image-dilare-zeynalova-jpgbackend

Yaşa, Bütöv Azərbaycanım! Dalğalan uca bayrağım!

image-reklam_sirab_01

Tarixə nəzər salsaq, görərik ki ,Şərq və Qərb arasında bir çox qarşıdurmalar,müharibələr və bunun nəticəsində xalqların soyqırımları və deportasiyaları mövcud olmuşdur. Bunun da səbəbi Qərbin hərbi yürüşləridir. Bu gün bəşəriyyətin başı üzərində bir Demokl qılıncı kimi terrorizm xofu var. Terrorizmi daim nəhəng, hegemon dövlətlər yaradıb. Qərb dövlətləri orta əsrlərdən başlıyaraq dünyanın az qala üçdə ikisini müstəmləkəyə çevrirmişlər. Səlib yürüşləri, 1-ci Dünya müharibəsi, 2-ci Dünya müharibəsi və s.
Böyük dövlətlərin ikiüzlü siyasəti ucbatından bir çox xalqlar əziyyət çəkir. Bu xalqlardan biri də Azərbaycan xalqıdır. Xalqımızın başına gətirilən bu müsibətlər, oyunlar, vandal millətin siyasətlə mənim yurduma köçürülməsi bu münaqişələrin yaranmasına səbəb oldu. Azərbaycan əraziləsinin ən gözəl yerlərində, dağlıq bölgələrdə, məhsuldar torpaqlarda bu vandalların yerləşdirilməsi də bir siyasət idi. Stalin hakimiyyəti dövründə isə doğma oğuz yurdu Göyçədən Dərələyəzdən, Ağbabadan və digər bölgələrdən qovulan azərbaycanlılar Azərbaycanın ən isti rayonlarında yerləşdirilmişdir. Lakin dağlıq ərazilərdən, soyuq iqlimdən gələn əhali istidən məhv olmuş, müxtəlif xəstəliklərə düçar olmuşlar. Bu da azərbaycanlılara edilən divanın bir növü idi.
Ümummilli lider Heydər Əliyev bu hadisələrə hüquqi qiymət verilməsi üçün nələrə qadir olduğunun şahidi olduq. 1988-1994-cü illər ərzində Azərbaycan xalqının başına gətirilən bəlalar, Qarabağ problemi ikili standart siyasətini nəticəsi idi. Bu qəsbkar planların ssenarisi ABŞ-da hazırlanır, vandallar və havadarları tərəfindən icra edilir. Bunun nəticəsi olaraq minlərlə soydaşlarımız yurdsuz, yuvasız qaldı, qovuldu. Bu azmış kimi Xocalı soyqırımını törətdilər. 613 nəfər öldürüldü, 487 nəfər ağır yara aldı, 1300-ə yaxın qadın, uşaq, qoca əsir götürüldü. 25 uşaq hər iki valideynini itirdi. Bu hadisə dünyada “Xocalı qətliamı” kimi tanındı. Bu da azmış kimi vandallar və havadarları yenə doymadı, doğma yurdumun dilbər güşələrini işğal etdi. Minlərlə ev, yüzlərlə muzey, qiymətli abidə, mədəniyyət evləri, məktəb və elm ocaqları, məscidlər, kitab fondları, musiqi evləri tarmar edildi. Düz 30 ilə yaxın davam edən təxribatlar bitmədi ki, bitmədi. Amma bu torpaq daim güclü siyasətçilər, tarixçilər, ədiblər, alimlər, natiqlər yetişdirib. Türk oğlu, Türk igidi heç kimə yox, öz güclü siyasətinə, igidliyinə söykəndi. Ayağa durdu, haqqını tələb etdi. Xalqımıza qarşı nə qədər qara ləkələr yaxılsa da, dövlətimiz nə qədər haqsız günahlandırılsa da, yenə ədalət öz yerini tapdı. 2016-cı il aprel döyüşləri, 2020-ci il Tovuz döyüşləri bir daha sübut etdi ki, bu millət mənfur işğal siyasəti ilə barışmayacaq. 2020-ci il 27 sentyabr tarixində isə bu vandallar atəşkəsi yenidən kobud şəkildə pozdular. Bütün yaşayış məntəqələrimiz atəşə məruz qaldı. Bu zaman hərbçilərlə bərabər, dinc əhali də öldürüldü. Gəncə hadisəsi, Bərdə qətliamı, günahsız insanların tökülən qanları, anaların fəryadı… Bu zaman Silahlı Qüvəllərin Ali Baş Komandanı İlham Əliyev dərhal əks-hücum əmri verdi. Həmişə hazır olan Azərbaycan ordusu bu əmri çoxdan gözləyirdi. Xalqımızın igid oğulları: Koroğlu nəvələri, Nəbi qeyrətli nəticələri, Tomris qeyrətli qızları bu döyüşə qoşuldu, can-başla savaşdı, hər daşı uğrunda qan tökdü, hər yolu, cığırı üçün can fəda etdi.
44 günlük müharibə dünyaya sübut etdi ki, Ali Baş Komandanın ətrafında birləşmiş bu xalq nələrə qadirdir. Bu əvəzsiz gözəlliyə malik olan doğma yurdumuz geri qayıtdı. Özü qayıtmayan qəhrəman oğullar torpağını mənfurların tapdağından geri qaytardı. Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad edildi. Ən qiymətli strateji əhəmiyyəti olan yüksəkliklər, ərazilər özümüzə qaytarıldı. Bəzi ərazilərimiz naməlum səbəblərdən boşadılmamışdı. Mənfur xislətli hayların gözü doymurdu yurdumun gözəlliklərindən. 2022-ci il 26 avqustda Laçın şəhəri və bəzi yaşayış yerləri Azərbaycan ordusunun ixtiyarına keçdi. Bu şanlı qələbəni həzm edə bilməyən erməni ordusu yenə də təxribata əl atır, atəşkəs qanunlarına riayət etmir. Xalqımız, ordumuz bu təxribatların qarşısını almaq üçün yenə də mübarizə aparır, torpaq yolunda Şəhid olur, igidlər can verir, irəliləyir, yeni ərazilər ələ keçirir, o ərazilər ki, öz doğma torpağıdır.
44 günlük müharibədə can qoymuş, ən ali mərtəbəyə-Şəhidlik zirvəsinə uçalmış oğulların adı əbədiləşdirilir, ailə üzvləri dövlətimiz tərəfindən tam himayə edilir, qazilərimiz müalicə olunur, xarici ölkələrə göndərilirlər. Vətən yolunda can qoyan igidləri və ailələrini dövlətimiz hər cür şəraitlə təmin edir. Generallar, zabitlər, əsgərlər Vətən qarşısında xidmətlərinə görə, qələbə münasibətilə müxtəlif orden və medallarla təltif edilir.
Ümummilli lider Heydər Əliyevin güclü siyasətinin davamçısı olan Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını azad edilmiş torpaqlarımızda, yurdumuzda ucaltmışdır. Ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün Şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr-Anım Günü kimi qeyd edilir. Bundan əlavə cənab Prezident Zəfər Müzeyinin tikiləcəyi haqqında qərar qəbul etmişdir.İgidlərimizin şərəfinə hələ neçə-neçə abidələr ucaldılacaq, heykəllər qoyulacaq, əsərlər yazılacaq. Əziz Azərbaycan oğullarının ən böyük abidəsi qəlbimizdədir.
Bu Oğuz yurdu ulu babaların yadigarıdır. Basatlar, Buğaclar, Qanturallar, Qazan Xanlar, 7777 dəlisi olan Koroğlular bu torpağı igidlərə yadigar qoyubsa, Poladlar, Mübarizlər, Xudayarlar, Cəbrayıllar da bu torpaq yolunda can verib gələcək nəslə bütöv Azərbaycan bəxş etdilər. Azərbaycan igidləri milli birliyin və Vətən uğrunda savaşın rəmzi olan “Dəmir Yumruq” ətrafında sıx birləşib düşmənin başını əzdi və sarsıdıcı zərbələr endirdi. Bu gün artıq fəxrlə deyə bilirik:
Şəhidlər ölməz, Vətən bölünməz!
Biz bir ölərik, min dirilərik!
Yaşa, Bütöv Azərbaycanım! Dalğalan uca bayrağım!
Qarabağ Azərbaycandır!

Dilarə Zeynalova
Suraxanı rayonu 282 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki