image-50backend

Tofiq Zülfüqarov: “Azərbaycan istəyinə nail olur, artıq münaqişədən danışan yoxdur”

image-reklam_sirab_01

“Ən mühüm məsələlərdən biri Azərbaycanın Avropa İttifaqının “meydança”sından istifadə edərək öz mövqeyini bir daha bəyan etmək imkanı qazanmasıdır. İkincisi, hazırda müzakirə olunan məsələləri rəsmi Bakı son bir ildə dəfələrlə bəyan edib”.

Bunu “Report”a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələrini şərh edən keçmiş XİN başçısı vurğulayıb ki, rəsmi Bakı getdikcə öz istəyinə nail olur: “Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinə həmişə deyirdik ki, artıq müharibə bitib, postmünaqişə dövrü ilə bağlı fikirlər səsləndirilməlidir. Nəhayət, belə də olur. İndi Minsk qrupunun cəfəng mövzularını kimsə yada belə salmır. Bu ciddi nəticədir. Azərbaycan artıq öz istəyinə nail olur.

Eyni zamanda, azad olunmuş ərazilərin bərpası üçün ciddi yardım lazımdır. Böyük maliyyə mənbələri tapılmalı, o cümlədən Avropa İttifaqı bu istiqamətdə ciddi addım atmalıdır. Hələlik ittifaq bununla bağlı hansısa iş görmür. Lakin bundan sonra mövqelərinin dəyişəcəyini düşünmək üçün kifayət qədər əsas var. Bunu Avropa İttifaqı rəsmilərinin son vaxtlar səsləndirdiyi bəyanatlar da sübut edir. Düşünürəm ki, hər üç məqam bizim xeyrimizədir”.

T. Zülfüqarov həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin gələcək perspektivinə də toxunub: “Əlaqələr indi kifayət qədər yaxşıdır. Bundan sonra ikitərəfli münasibətlərin daha da genişlənməsi tamamilə mümkündür. İndi bizə lazım olan, azad edilmiş ərazilərlə bağlı tutarlı addımların atılması, insanlarımızın ata-baba torpaqlarına qayıdışının təmin olunmasıdır. Ümid edək ki, bundan sonra Avropa İttifaqı sözügedən istiqamətdə əlindən gələni edəcək”.

Qeyd edək ki, Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetləri sırasındadır. Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir. Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ildən etibarən Aİ ilə bağlı 9 dəfə Brüsselə səfər edib. İttifaq Azərbaycanın əsas ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Azərbaycanın ticarətinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərinin payına düşür.

2020-ci ildə ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub. Aİ üzv dövlətlərindən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Azərbaycanın qaz ehtiyatları ölkəmizin ən azı 100 il ərzində Avropaya qaz nəql etməsinə imkan verəcək. Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş Cənub Qaz Dəhlizi Avropaya enerji mənbələrinin şaxələndirilməsi üçün geniş imkanlar yaradır. Uzunluğu 3 500 kilometr olan Cənub Qaz Dəhlizi 7 ölkəni birləşdirir. 2021-ci ilin iyun ayında Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təqdim etməsi, Azərbaycanın 15 ermənini Ermənistana təhvil verməsi kimi humanitar aksiyanın həyata keçirilməsində Aİ Şurasının Prezidenti Şarl Mişelin də vasitəçilik rolu olub. Bundan başqa, Aİ Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirlərinə, regionda kommunikasiyaların açılması prosesinə də töhfə verə bilər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki