image-sedai-velibeylibackend

Ulu Öndərin uzaqgörənliyi nəticəsində düşmənin Naxçıvanla bağlı çirkin niyyəti baş tutmadı

image-reklam_sirab_01

Ümummilli lider, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev öz zəngin təcrübəsi sayəsində idarəçilikdə ciddi uğurlara imza atmış, cəmiyyətin maraq və mənafelərini müdafiə etdiyi üçün xalqın dərin etimadını qazanmışdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycanı beynəlxalq aləmdə tanıdan Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri çox yüksəkdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövrdə xalqın rifah halının daha da yaxşılaşdırılması, ölkəmizin tərəqqisi, inkişafı yolunda tarixi əhəmiyyətə malik olan misilsiz işlərə imza atılmışdır.
Ulu öndərin gərgin fəaliyyəti nəticəsində Muxtar Respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Həmin dövrə nəzər saldıqda bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğu görünür. Bu istiqamətdə Muxtar Respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi.
O illərdə həm Muxtar Respublikanın, həm də Azərbaycanın bu günü və gələcəyi üçün tarixi qərarlar qəbul edildi: Bildiyimiz kimi 1990-cı il noyabrın 17-i tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Bununla yanaşı, Naxçıvan MSSR adından “sovet” və “sosialist” sözlərini çıxarmaqla demək olar ki, Naxçıvanda Kommunist Partiyasının fəaliyyətinə son qoyuldu. Sovet ordusu, əsgəri birlikləri Muxtar Respublika ərazisindən çıxarıldı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü əsasında 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə qərarların qəbul edilməsi də Ulu Öndərin qətiyyətinin, dövlət maraqlarını hər şeydən üstün tutmasının, Vətəninə və xalqına sevgisinin nümayişi oldu.
Ümummilli lider Heydər Əliyev Naxçıvanda olduğu dövrdə gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu öndər Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil etməklə barəbər, eyni zamanda, Azərbaycanın müstəqillik yollunun əsasını qoymuşdur. Onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti dövlətçilik tariximizə işıq salan hadisələrlə zəngindir. Məhz bundan sonra sovet ordusu Naxçıvandan çıxarıldı. Məhz Ulu Öndərin siyasi uzaqgörənliyi nəticəsində düşmənin Naxçıvanla bağlı işğalçılıq niyyətlərini həyata keçirməsinə imkan vermədi.
Bu gün böyük fəxarətlə qeyd edə bilərik ki, qalib və güclü Azərbaycan Ümummilli Liderimizin ideyaları əsasında yeni-yeni hədəflərə doğru inamla addımlayır, zirvələri fəth edir: Ulu öndər müstəqilliyimizin, Ali Baş Komandan İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi tarixə adlarını qızıl hərflərlə yazdılar. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin vacibliyini bildirdi. Son 19 ilə yaxın dövrdə atılan addımlar bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını göstərir. Ən əsası 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən söylədiyi “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” deməsi Ulu Öndərin arzularının həyata keçirilməsini özündə ehtiva edir.
Bu gün böyük qürur və fəxarət hissi ilə deyə bilərəm ki, Ulu öndərimizin siyasi xətti dövlət başçısı tərəfindən uğurla davam etdirilir, Azərbaycan gündən-günə inkişaf edir, beynəlxalq aləmdə mövqeləri daha da güclənir, yeni-yeni nailiyyətlərə imza atır. Azərbaycanımız dünya ölkələri sırasında əsas yerlərdən birini tutur.
Sədai Vəlibəyli
Suraxanı RİHB-nin Yeni Suraxanı qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəsi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki