image-gullu-yologlubackend

TƏBRİK MƏKTUBLARINDA SİYASİ MÖVQE SƏRGİLƏNİR…

image-reklam_sirab_01

Prezident İlham Əliyevə 28 May – Respublika Günü ilə bağlı ünvanlanan çoxsaylı təbrik məktubları ölkəmizin və Prezidentimizin beynəlxalq miqyasda nüfuzunun sürətlə artdığından xəbər verir.

Tək 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmiz deyil, eyni zamanda iradəli, güclü və siyasi cəhətdən hərtərəfli silahlanmış prezidentin, liderin addım-addım bu qələbəyə yaxınlaşdıran siyasəti, iqtisadi layihələrin həyata keçirilməsi, müxtəlif beynəlxalq təşkilatlarla çoxtərəfli əlaqələrin yaradılması, ölkənin aparıcı qüvvələrini səfərbər edərək informasiya müharibəsində uğurlar qazanması, ölkənin hərbi strategiyası, ən müasir silahlarla təchiz olunması və onlarla bildiyimiz və bilmədiyimiz siyasi gedişlər dünyanı qarşıdakı addımlara hazırlamışdı. Dünyanın aparıcı liderləri artıq İlham Əliyev şəxsində bölgədə ciddi siyasi liderin çoxdan yetişdiyini dərk edirdilər. Lakin yenə də tərəddüd edənlər, ermənilərin havadarlarının güclü olduğunu düşünənlər və bu səbəbdən də fikirlərini açıq bildirməyənlər olsa da, haqq-ədalət tərəfdarı, cəsarət və obyektivlik nümayiş etdirənlər də vardı. Bölgədə hegemon və iddialı qüvvələrin olması çoxlarını çəkindirsə də, dost və qardaş ölkələr Azərbaycanın yanında olmağı bacardılar.
Xüsusilə Türkiyənin sərt və qardaş mövqeyi bəzi gücləri müharibəyə açıq müdaxilədən çəkindirdi. Bölgənin digər nəhəng qüvvəsi isə digərinin mövqeyindən həmişəki kimi asılılıq nümayiş etdirdi. Bu müharibədə qardaş Türkiyənin birmənalı şəkildə mövqeyini ortaya qoyması, Pakistanın və bəzi dost ölkələrin birlik, bərabərlik sərgiləmələri Cənubi Qafqazda öz mövqeyini mökəmlətmək və ya itirmək istəməyən qüvvələrə xəbərdarlıq idi. Onların 44 gün ərzində sərgilədikləri açıq-açığına qarışmama siyasəti bir daha göstərdi ki, heç kimə müharibə lazım deyil. Və ya heç kim hər sahədə uğursuz və oyuncaq ölkəyə görə Azərbaycanı itirmək istəmir, Türkiyə ilə də Cənubi Qafqaz kimi həssas bölgədə qarşı-qarşıya gəlmək istəmir. ABŞ kimi güclü dövlər isə başı prezident seçkilərinə qarışsa da, uzaqdan bu müharibəni müşahidə edir və Azərbaycanı iqtisadi tərəfdaş kimi dəstəkləyirdi.
Azərbaycanın artan beynəlxalq nüfuzu, bir ucu Avropaya, bir ucu ABŞ-a, digər ucu Cinə dayanan ticarət əlaqələri, Türk Şurasındakı mövqeyi, qazandığı tərəfdaşlar, Vətən müharibəsindəki qələbəsinin nəticəsidir ki, bu gün 28 may Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə 60-dan çox ölkənin rəhbəri tərəfindən təbrik məktubları hələ bayrama on gün qalmışdan durmadam gəlir. Hər kəs regionda yaranan yeni reallıqları alqışlayır və bölgədəki yeni layihələrdə iştirak etməyə cəhd göstərir. İlk təbrik edənlərdən birinin ABŞ prezidenti Co Baydenin olması Azərbaycan-ABŞ münasibətlərinin perspektivinin daha da yüksələcəyindən xəbər verir. Bu, eyni zamanda, qısa müddətə 1915-ci il hadisələrinə münasibət bildirən Baydenin “soyqırım” sözünü işlətməsindən ruhlanan ermənilərin bütün ümidlərini alt-üst edir. Ermənistandakı revanşist qüvvələrin seçki öncəsi fəallaşdığı, Nikol Paşinyanın və digər “liderlər”in bəzi ölkələrə ümid bağladıqları bir vaxtda gələn məktubların sayı və məzmunu da onlara açıq məsajdır əgər anlasalar.
ABŞ Prezidenti Cozef Baydenin təbrik məktubu ölkələrimiz arasındakı etibarlı münasibətlərin inkişafından xəbər verir. Təbrik məktubunda ikitərəfli münasibətlərin çoxşaxəliliyinə xüsusi önəm verilir, Müstəqil Azərbaycanın keçdiyi 30 ilə yaxın müddətdə ABŞ və Azərbaycan xalqları arasında əlaqələrin güclənməsi, təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində əməkdaşlığın olduğu vurğulanıb. Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il 20 may tarixində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdəki çıxışında da Azərbaycan-ABŞ münasibətlərinin böyük potensialı və perspektivlərinin olduğunu xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, əməkdaşlığımızın vacib sahəsinə enerji təhlükəsizliyi, müasir texnologiyalar və ticarət daxildir. “ABŞ hər zaman iri enerji layihələrinin icrasında yardımçı olub, neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində hər zaman Azərbaycanı dəstəkləyib”. Buna misal olaraq qeyd etmək lazımdır ki, ABŞ 2020-ci ildə Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir…
Azərbaycan-ABŞ münasibətləri yalnız ticarət əlaqələri ilə yekunlaşmır. ABŞ-la Rusiya arasında əlaqələrin çox aşağı səviyyədə olduğu indiki dövrdə Rusiya və ABŞ-ın çox fəal və çox açıq şəkildə əməkdaşlıq etdiyi yeganə məsələ də Azərbaycanın bölgədə yaratdığı reallığın müzakirəsidir.
ABŞ-ın siyasi rəhbərliyi tərəfindən terrorla mübarizədə Azərbaycanın oynadığı rolu etiraf olunur. ABŞ Prezidenti Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarlığını bildirir və mövcud istiqamətdəki əməkdaşlığın önəmini vurğulayır.
Əvvəlki təbrik məktubları və ABŞ-ın dövlət katibi Entoni Blinkenin aprelin sonlarında etdiyi telefon zəngi ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində dünyanın ən böyük güc sahibi olan ölkəsinin müstəqil və qalib Azərbaycanla, onun qətiyyətli mövqe sərgiləyən prezidenti ilə əməkdaşlıqda maraqlı olduğunun göstəricisidir. Müharibədən yeni çıxmış Azərbaycanın bundan sonra qonşu dövlətlərlə sülh şəraitində yaşamasına ümidini ifadə edən ABŞ rəhbərliyi ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlardakı dəstəyinə sadiq qaldığını vurğulayır. Bölgə ölkələrinin siyasi iqtisadi maraqlarını nəzərə alsaq görərik ki, istər Türkiyənin timsalında NATO-nun, istərsə də ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına kömək etmək və icmalara yanaşı yaşamaq lazım olduğunu izah etmək istiqamətində önəmli rolu ola bilər.
Beləliklə, dünyanın böyük iqtisadi güc mərkəzlərindən olan ABŞ Azərbaycanla regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğu kimi bu əlaqələrin inkişaf etməsi üçün sabitliyin olmasında da maraqlıdır.

Güllü Yoloğlu
Dünya Türkologiya Mərkəzinin rəhbəri,
tarix elmləri doktoru

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki