image-elxanbackend

Yalan və ondan törəyən yaltaqlıq həm də Şeytani xislətin ifadəsidir-ELXAN ŞÜKÜRLÜ YAZIR

image-reklam_sirab_01

30 il Rusiyanın çarı olmuş I Nikolay xəstələnib ölüm döşəyinə düşən zaman belə bir etiraf etmişdi: “Taxta çıxanda, mən yalnız həqiqəti bilməyə can atırdım. Ancaq bu 30 ildə hər gün o qədər yalan və yaltaq sözlər eşitmişəm ki, indi artıq həqiqəti yalandan ayırd etmək qabiliyyətimi də itirmişəm”…

Bəli, bir rəhbər üçün ən mühüm keyfiyyətlərdən biri yalanla həqiqətin sərhədini ayırd etmək qabiliyyətinin olmasıdır.

Bu qabiliyyətini itirməmək üçün də o, qulağına xoş gələn sözlərin ünvanına deyilməsindən, xüsusən də yalançıların və yaltaqların xidmətindən cəsarətlə imtina etməyi və ətrafına dürüst insanları toparlamağı bacarmalıdır.

Çünki yalan əxlaqsızılığın, dürüstlük də əxlaqın anası sayılar.

İnsanın bütün qəbahət və naqislikləri, o cümlədən yaltaqlıq yalandan törədiyi kimi, ən müsbət keyfiyyətləri – ləyaqət, mərdlik və ədalətlilik də dürüstlükdən başlayar.

Tarix sübut edir ki, hansı rəhbər zəiflik göstərərək, özünü yaltaqların məstedici ağuşuna atıbsa, elə o ağuşda da bihuş və sonda rüsvayçılıqla məhv olub, məzarını da ilk elə o yaltaqlar qazıblar!

Qədim latınlılar elə bu hikməti nəzərdə tutaraq, deyərmişlər: “Yaltağın sözü zəhər qatılmış bal kimidir”. Yəni, sizə nə qədər şirin gəlsə də, sonda öldürəcək!

Yalan və ondan törəyən yaltaqlıq həm də Şeytani xislətin ifadəsidir. Yalan üzərində nə qursan, nə tiksən, nə toxusan və yaltaq sözüylə nə qədər bəzək vursan belə, bir gün mütləq söküləcək, uçub dağılacaq!

Odur ki, işdir, Şahlıq Quşu haçansa çiyninizə qonsa, çalışın, yalana və yaltaq sözünə uymayın, yalançıların yanınıza soxulub sizi bihuş etmələrinə, təsir altına salmalarına imkan verməyin və ən yaxın çevrənizə də dürüst insanlardan çəpər çəkin!

Çünki dürüstlər aldatmaz və satmaz; mərd, sədaqətli və ədalətli olar; Allah da onları qoruyar! Allahın qoruduğu kəslərə isə kimsə qalib gələ bilməz!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image