image-park-2backend

Xalq əsl həqiqəti bilməlidir

image-reklam_sirab_01

Müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Bu tarixi şəxsiyyət dövlətimizi vətəndaş müharibəsindən, parçalanmadan yox olmaq təhlükəsindən xilas etmiş, ölkəmizin müstəqilliyini qorumuş, ictimai-siyasi böhranı aradan qaldırmış və davamlı inkişafın əsasını qoymuşdur.

Lakin xalqımız Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən qabaq və hakimiyyətdə olduğu  dövrdə  ölkəmizdə, o cümlədən Dağlıq Qarabağda  cərəyan edən əsl həqiqətlərin nədən ibarət olduğunu bilməlidir. Möhtərəm Prezidentimizin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri hamı bilməlidir. Otuz il ərzində Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmırdı. Ancaq bizim problemimiz ondan qabaq başlamışdı. 1987-ci ildə Ulu Öndərin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər. Ulu Öndərin istefasından iki həftə keçməmiş bir erməni millətçisi-Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan 1987-ci ildə Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir.

Bu, bir həqiqətdir ki, Ulu Öndərin hələ hakimiyyət sükanı arxasına keçmədiyi illərdə Azərbaycan öz tarixinin ən ağır, ən mürəkkəb zamanlarından birini yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal olmuşdu. Siyasi hakimiyyətsizlik baş alıb gedirdi. Bögələrimizdə, rayonlarımızda, Bakının ayrı-ayrı ərazilərində, məhəllələrində faktiki olaraq silahlı dəstələr hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içində idi. Bu məqamda ölkə başçımızın sözlərini xatırlamaq yerinə düşər: ”Müstəqilliyin ilk illərində faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi – Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Onlar bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir.”

Bu fəlakətli anlarda xalqın yeganə ümid yeri hər zaman ona arxa-dayaq olmuş dahi şəxsiyyət Heydər Əliyev idi. Müdrik xalqımız o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı – dünyanın siyasi patriarxı hesab olunan fenomenal şəxsiyyəti hakimiyyətə gətirdi. Xalq üçün yox, öz həyatlarını qorumaq xatirinə AXC-Müsavat cütlüyü də Heydər Əliyevə müraciət etdi.

Bu baxımdan ölkə Prezidenti vurğulamışdır:” 1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verəndən sonra AXC-Müsavat cütlüyü təşvişə və depressiyaya düşdü. Öz canlarını qurtarmaq üçün Ulu Öndərə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar. Azərbaycan xalqı bunlara cəmi bir il dözdü. Amma görün, bir il ərzində nə qədər böyük ziyan vurdular – torpaqlarımız əldən getdi, ordunu məhv etdilər, vətəndaş müharibəsinə start verdilər, qardaş qanını tökdülər.”

Azərbaycan xalqı on ildən sonra – 2003-cü ildə ikinci dəfə yenidən daha bir ağır sınaq qarşısında qaldı. Ulu Öndərin xəstəliyindən istifadə edən radikal müxalifət, onların xaricdəki havadarları “bəlkə də qaytardılar” xülyası ilə yenidən fəallaşdılar. Yenə də xalq ayağa qalxaraq yekdilliklə və qətiyyətlə ölkəni anarxiya və hərc-mərclik dövrünə qaytarmaq istəyənlərə “YOX!” dedi. Millətimiz bu dəfə ölkənin ali rəhbərliyini İlham Əliyevə etibar etdi. Bununla xalqımız həm özünə yeni Prezident seçdi, həm də müstəqillik tariximizdə qəti şəkildə və birdəfəlik hakimiyyəti ələ keçirmək ənənəsinə son qoydu və bugünkü uğurlarımızın əsası qoyuldu.

Ötən illər göstərdi ki, xalq bu seçimində qətiyyən yanılmamışdır. Ulu öndərin ideyalarını ən yüksək səviyyədə həyata keçirən və onu daha da zənginləşdirən möhtərəm Prezidentimiz Azərbaycanı bütün zamanların ən güclü dövlətinə çevirmişdir. Ən böyük tarixi uğurumuz isə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində qazanılan Böyük Qələbəmizdir. Heç şübhəsiz, bu Zəfərin Baş Memarı Silahlı Qüvvələrimizin Müzəffər Ali baş Komandanı İlham Əliyevdir.

 

 

Təyyar Nəsirli,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,

Salyan rayon “Qələbə” qəzetinin əməkdaşı,

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki