image-02backend

Tarixinə sahib çıxan xalq məğlubedilməzdir

image-reklam_sirab_01

 

18 oktyabr müstəqilliyimizin yenidən bərpasının 30 illiyi ərəfəsindəyik. 30 ildə ilk dəfə olaraq bu tarixi böyük qürur hissi, sevinclə qeyd edəcəyik. Artıq 30 ilə yaxın həllini gözləyən Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, torpaq həsrətinə son qoyulub, tariximizdə yeni səhifə açılır.
1991-ci ilin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Dövlət müstəqilliyinin bərpası ilə bağlı Azərbaycan Ali Sovetinin növbədən kənar sessiyasında müzakirələr 4 gün davam etdi. Nəhayət,1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi.
Ölkəmizin müstəqilliyini ilk olaraq noyabrın 9-da Türkiyə Respublikası, sonra Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya və başqa dövlətlər tanıdı. 1992-ci il martın 2-də Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi.
Keçən 30 il bir çox hadisələrlə yadda qaldı. Ölkəmiz bir sıra uğurlar qazandı, təəssüf ki, torpaqlarımızın 20 faizinin işğalı da bu illərdə baş verdi.
Bu gün tarixi Zəfərin yaratdığı yeni reallıqları yaşayırıq. Reallıqlardan irəli gələn zərurətlərdən biri də ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən baxılmasıdır.
Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. 103 illik tarixi vərəqlənən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev belə dəyərləndirmişdir: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.” Bu qiymətləndirmənin davamı olaraq cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi səciyyələndirdi.
Bu gün Milli Məclisdə müzakirələri aparılan 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcək.
Müstəqillik tariximizin ayrı-ayrı mərhələlərinin öyrənilməsi, düzgün dəyərləndirilməsi daim ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qarşıya mühüm vəzifə kimi qoyulub.
30 illik yolun ümumiləşdirilmiş ifadəsi bugünkü qalib Azərbaycandır. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan son 18 ildə Prezident İlham Əliyevin təkmil islahatları ilə daha da yeniləşmiş, müasirləşmiş, dünya birliyinin layiqli üzvü kimi yeri və rolunu artırır. Ən əsası bu gün qalib ölkə kimi diktə edən tərəf olaraq regionda yeni reallıqlar yaratmaqla beynəlxalq münasibətlər sistemində yeri və roluna yeni əlavələr edir.

İsrafil Kərimov – AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laureatı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki