image-reklam-veteninfo
image-photo-2022-04-03-15-38-29-1backend

Tarixin yetişdirdiyi böyük şəxsiyyət- İlham Əliyev

image-reklam-veteninfo

Xalqları dünyada məhşurlaşdıran, digər xalqlar arasında liderlik ruhu verən təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, bununla yanaşı dünya siyasətində təmsil edə biləcək tarixi şəxsiyyətləridir. Tarix şəxsiyyətlər yetişdirir. Bu, aksiomdur. Azərbaycanın bir dövlət kimi dünya ölkələri arasında özünə seçilən və güclü mövqe qazanması tarixin yetişdirdiyi şəxsiyyətlər sayəsindədir. Tarixin nadir hallarda yetişdirib ərsəyə gətirdiyi tarixi şəxsiyyətlər arasında Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev mühüm yer tutur. Onun hakimiyyətə gəlişi ilə yaratdığı güclü dövlət böyük bir arenada öz yerini tapmış, dərin kök salmışdır. Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra onun siyasətini layiqincə davam etdirəcək güclü iradə sahibi, ön görən siyasətçi, xalqının rifahını hər şeydən üstün tutan inamlı şəxsiyyət, yüksək idarəetmə bacarığına malik bir lider də yetişdirmişdir. “Mən ona özüm qədər inanıram” deyən Heydər Əliyev özünün layiqli davamçısı olaraq təqdim etdiyi İlham Əliyev prezident seçildikdən sonra Azərbaycan dövlətinin inkişafı, xalqın rifahı, Azərbaycanın dövlət kimi böyük arenada daha da tanınması və özünə, adına laiyiq yer alması üçün böyük səylə çalışmışdır.

Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev atasının yolunu layiqincə davam etdirən, atasının ömrünün yetmədiyi üçün edə bilmədiyi işləri böyük naliyyətlərlə yerinə yetirən peşəkar siyasətçidir. O, 1982-ci ildə Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada elmi-pedoqoji fəaliyyətə başlamış aspirant, müəllim olmuşdur. 1991-ci ildən Moskvada “Oriyent” şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti və birinci vitse-prezidenti, Azərbaycan Respublikasının baş naziri vəzifəsində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azəbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.
O, 2003-cü ildə prezident seçilmişdir.

O, Prezident seçilən zaman mətbuata ilk müsahibəsində bildirmişdir: “Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam”. İlham Əliyev xalqın inamını hər anlamda doğruldacağı vədini vermişdi.
İlham Əliyev bürokratik maneələri aradan qaldırmış sosial həyatımıza şəffaflıq gətirmişdir. Əgər bir ölkənin gələcəyini müəyyən etmədə şəffaflıq olmasa, heç bir islahat apara bilmərik, istər iqtisadi, istərsə də siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməzdi. İlham Əliyev məhz dövlət strukturlarının təkmilləşdirilməsi üçün aparılan hər bir islahat çərçivəsində tam şəffaflıq olması üçün innovativ addım atmış- Preziden yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini yaratmışdır.

Prezidentin təşəbbüsü ilə “ASAN xidmət” mərkəzləri yaradıldı, bununla da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olundu. Bu mərkəzlərə 2013-2018- ci illət ərzində 24 milyona yaxın müraciət daxil olub, xidmətlərin əhali arasında bəyənilmə əmsalı 100 faizə yaxınlaşıb. Təsadüfi deyil ki, Azərbaycan brendi olan “ASAN xidmət” dünyada böyük maraq doğurub və bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir.

İlham Əliyev 2003- cü ildə hakimiyyətə gəldikdən sonra müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, müxtəlif layihələrin hazırlanıb, tapşırıqların yerinə yetirilməsində fəal iştirak edmişdir. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır. İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdır.

2003-2018- ci illərdə iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmişdir. 15 il ərzində sözügedən sahəyə xüsusi diqqət göstərilirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur.

Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır.

İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə geniş və çox şaxəli fəaliyyət göstərmişdir. O, daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, sosial müdafiəyə ehtiyacı olan təpəqələrə müntəzəm qayğı göstərmişdir. Həmin dövrdə o, əhalinin müxtəlif təbəqələrinə, düşmənin mənfur siyasəti nəticəsində elindən-obasından didərgin düşmüş qaçqın və məcburi köçünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, Qarabağ rayonunda və ölkənin digər bölgələrində apardığı geniş çaplı quruculuq işləri, doğma elə, yurda, xalqa göstərilən bu qayğının parlaq təzahürləridir.

İlham Əliyev prezident seçiləcəyi zaman Azərbaycanı daha da gücləndirəcəyinə, hərtərəfli inkişaf etdirəcəyinə, xalqın ona olan yüksək səviyyədə etimadını doğruldacağı sözünü vermişdi. Bu mənada o, verdiyi sözləri layiqincə yerinə yetirmişdir. Onun məhz bu cür doğru siyasətçi ruhuna malik, bilikli, xalqın içərisindən çıxmış şəxsiyyətinə xalq böyük etimad göstərmiş keçirilən seçkilərdə hər zaman onu dövlətin lideri seçmişdir.İlham Əliyevin xalqın etimadını doğrultmasının bariz nümunəsini biz Azərbaycan xalqının qanayan yarası olan torpaq, yurd-yuva həsrətinə son qoyulmasında da görə bilərik. Ötən dövrdə qazanılan uğurlar, Azəraycanın dünya birliyində lider dövlət kimi tanınması verilən vədlərin reallığa çevrilməsinin bariz nümunəsi sayılır.

İlham Əliyevin yürütdüyü uğurlu siyasət sayəsində 30 il ərzində düşmən tapdağı altında qalan torpaqlarımız güclü ordumuz tərəfindən 44 gün ərzində düşmən tapdağından azad edildi. Qarabağ deyiləndə Azərbaycan xalqının doğma eli, yurd-yuvası, 30 il durmadan qanayan yarası, vətən həsrəti, torpaq həsrəti yada düşür. Qarabağ doğma Azərbaycanınımızın elə bir yurdu idi ki, onun adı çəkiləndə daim qəlblərdə bir yanqı hissi olurdu. Qarabağ Azərbaycanın qolu- qanadıdır, 30 il əvvəl Ermənistanın yürütdüyü mənfur siyasəti nəticəsində doğma elimiz işğal olmuş, dağntılara məruz qalmış, Azərbaycan xalqının sanki quş olub uçan qanadı idi ki, bunu sındırmışdılar. Qarabağın azad edilməsi ilə 30 illik həsrətə 44 gündə son qoyuldu.

Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir. Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir.

Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi.
İlham Əliyevin hər çıxışında göstərdiyi və birliyi nümayiş etdirən dəmir yumruq xalqımızın və başçımızın bir yerdə olduğunun simvolik göstərisi idi. Azərbaycan xalqının intizarla, həsrətlə gözlədiyi torpaqlara qovuşmasına yardım edən İlham Əliyevə xalq hər zaman böyük etimad göstərmiş və bundan sonra da göstərməyə davam edəcəkdir. Qarabağın azad edilməsi Azərbaycan başçısının və xalqının güclü iradəsini, əzmini, inamını, güclü dövlət, güclü ordu sahibi olduğunu bütün dünyaya tanıtdı. Hər bir dövlət Azərbaycanın həm iqtisadi, həm də siyasi cəhətdən necə güclü dövlət olduğunun şahidi oldu.

Salmanov Rüfət İsfəndiyar oğlu
Vətən müharibəsi qazisi




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki