image-3backend

Yeni qanun siyasi partiyaların təmərküzləşməsinə şərait yaradacaq

image-reklam_sirab_01

1992-ci il 3 iyun tarixində “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Lakin ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər. “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət nəzərə alınıb. Siyasi partiyalar siyasi sistemin əsas güzgüsüdür. Həqiqətən, çox sevindirici haldır ki, siyasi partiyaların fəaliyyətinə geniş imkanlar yaradacaq yeni qanun qısa müddətdə hazırlandı və parlament tərəfindən qəbul edildi. Üstəlik, yeni qanunun siyasi partiyaların nüfuzunun yüksəlməsinə də ciddi şəkildə təsir   edəcəyinə inanıram.

Yeni qanun eyni zamanda siyasi qüvvələr arasında faydalı və mövcud siyasi konfiqurasiyanın ahənginə uyğun olan şəffaf münasibətlərin formalaşması üçün də zəmin yaradacaq. Prezident Administrasiyasında müvafiq şöbə yaranandan sonra siyasi partiyalara münasibətdə yaxşıya doğru çox ciddi dəyişikliklər var. Hamının arzuladığı qanun, nəhayət, qəbul edildi və siyasi partiyaların fəaliyyətində faydalı rolunu oynayacaq. “Siyasi partiyalar haqqında qanun”  yeni çağırışlara cavab verir və siyasi partiyaların fəaliyyətini əngəlləmir. Neçə illərdir qanunun dəyişdirilməsini tələb edirdik. Mitinqlərdə belə bu tələb tez-tez səslənirdi. Qanunun dəyişməsi labüd və lazım idi. Onu da nəzərə alaq ki, son zamanlar siyasi partiyalarla iqtidar arasında dialoq mühiti yaranıb və nəticədə birincilərin qərarvermə məsələlərinə təsiri yüksəlib. Bu qanun siyasi spektrdə böyük canlanma yaradacaq və ölkədə mövcud olan siyasi partiyaların fəaliyyəti üçün əsl lokomotiv rolunu oynayacaq. İndiyə qədər mövcud olan qanun, təxminən, 31 il bundan öncə qəbul edilib. Dövr də,  siyasi münasibətlərin formatı da dəyişib.

Siyasi konfiqurasiya və ümumilikdə siyasi partiyaların fəlsəfəsi dəyişib. Həmin dəyişikliklərin fonunda isə təbii olaraq yeni qanunun qəbul edilməsi zərurəti də yarandı. Bildiyiniz kimi ilk olaraq parlamentdə təmsil olunan siyasi partiyalar yeni qanun layihəsinin hazırlanması təklifi ilə Milli Məclisə müraciət ünvanladılar. Layihənin hazırlanması zamanı, demək olar ki, Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar öz təkliflərini verdilər. Həmin təkliflərin əksəriyyəti nəzərə alındı, dəyərləndirildi. Konkret olaraq rəhbərlik etdiyim partiyanın təkliflərinə gəlincə isə söyləməliyəm ki, Demokratik Maarifçilik Partiyasının 3 təklifi olub  və hamısı yeni qanun layihəsində öz əksini tapıb. Qanun partiyaların təmərküzləşməsinə şərait yaradacaq və yaxın zamanlarda bir neçə güclü partiyanın ortaya çıxmasına imkan verəcəkdir. Açıq etiraf etmək lazımdır ki, qanunun qəbulundan sonra kiçik partiyaların siyasi arenada qalması xeyli çətin olacaq.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası, YAP-ın gənc fəalı

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki