxsulluq həddinin və işsizlik səviyyəsinin təxminən 5 faizə endirilməsi qısa dövrdə onilliklərə bərabər keçilən inkişafın təcəssümü idi.
2018-ci il aprelin 18-də Prezident İlham Əliyevin Milli Məclisdə çıxışından bir daha bəlli oldu ki, qarşıdakı 7 ilin prioritetləri, gediləcək yol məlumdur və bu yolda məqsəd Azərbaycanı daha da gücləndirmək, daha da inkişaf etdirmək və daha qüdrətli dövlətə çevirməkdir.

Azərbaycan tarixinin ötən illərinin reallığı göstərir ki, İlham Əliyev xalqın etimadını layiqincə doğruldan liderdir. Ötən ilə qədər Azərbaycanın yeganə ağır problemi torpaqlarımızın işğal altında olması idi. Ona görə İlham Əliyevin prezident kimi fəaliyyətinin əsas prioritetlərindən birini Ermənistanın işğal siyasətinə son qoyulması təşkil edirdi. Bu illərdə İlham Əliyev Ali Baş Komandan kimi ordumuzun döyüş imkanlarını ən müasir səviyyəyə çatdırdı. Beynəlxalq təşkilatların hesabatlarında da qeyd olunur ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusundan biridir.

Cəmiyyətdəki çoxluğun mənafeyinə cavab verən praqmatik və realist siyasət yürüdən Prezident İlham Əliyevin son seçkilərdəki möhtəşəm qələbəsini şərtləndirən əsas amillərdən biri də dövlət başçısının məhz Heydər Əliyev siyasi kursuna istinad etməsi, Ulu Öndərin ideyalarını bütün sahələrdə gerçəkləşdirməsi, zənginləşdirməsi idi. Həm də İlham Əliyev əvvəlki prezidentlik müddətlərində Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasını yeni dövrün tələbləri, modern yanaşma ilə uğurla davam etdirməklə Ümummilli Liderin siyasi kursunun alternativsizliyini birmənalı təsdiqləmişdi. 2018-ci ilin aprel seçkisi bir daha Heydər Əliyev siyasi kursunun Azərbaycanın yeganə nicat yeri olduğunu, milli inkişafda mühüm rol oynadığını növbəti dəfə təsdiqlədi. Hər bir vətəndaşın mənafeyi uca tutulmaqla həyata keçirilən bu siyasi kursun böyük ictimai etimada, dəstəyə malik olduğu növbəti dəfə sübuta yetdi.

Bu gün dönüb geriyə baxanda İlham Əliyevin ötən 4 ildə nə qədər möhtəşəm işlər gördüyünün, andiçmə mərasimində toxunduğu məsələlərin qısa dövrdə reallığa çevrilməsinin şahidi oluruq. Bu 4 ilin hər bir dövrü möhtəşəm və gələcəyimizə işıq salan, dövlətimizi yüksəldən, xalqımıza sonsuz sevinc bəxş edən hadisələrlə, uğurlarla, qələbələrlə zəngindir. 2018-ci ilin seçkilərindən sonrakı aylar Prezident İlham Əliyevin müəllifi olduğu möhtəşəm infrastruktur layihələrin icrasının başa çatması ilə əlamətdar oldu. Həmin ilin may ayının sonlarında “Cənub qaz dəhlizi”nin istifadəyə verilməsi, əsas seqmentlərindən olan TANAP kəmərinin açılışı göstərdi ki, Ulu Öndərin əsasını qoyduğu enerji siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həm də bütün dünya bir daha gördü ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müəyyən etdiyi vəzifələri vaxtında yerinə yetirən, aydın və düşünülmüş strategiyası, dəqiq siyasəti olan dövlətdir. Bunlarla yanaşı, “Star” neft emalı zavodunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi, üçüncü peykimizin orbitə çıxarılması isə təsdiq etdi ki, Azərbaycan təkbaşına qlobal layihələri həyata keçirməyə qadirdir.

2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını ifadə edən Prezident İlham Əliyev onu da bildirmişdi ki, gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq. 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə o günü yetişdirdi və indi işğaldan azad edilmiş bütün torpaqlarımızda, Qarabağın qəlbi Şuşada üçrəngli müqəddəs bayrağımız qürurla dalğalanır. İlham Əliyevin Novruz bayramı münasibətilə xalqımıza Şuşadan etdiyi müraciətində deyildiyi kimi, heç kim bundan sonra bizi buradan çıxara bilməz.

İlham Əliyev son 200 ildə ilk dəfə olaraq işğal olunmuş torpaqlarımızı azad edən böyük sərkərdədir. İlham Əliyev tariximizə şanlı Qələbəni yazan liderdir. Ona görə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə xalqımızın İlham Əliyevə olan inam və etimadını qat-qat artırdı. Eyni zamanda bu zəfər Azərbaycanın bundan sonrakı inkişafı üçün yeni perspektivlər açıb. Bu yolda xalqımız cənab İlham Əliyevin ətrafında bundan sonra da sıx səfərbər olacaq və tariximizə bundan sonra da möhtəşəm uğurlar həkk olunacaq.

Artıq “Dağlıq Qarabağ problemi” ifadəsi yoxdur. Çünki İlham Əliyev bu problemə son qoydu və Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan dövlətinin qanunları ilə yaşamaqdan başqa yolları yoxdur. Bu Qələbə həm də regionda yeni reallıqlara yol açıb. Bu mənada xüsusi qeyd edilməlidir ki, Prezident İlham Əliyev Ermənistanın işğal siyasətinə son qoymaqla həm də bütün türk dövlətlərinin daha da yaxınlaşmasına xidmət edən tarixi bir missiyanı yerinə yetirdi. Belə ki, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı müddəa yer aldı. Vaxtilə Zəngəzurun Ermənistana verilməsi ilə türk dünyası arasında coğrafi parçalanma baş vermişdi.

Azərbaycanın Qələbəsi isə artıq Zəngəzur vasitəsilə bütün türk dünyasını birləşdirəcək. Zəngəzurdan keçəcək yeni nəqliyyat dəhlizləri həm də son onilliklərdə bərpa olunan tarixi İpək yolunun mühüm komponentini təşkil edəcək. Çin dövləti də Avropaya doğru Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin əhəmiyyətini və Prezident İlham Əliyevin bu məsələdəki təşəbbüslərini yüksək qiymətləndirir.

Ötən illərin təcrübəsi və reallığı göstərir ki, Azərbaycana təsir və təzyiq etmək qeyri-mümkündür. Prezident İlham Əliyev tam müstəqil, qətiyyətli siyasət yürüdür və torpaqlarımızın işğaldan azad olunması bunun bariz təsdiqidir. Yaxın vaxtlarda isə azad olunmuş Qarabağ zonası dirçələcək. Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da böyük nailiyyətlər qaznmaqla dostları sevindirəcək, bədxahlara isə əzab verəcək.

Vaqif Şadlinski
Nəsimi rayon Ağsaqqallar
Şurasının sədri




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki