Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasında çıxışı zamanı iştirakçıları Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağırıb.
Dövlət başçısı videomüraciətində Rusiya Federasiyasının müharibə zamanı pozduğu qlobal təhlükəsizliyin elementlərinə, o cümlədən ərzaq, radiasiya, enerji, naviqasiya və kütləvi qırğın silahlarından təhlükəsizlik məsələlərinə diqqət çəkib.
O qeyd edib ki, Ukrayna hazırda dənizçilik və ərzaq təhlükəsizliyini bərpa edir. Eyni zamanda, o, BMT-nin baş katibinə prosesə şəxsən iştirakına görə təşəkkür edib və əlavə edib ki, bir sıra Avropa, Afrika və Asiya ölkələri artıq Ukraynanın kənd təsərrüfatı məhsullarını alıblar.
Prezidentin sözlərinə görə, həm bazar şərtləri əsasında, həm də BMT-nin ərzaq proqramı çərçivəsində bu dövlətlərin dəniz yolu ilə tədarükünü artırmaq lazımdır.


























