image-1676050365_ulvbackend

Təbii fəlakət və faciələrdən siyasi mübarizədə vasitə kimi istifadə olunmamalıdır

image-reklam_sirab_01

Qardaş Türkiyədə ard-arda baş vermiş dəhşətli zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı, on minlərlə yaralı və vəhşət doğuran dağıntılarla bağlı xəbərlər hər birimizi sarsıdıb. Bir daha Uca Allahdan həlak olanlara rəhmət, yaxınlarına səbr, yaralılara şəfa diləyirik. Dualarımız Türkiyənin yanındadır. İnşallah, birgə səylərimizlə bu ağır sınağı da adlada biləcəyik. Azərbaycanda hər kəs buna inanır, diləklərimizdə istədiyimiz də budur.

Amma çox təəssüf ki, sosial mediada səslənən bəzi açıqlama və şərhlər bizləri üzür, mənən incidir. İstəməyənlərimiz, öz adı ilə çağırsaq, düşmənlərimiz isə bundan zövq alır. Onlara sevinmələri üçün fürsəti də özümüzünkülər verir. Tarixən türklər heç vaxt heç kimə düşmən gözü ilə baxmayıb. Bu, o halda baş verib ki, kimlərsə mifik və uydurma səbəblərdən türkü düşmən elan edib. Yalnız bu halda çağırışı qəbul etməli və ona layiqli cavab verməli olmuşuq. Fərqimiz onda olub və indi də ondadır ki, düşmənçiliyi mərdanə aparmışıq, qocaya, qadına, uşağa, təslim olana, müqavimət gücü olmayana heç vaxt əl qaldırmamışıq. Hətta qələbənin bir addımlığında dayandığımız vaxt, gördükdə ki, düşmən vahimə və yas içindədir, dayanmışıq, ləyaqətli qələbəmizin vaxtını gözləmişik. Üslubumuz bu gün də dəyişməyib.

Düşmənə aman verdiyimiz halda, indi bəziləri özümüzdən düşmən obrazını yaratmaqla məşğuldur. Zəlzələ, dəhşətli təbii fəlakət hadisəsi, xilasetmə tədbirləri qalıb bir tərəfdə, başlayıblar ki, günahkar hakimiyyətdir. Halbuki, bizim öz dəyərlərimiz var. Türk hətta düşmənin də qırxının çıxmasını gözləməyi bacarır. Bu, əsrlərdən gələn adətimizdir. Milli ruhumuzu incidən odur ki, bəziləri dəhşətli faciə üzərindən siyasi dividend qazanmağa, virtual məkanda “qəhrəmanlığa” cəhd edir. Bu, ənənələrimizlə heç cür uzlaşmır və heç kimə də hörmət gətirmir. Təkcə genetik kodlarla deyil, həm də ruhən doğma Türkiyəyə bağlı olan hər kəs indi yalnız bir amala xidmət etməlidir: mümkün qədər daha çox insanın həyatını dağıntılar altından xilas etmək, həlak olanların yaxınlarına və yaralılara məlhəm, bir-birimizə isə dəstək olmaq.

Hətta sovet imperiyası dönəmində təqib və təzyiqlərə baxmayaraq, Azərbaycan Türkiyəyə bağlı olub. Bu təbii bağlılığı heç kim sındıra və unutdura bilməyib. Müstəqilliyimiz dövründə də belə olub. Lakin böyük Atatürkdən sonra, qardaş Türkiyə heç vaxt Rəcəb Tayyib Ərdoğanın liderliyi dövründə olduğu qədər Azərbaycanın yanında yer almayıb. Cəmiyyətimiz üçün ağrılı gələn budur ki, öz içimizdən olub Azərbaycanda ana müxalifət adına iddia edən bəziləri xaricdəki media platformalarında çıxış edərkən bu həqiqəti unudurlar. Nəinki unudurlar, onlar baş vermiş təbii fəlakətə görə Ərdoğan iqtidarını hədəfə alırlar. Bu da səbəbsiz deyil. Onu hədəfə almaqla xaricdəki məlum dairələrin gözünə xoş görünməyə və Ərdoğan hakimiyyətinə qarşı düşünülmüş məkrli planlarda yer almağa çalışırlar. Matəm içində olan, millətin dərdini bölüşən insanlar bunu görməyə və ya hələ ki, susa bilərlər. Amma ürəkbulandıran budur ki, Türkiyə iqtidarına qarşı “səlib yürüşünə” qoşulanlar hərəkətlərini millət yanğısı pərdəsi altında edirlər. Bir o qalıb, desinlər ki, zəlzələni törədən də Ərdoğanın özüdür. Bu siyasi ritorika cəmiyyətimiz üçün yenilik deyil. Çünki məhz həmin şəxslər bir vaxtlar xalqımızı inandırmağa çalışırdılar ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Qarabağın bir qarışı da işğaldan azad olunmayacaq. Uzun illər ərzində cəmiyyətə təlqin edirdilər ki, hakimiyyəti itirmək təhlükəsinə görə İlham Əliyev müharibəyə getməyəcək. Zaman yetişdi və belələri 2020-ci ildə növbəti dəfə siyasi iflasa uğradı. İndi də bilsinlər ki, Türkiyə Prezidentinə uzatdıqları və yalnız düşmənlərimizin işinə yarayan dilləri, pafoslu çıxışları cəmiyyətimizdə yalnız ikrah hissi doğurur. Bu kiçik zümrədən fərqli olaraq, xalqımız Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə iqtidarının və qardaş Türkiyə xalqının 44 günlük Vətən müharibəsində Azərbaycana verdiyi dəstəyi unutmayıb və heç vaxt unutmayacaq. Bəzilərinin unutqanlığı isə yalnız özlərinə hörmətsizlik gətirəcək.

O ki, qaldı Türkiyənin öz içində olan müxalifətin yanaşmasına və məlum açıqlamalarına, heç şübhəsiz ki, bu, ilk növbədə, qardaş dövlətin daxili məsələsidir. Amma iki ayrı dövlət olsaq da, əndazəni aşan bəzi açıqlamalara biganə qalmaq çox çətindir. Çünki dəhşətli təbii fəlakət, milli faciə üzərindən orada iqtidara qarşı səsləndirilən haqsız tənqidlərin arxasından millət yanğısından daha çox hakimiyyət həvəsi boylanır. Bunu görməmək mümkün deyil. Türkiyə iqtidarlı-müxalifətli bizim üçün çox doğmadır. Lakin indi siyasi çəkişmələr və ittihamlar zamanı deyil. Bu, təkcə Türkiyə və Azərbaycan üçün yox, bütün Türk dünyası üçün çox vacibdir. Çünki bizlər qardaş Türkiyəni həmişə, xüsusilə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə olduğu kimi güclü və müstəqil görmək istəyirik!

Ülvi Quliyev

Milli Məclisin deputatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki