image-photo-2021-10-28-21-52-33-1backend

Zəngəzur dəhlizinin strateji əhəmiyyəti

image-reklam_sirab_01

 

Bu gün həm Azərbaycan, həm də Türkiyə Respublikaları Zəngəzur dəhlizinin reallaşması uğrunda əməli addımlar atmaqda davam edir. Türk dünyasını birləşdirəcək olan Zəngəzur dəhlizi uzun illərdir bütün türk dünyasının gözlədiyi layihələrdən biri və bəlkə də, ən birincisidir. Çox güman ki, 10 noyabr Bəyanatındakı ən uğurlu maddələrdən biri Zəngəzurun hələlik qismən də olsa, azad olması idi. Tarixə nəzər salsaq, görərik ki, sovet Rusiyasının anti-türkləşmə siyasətində ən uğurlu addımı məhz elə, Zəngəzuru türklərin əlindən alıb daşnaklara hədiyyə verməsidir. Zəngəzurun bu xüsusdakı önəmini türk dünyasının güclü liderlərindən sayılan Atatürkün onu “Türk qapısı” adlandırmasında da bariz şəkildə görə bilərik. Lakin Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi və bu hadisədən bir əsr keçməsinə baxmayaraq, bu günə qədər Azərbaycanın türk dünyası ilə əlaqələrinə yalnız quru yolla əngəl yaradılmış, lakin heç bir zaman türk dünyasının birlik-bərabərlik əzmini qıra bilməmişdir.

Zəngəzurun azad olması təkcə Ermənistan tərəfini deyil, onun bir çox yandaşlarını da narahat etmiş və bu narahatlıq hələ də davam etməkdədir. Çünki Zəngəzurun Azərbaycan və eləcə də, türk dünyası üçün necə bir strateji nöqtədə yerləşməsi ətraf ölkələrə olduqca aydındır və bu da onlar üçün böyük bir itki hesab olunur. Hətta işğal dövründə qanunsuz yükdaşımalarda fəaliyyət göstərən İran şirkətləri artıq işğal dövrünün bitməsinə məhəl qoymadan Azərbaycan torpaqlarından qanunsuz istifadə etməsi və buna Azərbaycan tərəfinin haqlı və çevik reaksiya verməsi İranın real mühitdə Zəngəzuru itirməkdə hirsli olduğunu əyani şəkildə göstərirdi. Lakin bu uğurda gedən yolda bizi heç bir güc dayandıra bilməz, çünki biz öz torpaqlarımızdayıq.

İndi isə Zəngəzur Azərbaycana Naxçıvan MR və Türkiyə ilə əlaqələri daha da gücləndirmək üçün  geniş imkanlar yaradacaqdır. Bununla, həm Azərbaycan iqtisadi-siyasi, geoiqtisadi  baxımdan daha da güclənəcək, həm də doğma parçasından ayrı düşmüş Naxçıvan hava və quru yollardakı blokadadan çıxacaqdır. Biz artıq rahat şəkildə Naxçıvan MR-na və oradan da Türkiyəyə və eyni zamanda da Avropaya öz ərazimiz vasitəsilə çıxacağıq. Təbii ki, bu proseslər hər zaman Azərbaycanın yanında öz yerini tutmuş qardaş Türkiyəyə də iqtisadi-siyasi baxımdan müsbət təsir göstərəcəkdir. Bu yerdə də “nə xoş türk qardaşına” -, deyə sevinə bilərik.

Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Zəngəzurun strateji əhəmiyyətdən danışarkən bunun ətraf ölkələrə də müsbət təsirini xüsusi vurğulamışdır. Çıxışlarından birində dövlət başçısının səsləndirdiyi “Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün…” fikirləri Azərbaycanın tutduğu tolerant mövqeyi bir daha əyani şəkildə göstərmişdir.

Prezident İlham Əliyevin dediyi kimi, Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır və bu vəsilə ilə 26 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngəzur dəhlizinin – Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolunun təməli qoyulmuşdur və bu yolun tikintisinin 2023-cü ildə başa çatması planlaşdırılır. Beləliklə, hər baxımdan strateji nöqtə sayılan Zəngəzur və Zəngəzurdan keçəcək möhtəşəm yol düşmənin ürəyinə ox kimi sancılacaq.

 

Bakı Dövlət Universiteti – Babayeva Xalidə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki