image-15-4backend

Ulu Öndər Heydər Əliyevin nailiyyətləri

image-reklam_sirab_01

 

Bu gün qazandığımız bütün bu nailiyyətlərin, uğurların əsası ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanın müstəqilliyinin əbədiyyətə çevrilməsi, dünya birliyində özünəməxsus layiqli yer tutması, sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

1969-cu il iyulun 14-də Heydər Əliyev respublikaya rəhbər seçilən gündən Azərbaycanın həyatında keyfiyyətcə yeni mərhələ başlandı. Ulu öndərin hakimiyyətə gəlişi ilə dövlət idarəçiliyində yeni iş metodu, yeni nəfəs, ab-hava yarandı. Respublikanı ağır vəziyyətdən xilas etməyin və tərəqqinin yolunu milli birlikdə görən qüdrətli şəxsiyyət buna nail olaraq geniş planlarını tədricən həyata keçirməyə başladı. İlk növbədə xalqı düşündürən, narahat edən problemləri böyük əzmlə, inadla aradan qaldırdı, respublikanın tərəqqisi naminə əldə edilməsi mümkün olmayan nailiyyətləri gerçəkləşdirdi.

Ulu öndər ilk növbədə elm, təhsil, mədəniyyət, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsindən başladı. Çünki hər bir müvəffəqiyyətə düşünülmüş siyasətlə, savadla, biliklə, elmlə nail olmaq mümkün idi. O, kadrların seçilib-yerləşdirilməsi, işgüzar, bacarıqlı, idarəetmədə təcrübəsi olan insanları irəli çəkməklə Azərbaycanın bütün sahələr üzrə inkişafının tərəqqisinin əsasını qoydu. Ulu öndərin rəhbərliyi ilə yeridilən iqtisadi və sosial siyasət və bunun sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsinə, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi kimi müvəffəq olmaq mümkün idi.

Azərbaycan cəmiyyətinin yenidən qurulması sahəsində geniş miqyaslı işlər həyata keçirməyə başlayan böyük tarixi şəxsiyyət tezliklə Azərbaycan Respublikasını keçmiş İttifaqın qabaqcıl respublikaları cərgəsinə çıxardı. Əsas sosial-iqtisadi göstəricilərinə görə Azərbaycan əksər respublikaları geridə qoydu. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, elmi-texniki potensialının hazırlanması böyük uzaqgörənliklə həyata keçirildi. Ulu öndərin xalqına, Vətəninə bağlılığı sovet dövründə də özünü büruzə verdi. Belə çətin bir vaxtda Azərbaycan milli təfəkkürünü qoruyub saxladı.

İlk gündən müdrik rəhbər xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi. Heydər Əliyev Azərbaycan gəncliyinə müraciət etdi, Vətənimizin təhlükədə olduğunu izah edərək millətin, dövlətin gənclərə də güvəndiyini bildirdi. Bu çağırışdan ruhlanan yüzlərlə, minlərlə gəncimiz silaha sarılıb müharibəyə yola düşdü. Artıq hər kəs bilirdi ki, dövlətin rəhbərliyi etibarlı əllərdədir və ordu  müdrik sərkərdənin komandanlığı ilə idarə olunur. Həmin illərdə hərbi məhkəmə sistemində çalışan təcrübəli hakimlərdən biri deyirdi ki, Heydər Əliyevin ordu quruculuğunda qısa zamanda həyata keçirdiyi islahatlar kütləvi cinayət hallarının, xüsusən də fərarilik kimi qatı cinayətin qarşısını aldı. Məhz dövlət başçısının təşəbbüsü ilə Milli Məclis bir neçə dəfə Amnistiya aktı qəbul etdi və minlərlə gənc həbsxanadan azadlığa qovuşdu. Sonradan onların bir çoxu öz günahlarını qanları ilə yudu, Vətənimizin düşməndən qorunması uğrunda döyüşlərdə iştirak etdi. Bax, budur, xalqa rəhbərlik nümunəsi, humanizm dəyərlərinə sədaqət, bağışlamaq və etibar etmək təcrübəsi.

Ulu Öndərin müstəqillik dövründə  həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğunda görülən işləri də qeyd etmək vacibdir.  1994-cü ilin qışında Azərbaycan Ordusunun cəbhədəki ilk uğurlu əməliyyatının müəllifi məhz Ulu Öndərdir. Cəbhə xəttindəki hərbi hissələrə, təlim meydanlarına gedən komandan əsgər və zabitlərlə görüşüb onları müqəddəs bir amal naminə – gənc müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə ruhlandırırdı. Həmin döyüşlərdə öndə gedən komandirlərin əksəriyyəti isə Heydər Əliyev Məktəbinin – C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri idi. Bu təhsil ocağının ildönümü mərasimlərindən birində salonda əyləşən zabitlərə, kursantlara xitabən dahi rəhbər təsadüfi  demirdi: “Sizlərə baxanda sonsuz fərəh hissi duyuram ki, mən Azərbaycanda belə bir məktəb yaratdım və bu məktəbin yetirmələri mənə doğma övladlarım qədər əzizdir”.

2016-cı ilin aprel döyüşlərində qazanılan tarixi qələbəmiz ordu quruculuğunda Heydər Əliyev strategiyasının uğurlu davamı kimi qiymətləndirilir. Məsələn, elə götürək Cocuq Mərcanlını. 24 ildən sonra insanların bu yurda qayıdışı məhz Ümummilli Liderimizin siyasi kursunun təntənəsidir, çünki bu kənd hələ 1994-cü ildə Heydər Əliyevin komandanlığı ilə həyata keçirilmiş ilk uğurlu hərbi əməliyyatda işğaldan azad edilmişdi. Amma qarşıda bir neçə yüksəkliyə erməni hərbi birləşmələrinin nəzarət etməsinə görə bu kənddə yaşamaq təhlükəli idi. Nəhayət, ötən il aprelin əvvəllərində bir neçə günlük döyüş nəticəsində həmin mövqelər də ordumuzun əlinə keçdi. İndi burada yaşayan hər kəs Prezident İlham Əliyevin timsalında Ulu Öndərin layiqli davamçısını görür və onun siyasətini qətiyyətlə dəstəkləyir.

Təsadüfi deyil ki, ömrünün son günlərində, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutub demişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək”. Həmin il ölkəmizdə keçirilən Prezident seçkilərində xalqımız birmənalı olaraq Ümummilli Liderimizin həyat və siyasət məktəbinin yetirməsinə səs verdi və İlham Əliyev yekdil səs çoxluğu ilə dövlət başçısı seçildi. Həmin vaxtdan ötən 14 il böyük zaman məsafəsi deyil, amma bu dövrdə xalqın, millətin gələcəyi üçün böyük miqyasda işlər görülüb, Azərbaycanda müstəqilliyin dayaqları  möhkəmləndirilib və uzunmüddətli siyasi sabitlik, davamlı iqtisadi inkişaf təmin edilib. Dövlətin iqtisadi uğurları ordu qurucluğunun da inkişaf etdirilməsinə zəmin yaradıb. Azərbaycan Prezidentinin siyasi kursunun ən başlıca istiqamətlərindən biri məhz ordunun hərbi qüdrətinin artırılmasıdır. Məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bizim ordu regionun ən qüdrətli ordusudur və qarşısında dayanan tarixi vəzifəni – torpaqlarımızın ərazi bütövlüyünü təmin etməyə tam qadirdir.

Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.

 

Abdullayeva Aytən YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki