image-360143_res_00backend

Unutmadan İlhamlı gələcəyə!

image-reklam_sirab_01

“Keçmişini unudanın gələcəyi olmaz!” deyib atalarımız. Hansı ki tarix boyu böyük sözünə baxmayıb dəfələrlə unutduq, unutmağa məcbur edildik və ən nəhayətində unutdurulduq! Bir dirilib min öldürülməyə məhkum edildik. Sanki şıltaq tarixin hər dəfə oynayıb da yenidən kənara atdığı oyuncağa çevrildik. Hər kənara atıldıqda yaralandıq, əksildik, amma yox olmadıq. Yeri gəldikdə, təqvimlərə belə küsdük… Sanki hər anım günlərini üzümüzə sillə kimi vuran, günahkar təqvimmiş kimi…Bəs kim idi günahkar? Ya da nə idi bizi göz açmağa imkan verməyən, zülmət içərisində itməyə məcbur edən qüvvə? “Mən” ideologiyası. Məmməd Arazın “Məndən ötdü, qardaşıma dəydi” əsərində deyildiyi kimi:
“Mən! Mən!- dedi bir ölkədə nə qədər xan,
Onlar -Mən! Mən!- deyən yerdə sən olmadın, Azərbaycan…”
Xoşbəxtlikdən Uca Tanrı xalqımıza “BİZ” həmrəylini öyrədən Heydər Əliyev kimi bir dühanı nəsib etdi. O düha ki, özü bizimlə olmasa da, Azərbaycanla bağlı düşündüyü hər bir fikir, nailiyyət davamçısı tərəfindən layiqincə həyata keçirilir. Son 150-200 il ərzində daim təhqir olunmuş, sanki köləlik və məğlubluq alın yazısına çevrilmiş həmin məğrur milləti yenidən oyadan, ona Şah İsmayıl davamçıları olduğunu xatırladan, yenidən qələbə sevincini bəxş edərək qalib xalq yaradan Ali Baş Komandan əsl sərkərdə kimi xalqını qələbədən-qələbəyə apardı. Zəfərə həsrət qalmış bir xalq olaraq 2020-ci ilin sentyabrın 27-dən başlanan Vətən müharibəsinin hər anı ömürlük yaddaşımıza həkk olundu. Vətən müharibəsinin bizə verdiyi əbədi qürur və fəxarət hissi şəhidlərimizin ruhunu şad, xarıbülbülümüzü amanda edir. Artıq dünyada güclü sərkərdəsinə, ordusuna arxalanan qorxmaz Azərbaycan var. Əmin addımlarla irəli gedən, hesab sorulan deyil, hesab alan Azərbaycan var. İndi zaman Azərbaycanındır. Önümüzdəki hər şər və zülmün qarşımızda diz çökdüyü vaxtdır. Ali Baş Komandanımız İlham Əliyev dəfələrlə çıxışlarında Ermənistanın diz çökdüyünü vurğulayıb, Köçəryan, Sarkisyan rejiminin məhv edilməsini düşmənə və havadarlarına xatırladıb. Prezident, ordu, xalq üçlüyünün birləşərək yaratdığı “Dəmir Yumruq” Qarabağdan əbədi gücünü alır, istənilən an, Vətənimizə uzanan əlləri, dikilən gözləri və ən əsası düşmənin belini qırmağa hazırdır. ADA universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxış edərkən Cənab Prezidentin də söylədiyi kimi “Onların yaxşı həkimlərə ehtiyacı var. Mən dəfələrlə demişəm, onlar zəhərləniblər” hələ də sağala bilməyən düşmən revanşizmdən əl çəkmədiyi halda, nə zamansa dırnaqarası qisas almaq xülyasından oyanmadığı halda məhv edilmələri qaçılmaz olacaq. Verdikləri sərsəm bəyanatlar, atdıqları düşünülməmiş addımlar Vətən müharibəsi ərəfəsində özlərinin əsgərlərini qandallamağı ilə nəticələndiyi kimi, bundan sonra edəcəkləri ən kiçik səhv onların məhvi ilə nəticələnəcək. Regionda sülhü bərqərar etməyə çalışan, sülh tərəfdarı olan bir ölkə olsaq da, “Vətəndən pay olmaz” deyib yumruğumuzu dəmirə çevirəcəyik.
“Münaqişədən sonrakı inkişaf mövzusuna toxunmazdan əvvəl başa düşülməlidir ki, bizim torpaqlarımız 30 ilə yaxın işğal altında olub. Biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir.” -deyə nitqində söyləyən Ali Baş Komandan keçmişi xatırlayıb ondan güc alaraq hər dəfə gələcəyə baxacağımızı bildirirək, əvvəlki zamandan fərqli olaraq “unutdurulmaq” dövrünün geridə qaldığını xatırlatdı. Bir tərəfdən 30 il söhbətləri bilərəkdən uzadaraq işğal etdiyi torpaqlarımızda 100 milyonlarla dollar hesabına başa gəlmiş nəhəng istehkamlar, minalaşnmış sahələr, müdafiə sədlərini quraraq Qarabağı əbədi işğal altında saxlamağı düşünən, digər tərəfdən də Füzuli, Ağdam və ətraf şəhərlərimizi viran qoyaraq heç bir infrastruktur yaratmayaraq sanki “əvvəl-axır torpaqlarını alacaqlar” düşüncəsi ilə ortada qalan, güc dövlətlərinin öz taleyi haqda verəcəyi qərardan asılı olan Ermənistan indi də regionda sülhün, əməkdaşlığın tərəfdaşlığı mövzusunda nə edəcəyini bilmir. Konfransda çıxış zamanı Cənab Prezidentin də söylədiyi kimi Azərbaycan bu əməkdaşlığın yaradılması, sülhün bərqərarlığının təmin olunması üçün danışıqlara hazırdır. “Əlbəttə ki, əgər Ermənistan bunu istəyirsə. Biz onların niyyətlərinin nə olduğunu bilmirik. Onlar heç vaxt bu barədə ətraflı məlumat verməyiblər. Mən artıq dəfələrlə açıq şəkildə bildirmişəm ki, biz münaqişə səhifəsini bağlanmış hesab edirik. Biz, hətta Ermənistanla mümkün sülh razılaşması barədə danışa bilərik və mən bunu bir neçə dəfə demişəm. Bizim planlarımız budur. Lakin biz Ermənistan tərəfdən bu cür mesajlar almamışıq. Ermənistanın baş naziri susur, Ermənistanın xarici işlər naziri çox aqressivdir və indi Ermənistan elə vəziyyətdə deyil ki, Azərbaycana qarşı aqressiv olmağı özünə rəva görsün. Onlar müharibə vaxtı nə baş verdiyini xatırlamalıdırlar.” Bütün baş verənlərin fonunda özək problemin – Ermənistanda Azərbaycanafobiya, türkfobiyanın təbliğinin dayandırılmasının həll edilməli olduğunu bildirən İlham Əliyev Ermənistanda hakimiyətə gəlmək istəyən qüvvələrin yenə də bu türkfobiya düşüncəsi və revanş hisləri ilə xalqı bir araya gətirmə cəhdlərinin puça çıxacağını və nəticədə baş verəcəklərin Ermənistanın özünün sonunu gətirəcəyini xatırlatdı- “Əgər onlar bunu etsələr, dediyim kimi, biz sülh istəyirik, lakin biz onları tamamilə məhv edərik. Onları tamamilə məhv edərik və indi dediklərimi unutmağa qoymarıq.”
Bundan sonra Ermənistan hər yolla qarşıdakı hədəflərimizə çatmağa mane olmağa çalışacaq, sadəcə çalışacaq. Qarşı tərəfin nəticəsiz səylər göstərdiyi ərəfədə isə biz doğma Şuşamızda “Qarabağın şikəstəsi” sədaları altında xarıbülbülə tamaşa edəcəyik, şəhidlərimizin bizə əmanət qoyduğu körpə balaların şən səsləri isə Cıdır düzünü bürüyəcək. İlhamlı gələcəkdə bizi gözəl sabahlar gözləyir, təki, düşmənimizin kimliyini, yumruğumuzun dəmirdən olduğunu unutmayaq!

Nəsimi rayon gənci
Günəş Əliyeva

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki