image-img-20221105-wa0004backend

Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi

image-reklam_sirab_01

Üç dövlət rəhbərinin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanat, əslində, Ermənistanın kapitulyasiya aktına imza atması idi. Bu Bəyanat 30 ilə yaxın davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Qısa müddət ərzində Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı və 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin canlı qüvvəsinə ciddi zərbə vuruldu, onların hərbi texnikası tam məhv edildi.
Bu Bəyanat Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Çünki Ermənistan bu müharibədə hər hansı bir uğur əldə etmədi.
Üçtərəfli bəyanatda öz əksini tapan ən əsas məsələlərdən biri Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolu və avtomobil yolunun təmin edilməsidir. Bu, olduqca vacib bir kommunikasiyadır və təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda, digər qonşu ölkələrin də iqtisadi maraqlarının realizə olunması baxımından əhəmiyyətlidir.
Razılaşmaya əsasən, daxili məcburi köçkünlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında işğaldan azad olunmuş ərazilərə geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaq, bununla da həmin ərazilərdə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcəkdir. Hazırda “Böyük Qayıdış” layihəsi uğurla həyata keçirilir. Birinci pilot layihəyə əsasən Zəngilanın Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi nəzərdə tutulub. Burada yaşayış üçün lazım olan bütün şərait yaradılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Ilin sonuna kimi daha bir qrup sakin öz döğma yurduna qayıdacaqdır.
Bütövlükdə isə imzalanan yeni üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan addım kimi qiymətləndirilməlidir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki