image-indirbackend

“Vətən müharibəsinin qəhrəmanlarının və onların ailə üzvlərinin qayğılarının həlli dövlət siyasətimizin əsas prioritet istiqamətidir”

image-reklam_sirab_01

Adil Əliyev

Milli Məclis Sədrinin müavini 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Qalib Ordumuz Vətən müharibəsini misilsiz qələbə ilə yekunlaşdırdı. Qürurla deyə bilərik ki, qazanılmış bu tarixi qələbə, uzun illərdir işğal altında olan torpaqlarımızın düşmən işğalından azad edilməsi tariximizin ən parlaq səhifələrindəndir.
Vətən müharibəsində qazanılmış qələbədən sonra dövlətimizin qarşısında dayanan əsas məsələlərdən biri də şəhid ailələri və qazilərin qayğılarının diqqət mərkəzində saxlanması oldu. Hazırda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin problemlərinin dərhal həll edilməsi, onların məişət şəraitinin daha da yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür. Şəhid ailələri və qazilərin qayğıları daim Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.
Bu sahədə görülən işlərdən danışarkən Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə şəhid ailələri və qazilərin qayğıları ilə bağlı işlərin daha da səmərəli və çevik aparılması məqsədilə yaradılmış “YAŞAT” Fondunu xüsusi qeyd etmək lazımdır. Fondun fəaliyyəti qazilərimizin xarici ölkələrdə müalicələrinin təşkili, eyni zamanda şəhid ailələrinin və qazilərimizin məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə işlərin görülməsini özündə ehtiva edir. Çox mütərəqqi addımlardan biri olan “Yaşat” Fonduna həm ölkə daxilindən, həm də xarici ölkələrdən ianələr edilməsi bu qurumun maddi resurslarının genişlənməsinə istiqamətlənmişdir. Fond da öz fəaliyyətində şəffaflığı rəhbər tutmaqla, cəmiyyətə açıq hesabatları təqdim etməklə bu nəcib təşəbbüsün davam etdirilməsini hədəfləyir. Fondun təşəbbüsü ilə şəhid ailələri və qazilərlə görüşlər keçirilir, onların ehtiyacları müəyyən edilir və mövcud problemlərin həlli istiqamətində müvafiq addımlar atılır.
Dövlətin bu sahədə apardığı siyasətin davamı olaraq şəhid olmuş hərbi qulluqçuların, habelə onların ailə üzvlərinin, qazilərin kreditlərinin bağışlanması təqdirə layiqdir.
Şəhid ailələrinin və qazilərimizin qayğılarının diqqətdə saxlanması ilə yanaşı, dövlət siyasətimizin əsas prioritetlərindən biri də Qarabağın tez bir zamanda bərpa edilməsidir. Dərin təəssüf hissi ilə qeyd etməliyik ki, Ermənistan 30 il ərzində Qarabağı talan etmiş, bir salamat bina belə saxlamamışdır. Qarabağın dirçəlişini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılıb. Bu Fond otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən talan edilmiş və bu gün işğaldan azad edilmiş ərazilərimizin yenidən həyata qaytarılmasına, ölkəmizin siyasi-iqtisadi suverenliyinin güclənməsinə xidmət edəcək. Hər bir vətənpərvər vətəndaşımız oraya pul köçürməklə əzəli və əbədi torpaqlarımızın bərpa edilməsində iştirakını təmin edə biləcək.
Qeyd etmək lazımdır ki, Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərimizin tamamilə yenidən qurulmasında, müasir şəhər, qəsəbə və kəndlər tikməklə bölgəyə dinc, təhlükəsiz, rahat həyat gətirilməsində, məcburi köçkünlərimizin daimi yaşayış yerlərinə qayıtmasında mühüm rol oynayacaq. Fondun fəaliyyəti işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə yanaşı, Qarabağın güclü iqtisadiyyata malik olan regiona çevrilməsi istiqamətində də dəstək göstərəcək, habelə xarici ölkələrdən investisiyaların cəlbinə şərait yaradacaqdır.
Bundan başqa, qeyd etmək yerinə düşərdi ki, müharibədə iştirak etmiş, tərxis olunmuş şəxslərin müraciətlərinə dərhal baxılaraq həll edilməsi məqsədilə də xüsusi komissiya yaradılıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən bu komissiya qısa müddət ərzində 800-ə yaxın müraciətə baxıb və həll olunması üçün tədbirlər görüb. Füzuli rayonu ərazisində isə komissiyanın səyyar qrupu da fəaliyyət göstərir.
Bununla yanaşı, Vətən müharibəsi iştirakçılarının qayğılarının diqqət mərkəzində saxlanması məqsədilə Nazirlər Kabinetinin 30 yanvar 2021-ci il tarixli 24 saylı Qərarına əsasən Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə də xüsusi Komissiya yaradılaraq fəaliyyətə başlayıb.
Bütün bunlar onu deməyə əsas verir ki, Şəhid ailələrinin və qazilərin qayğıları bundan sonra da daim diqqət mərkəzində saxlanılacaq, dövlətimizin sosial siyasətinin prioritet istiqaməti olaraq qalmaqda davam edəcəkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image