image-photo-2021-12-09-15-11-53backend

Zəfərin Əbədiyyəti

image-reklam_sirab_01

2020-ci il Sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan işğalı altında olan Dağlıq Qarabağ torpaqlarını geri almaq məqsədilə “Dəmir Yumruq” əməliyyatı həyata keçirdi. 44 günlük müharibə ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini, o cümlədən Dağlıq Qarabağın bir hissəsini azad edib, Şuşaya bayrağını sancıb, Zəfər gününü qeyd etdi. Nəticədə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu Qələbənin əbədiləşdirilməsi, qeyd olunması və gələcək nəsillərə ötürülməsi məqsədilə ölkə ərazisində bir sıra tədbirlər görülmüşdür. Həmçinin buna müharibə iştirakçılarını həvəsləndirmək, göstərdikləri şücaəti qiymətləndirmək daxildir. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə 76 min 349 hərbi qulluqçu müxtəlif orden və medallarla təltif edilib. Dövlət başçısının iyunun 24-də imzaladığı sərəncamlarla 11365 nəfər “Füzulinin azad olunmasına görə”, 11831 nəfər “Xocavəndin azad olunmasına görə”, 3435 nəfər “Zəngilanın azad olunmasına görə”, 10211 nəfər “Cəbrayılın azad olunmasına görə”, 5867 nəfər “Qubadlının azad olunmasına görə”, 5784 nəfər “Şuşanın azad olunmasına görə”, 3522 nəfər “Ağdamın azad olunmasına görə”, 4225 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 2643 nəfər “Laçının azad olunmasına görə”, 10647 nəfər “Suqovuşanın azad olunmasına görə”, 731 nəfər “Vətən uğrunda”, 616 nəfər “İgidliyə görə”, 2893 nəfər “Cəsur döyüşçü”, 786 nəfər “Döyüşdə fərqlənməyə görə”, 1743 isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.  Prezidentin digər Sərəncamı ilə 2 nəfər “Qarabağ”, 28 hərbiçi “Azərbaycan Bayrağı”, 13 nəfər 3-cü dərəcəli “Rəşadət”, 7 nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar.

Bundan başqa görülən tədbirlərə Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Anım Günü və Zəfər Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgilərinin təşkili edilməsi aiddir. BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlərin keçirilmiş, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxların nümayişi etdirilmişdir. Bunun məqsədi məktəblilərdə vətən sevgisini aşılamaq, vətənpərvər Azərbaycan gənci yetişdirməkdir.

Daha sonra Mərkəzi Bank tərəfindən Qarabağın azadlığı uğurunda 44 günlük Vətən müharibəsində tarixi Zəfər gününə həsr olunmuş xatirə pul nişanları buraxılıb.Bu yaxınlarda “20 manatlıq” əsginazın tədavülə buraxılması buna örnəkdir. “Qarabağ” mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri – Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla əlavə dizayn elementləri, o cümlədən Qarabağ florasının incisi sayılan və qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilib.

Noyabrın 1-də  Təsviri Sənət Qalereyasında sərgi keçirilmişdir. Sərginin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfəri əsərlərdə nümayiş etdirmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarət idi.

 

Son olaraq Azərbaycan Respublikası Prezidentinin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılacaq  Zəfər Muzeyi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində yaradılması nəzərdə tutulan abidə-komplesi olacaq.

 

                                                         Sevinc Hüseyxanova (Bakı Dövlət Universiteti)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki