image-photo-2021-12-09-15-11-52backend

Zəfər Salnaməsi

image-reklam_sirab_01

 

Hər bir xalqın tarixində unudulmaz anlar olur. Azərbaycan xalqının çoxəsrlik tarixinin ən önəmli hadisələrindən başlıcası isə Vətən müharibəsidir. 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi tariximizin qürur mənbəyinə çevrilmişdir. Bu dillərə dastan olan mübarizə isə sonda Zəfər paradı ilə taclandı. Azərbaycan xalqı Vətən müharibəsindəki şanlı qələbəsini 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında möhtəşəm Zəfər paradı ilə qeyd etdi. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi.

Haqlı mübarizəmiz nəticəsində 30 il işğal altında olmuş doğma torpaqlarımız – bir çox şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər işğaldan azad edildi. Qələbə qazanmaqla Azərbaycan dövləti bu günə qədər icra edilməyən BMT qətnamələrini icra etdi. Ön cəbhədə olan igid əsgər və zabitlərimiz, arxa cəbhədə isə orduya öz dəstəyini əsirgəməyən mülki insanlarımız – bütün Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirərək işğalçıya layiqli cavab vermişdir. Şanlı qələbəmizlə düşmən həm meydanda, həm də siyasi arenada məğlubiyyətini qəbul etdi.  Cənab prezident İlham Əliyev müharibə dövründə xalqa müraciətlərində də qeyd etmişdir: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”. Məhz buna görə də xalqımız Vətən müharibəsinin qələbə ilə nəticələnəcəyindən heç vaxt şübhə duymamışdır.

Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu. Zəfər paradından bütün qoşun növlərini əhatə edən 3000 hərbçi ilə yanaşı, 150-dək hərbi texnika keçdi. Onlar arasında silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər olmuşdur. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Nümayiş etdirilən eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya xüsusilə diqqətəlayiq idi.

Xüsusilə qeyd etmək lazımdır ki, bu hərbi parad eyni zamanda düşmənə verilən növbəti mesaj oldu. Prezident İlham Əliyevin dediyi kimi: “Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”. Şanlı qələbəmiz düşmənə kədər verdiyi kimi dosta da sevinc bəxş etdi.

Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən qardaş ölkə Türkiyə Azərbaycan xalqına daima öz dəstəyini vermişdir. Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı da xalqımız üçün olduqca dəyərli idi. Zəfər paradında öz tarixi vəzifəsini yerinə yetirmiş şanlı Azərbaycan ordusunun əsgərləri ilə yanaşı, türk əsgər və zabitləri də iştirak etmişdir. İki qardaş ölkənin həm müharibədə, həm də qələbə sevincindəki birliyi bütün dünyaya göstərildi.

Cənab İlham Əliyevin Zəfər paradındakı çıxışı Azərbaycan xalqının vətənpərvərliyini, müharibədəki əzmini, ordumuzun şanlı qələbəsini və Türkiyə-Azərbaycan birliyini tam şəkildə özündə əks etdirmişdir: “Hər kəs bilir ki, Ermənistan rəhbərliyi bir il bundan əvvəl demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən isə demişdim ki, “Qarabağ Azərbaycandır və nida”. Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!”

 

Nəzrin Məmmədova (Bakı Dövlət Universiteti)

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki