2019-cu ilin sonu, 2020-ci ilin əvvəllərindən bütün dünya yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə aparır. Artıq iki ildən çoxdur ki, bu virus cəmiyyətin gündəmindədir. ilk dəfə 2019-cu ilin dekabrın sonunda Çinin Uxan şəhərində qeydə alınan COVID-19 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2020-ci il martın 11-də pandemiya elan edilib. Azərbaycanda COVID-19 virusuna ilk yoluxma faktı 2020-ci il fevralın 28-də qeydə alınıb. Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq məqsədilə dərhal ciddi tədbirlərə başlanılıb, xüsusi karantin rejimi tətbiq edilib.
Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını elan etmiş və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir.
Pandemiyanın elan edildiyi vaxtdan bu günə qədər onunla mübarizədə fərqlənən, ona qarşı vaxtında və effektiv tədbirlər görən ölkələr sırasında Azərbaycan Respublikası da yer almışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müdriklik və uzaqgörənliklə həyata keçirilmiş çoxşaxəli qabaqlayıcı tədbirlər, pandemiyanın iqtisadiyyata vurduğu zərbələr fonunda insanların sağlamlığı və sosial təminatının ön plana çəkilməsi ölkəmizi gözəgörünməz düşmənin ilk həmlələrindən xilas edə bilmişdir. 2020-ci il 27 fevral tarixindən COVID-19 xəstəliyinin qarşısının alınması üçün SARS-CoV-2 virusu pandemiyasının törətdiyi təhlükəyə qarşı yönəldilmiş profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Bununla yanaşı pandemiya elan olunan gündən karantin rejimi tətbiq olunmaqla yanaşı dövlət səhiyyə sisteminin imkanlarının gücləndirilməsi, yeni modul tipli klinikaların istismara verilməsi, səhiyyə işçilərinin əmək haqqlarının artırılması, özəl klinikaların əksepidemik tədbirlərə cəlb olunması bu xəstəliyin müalicəsində lazımi dərman vasitələri ilə, avadanlıqlarla və qoruyucu vasitələrlə təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Virus yayılmağa başlayan ilk vaxtlardan etibarən dünyanın qabaqcıl ölkələri koronavirus əleyhinə peyvənd istehsal etmək üçün yollar axtarmağa, hazırlanmış yeni vaksin nümunələrini sınaqdan keçirməyə başlayıblar. ÜST 2020-ci ilin dekabrın sonunda COVID-19 əleyhinə vaksinlərin istifadəsinə icazə verib. 2021-ci il yanvarın 18-də isə Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesinə başlanılıb.
Ölkəyə vaksinlər kifayət qədər tez çatdırıldı. Bunlar Çin vaksinləri, növbəti mərhələdə Rusiya vaksinləri idi. COVAX layihəsi xətti ilə Avropa vaksinləri də alındı. Bununla da vaksinləri seçmək imkanı yarandı. Vaksinasiyanın könüllü olacağı qərara alındı. Bu günə qədər yaşı 18-dən yuxarı olan insanların təqribən 70 faizi iki doza vaksin alıb. Uşaqlar üçün vaksinləmə yalnız valideynlərin qərarı ilə həyata keçirilir, məcburi vaksinləmə yoxdur. Artıq üçüncü doza vaksinin vurulması da tələb olunur. Vaksinasiya prosesinin sonunda vaksin vurduran şəxsə vaksin sertifikatı verilir. Bir çox ictimai yerlərə giriş üçün Covid-19 pasportu tələb olunur. Vətəndaşlar bu pasportu elektron olaraq da yanlarında rahatlıqla gəzdirə bilərlər.
Covid-19 əleyhinə peyvəndlər ölkəmizə müxtəlif ölkələrdən gətirilir. Onların müxtəlif tərkibi və növləri var. Hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyada “Coronavac”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə olunur. Vaksinasiya prosesi uğurla davam etdirilir. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 672 min 89, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 200 min 330, ikinci mərhələ üzrə 4 milyon 714 min 478, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 757 min 281 təşkil edir. Vaksin olunanlardan 552 nəfəri 12-18 yaşlı yeyeniyetmələrdir
Azərbaycanda 2021-ci il yanvarın 18-dən başlayaraq ilk növbədə xüsusi risk qrupuna aid vətəndaşlar və yaşı 65-dən yuxarı olanlar, daha sonra isə müvafiq olaraq yaşı 50-dən, 40-dan, həmin ilin mayın 10-dan başlayaraq isə yaşı 18-dən yuxarı olan şəxslər peyvəndləməyə cəlb edilib. Dünya təcrübəsinə əsaslanaraq bir müddət sonra, ölkədə 2021-ci ilin sentyabrın 7-dən etibarən 16-18 yaşlı yeniyetmələrin, oktyabrın 5-dən isə 12-15 yaşlıların vaksinasiyasına başlanılıb. 2021-ci ilin avqust ayından, həmçinin iki doza vaksinasiyadan 5-6 ay vaxt keçmiş vətəndaşların, xüsusilə də risk qrupuna aid şəxslərin qüvvətləndirici – “buster” doza ilə peyvəndlənməsi ölkənin səhiyyə qurumları tərəfindən tövsiyə edilib.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlayan ilk ölkədir. Dövlətimiz pandemiyanın ilk günlərindən etibarən lazımi addımları atmaqla, beynəlxalq təşkilatlarla dərhal müvafiq əməkdaşlığa başlamaqla buna nail olub. Alimlərin fikrincə, pandemiyanın sonlanması üçün kollektiv immunitetin formalaşması vacibdir və bu, əsas hədəfdir. Kollektiv immunitetin formalaşması üçün isə ölkə əhalisinin 60-70 faizinin peyvənd olunması lazımdır. Azərbaycan həmin hədəfə yaxındır, çünki ümumi əhalinin təxminən 47 faizi, 18 yaşdan yuxarı əhalinin isə təxminən 65 faizi iki doza peyvənd alıb.
Nəsimi rayon sakini Hüseynli Billurə


























