image-aysat-qasimova-118backend

Yüksəkliyin, müqəddəsliyin əbədi olsun, üçrəngli bayrağım!

image-reklam_sirab_01

Bayraq-bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan müxtılif təşkilatların, binaların qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli bayrağı-Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Hər bir vətəndaş dövlət rəmzlərimizin məna, mahiyyət və əzəmətini dərindən dərk etməklə milli-mənəvi dəyərlərin, istiqlalın qədrini daha yaxşı bilir.

“Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 13 mart 1998-ci il tarixli sərəncamında deyildiyi kimi:

“Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiramın aşılanması, cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyət və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir”. Çünki Azərbaycanın dövlət rəmzlərinə olan hörmət keçmişimizə, bu günümüzə, gələcəyimizə olan hörmətdir. Elə bu səbəbdəndir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il noyabrın 9-u ölkədə “Dövlət Bayrağı günü” kimi qeyd edilir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulamışdır.

Bayrağımız səngərdə əsgər ürəyinin üstündə gəzir. Səngərdə durub vətənin keşiyində dayanan əsgər bu yola başlamazdan əvvəl bayrağa and içir. Qazandığı hər qələbədə birinci bayrağı ən yüksəyə ucaldır. Bayrağımız 44 günlük müharibədə yenə ən yüksəkdə dalğalandı. 30 il sonra Qarabağ öz doğma bayrağına qovuşdu. 8 noyabr 2020-ci ildə cənab Ali Baş Komandan İlham Əliyev və igidlərimiz sayəsində qazanılan qələbə xəbərini eşidən hər kəs əlində bayraqla küçələrə çıxdı, tanıdığı, tanımadığı hər kəslə sevincini bölüşdü.

Bəli, bayrağımız həm sevincli, həm də kədərli anlarımızda bizi tək qoymadı. Bunu bütün tarix boyu gördük, yanılmadıq. Düzdür, zaman-zaman iri dövlətlərin məkrli planları sayəsində sıxışdırıldı, 1920-ci ildə süqut etdi. Sonraki Sovet hakimiyyəti illərində xalq üçrəngli bayrağından məhrum edilsə də, ona olan sevgini ürəyində yaşatdı. Düz 70 il xalqın qəlbində istiqlal sevgisi və istiqlalın rəmzi olan üçrəngli bayrağa məhəbbət səngimədi. İnsanlar milli bayrağımızın nə vaxtsa yenidən başımız üzərində dalğalanacağına həmişə böyük ümid bəsləyirdi.

Ümidlər doğruldu, bu gün bayrağımız Azərbaycanın ayrılmaz parçası Qarabağda, Qarabağın gözü-Şuşada dalğalanır. Bundan böyük səadət olarmı?!

Bir sözlə, dostu sevindirən, düşmənin gözünə tikan kimi batan üçrəngli bayrağımız dövlətimiz varlığını bütün dünyada təsdiqləyir. Şübhə yoxdur ki, müstəqil Azərbaycan siyasi və iqtisadi cəhətdən möhkəmləndikcə üçrəngli milli bayrağımız daha da yüksəklərə qalxacaq, sancıldığı məkanların sayı daha da artacaq.

Yüksəkliyin, müqəddəsliyin əbədi olsun, hər rənginə qurban olduğum üçrəngli bayrağım! Torpaqlarımızın üstündən kölgən əskik olmasın, bayrağım!

Sən Azad Azərbaycanın Şanlı bayrağısan…

 

Ayşat Qasımova

Bakı Şəhəri 118 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki