image-media-1658823221_cavansir-feyziyev-60o39f7jwpvq2y18srzi-620x326backend

Türk xalqı öz tarixində çox sınaqların öhdəsindən gəlib

image-reklam_sirab_01
Türkiyədə baş vermiş zəlzələ minlərlə insanın həyatına son qoyub, on minlərlə yaralananlar var. Təbii fəlakətin miqyası o qədər böyükdür ki, bütün dünyanın diqqətini özünə cəlb edib. Təbii ki, zəlzələ haqqında ilk məlumatın verildiyi andan Azərbaycan qardaş Türkiyəyə dayaq olmaq üçün hərəkətə keçdi. Təbii fəlakət haqqında xəbərlər balacadan böyüyə hamını həyəcanlandırdı və hamılıqla qardaş ölkəyə başsağlığı ifadə edildi. Eyni zamanda dərhal yardım kampaniyalarına başlanıldı. Bu ağır zamanda həm dövlət səviyyəsində, həm cəmiyyət səviyyəsində bütün Azərbaycan qardaş Türkiyənin yanındadır. Bu gün hamımızın ürəyi Türkiyə ilə döyünür.
Dövlətimiz tərəfindən Türkiyəyə humanitar yardımlarla yanaşı həm də peşəkar xilasedicilər göndərilib. Artıq Azərbaycan xilasediciləri tərəfindən 16 nəfərin dağıntılar altından sağ çıxarılması haqqında məlumatlar var. H. Əliyev Fondu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və çoxsaylı vətəndaş cəmiyyəti təsisatları da yardımların təşkili üzrə təcili tədbirlər görürlər.

Qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı cəmiyyətimizin nümayiş etdirdiyi həmrəylik Vətən müharibəsi zamanı gördüyümüz ümummilli həmrəyliyi xatırladır. Bu da əlbəttə təbiidir. İki dövləti olan bir millətin sevinci də, kədəri də birdir və belə ağır sınaq günlərində hər dəfə biz bunun şahidi oluruq.

Türk xalqı öz tarixində çox sınaqların öhdəsindən gəlib. Şübhə yoxdur ki, bu təbii fəlakətin də nəticələri tezliklə aradan qaldırılacaq və zəlzələnin vurduğu yaralar sarılacaq. Zəlzələ nəticəsində dağılmış binalar da, şəhərlər də yenidən tikiləcək. Lakin itirilmiş həyatlar hamımızı kədərləndirir. Bütün türk xalqına, o cümlədən zəlzələ zamanı həyatını itirmiş qardaşlarımızın ailələrinə və yaxınlarına səbirlər diləyir və yaralaılara tezliklə şəfa tapmağı arzulayıram.

Cavanşir Feyziyev

Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki