image-reklam-veteninfo
image-1backend

Zəngin ortaq tarixdən uğurlu ortaq gələcəyə uzanan yol

image-reklam-veteninfo
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş xalq arasındakı münasibətlərin siyasi-fəlsəfi və geosiyasi çərçivədə analitik əsaslandırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Strateji dərinliyi ilə seçilən müsahibənin məzmunu Azərbaycan–Özbəkistan əlaqələrinin iki ölkə arasındakı standart əlaqələrdən daha geniş bir sivilizasiya və geosiyasi məkanın ideya-siyasi təməl sütunlarından birinə çevrildiyini nümayiş etdirir. Prezident İlham Əliyevin açıqlamaları təkcə regional proseslərə dair şərh deyil, bütövlükdə türk dünyasının inteqrasiya siyasətinə yön verən strateji düşüncə sistemi kimi çıxış edir və türk dövlətləri arasında inteqrasiya proseslərinin ideoloji konseptual bazasını formalaşdırır.

Prezidentin Xəzər dənizini coğrafi sərhəd deyil, tarixi birlik, geoiqtisadi inteqrasiya və mədəni əlaqələrin təbii damar sistemi kimi xarakterizə etməsi Cənubi Qafqaz–Mərkəzi Asiya qovşağının yeni məna yükünü ortaya qoyur. Bu yanaşma, tarixən eyni sivilizasiya mərhələsinin müxtəlif qolları olan xalqlar arasında strateji təmasların təbii olduğunu vurğulamaqla yanaşı, yeni dövrdə bu birliyi siyasi sistemlər səviyyəsinə qaldıran konseptual əsas yaradır. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında son üç ildə baş tutmuş rekord sayda qarşılıqlı səfərlər, liderlərarası dinamik siyasi dialoq və institusional əməkdaşlıq mexanizmlərinin sürətlə genişlənməsi, bölgədə vahid geosiyasi düşüncə məkanının formalaşmaqda olduğunu təsdiqləyir.

Bu kontekstdə Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə qazandığı strateji dərinlik xüsusilə seçilir. Dövlət başçıları səviyyəsində yüksək etimadın mövcudluğu iki ölkə arasında bütün sahələrdə irəliləyişi sürətləndirən unikal faktor kimi çıxış edir. İmzalanan müttəfiqlik sənədləri, strateji bəyannamələr və 2025–2029-cu illəri əhatə edən Yol Xəritəsi əlaqələrə institusional dayanıqlıq qazandırmaqla yanaşı, münasibətləri yeni normativ çərçivə üzərində qurur. Qarabağın bərpasına Özbəkistanın göstərdiyi dəstək bu münasibətlərin təkcə siyasi və iqtisadi deyil, mənəvi və tarixi ölçüdə də dərin köklərə malik olduğunu təsdiqləyir. Bu jest rəsmi diplomatiya müstəvisindən çıxaraq xalqların yaddaşına həkk olunan qardaşlıq münasibətlərinə çevrilir.

İqtisadi-ticari əməkdaşlıq sahəsində müşahidə edilən yüksəliş tempi Azərbaycanın və Özbəkistanın bir-birinə strateji iqtisadi tərəfdaş kimi baxdığını nümayiş etdirir. Ticarət dövriyyəsinin bir ildə 87,5 faiz artması, 120-dən çox Özbəkistan sərmayəli şirkətin Azərbaycanda fəaliyyət göstərməsi və iki ölkənin ortaq investisiya şirkətinin yaradılması əlaqələrin iqtisadi inteqrasiyasının struktur əsaslarını formalaşdırır. Xankəndidə açılan birgə müəssisə isə türk dünyası daxilində siyasi-iqtisadi əməkdaşlığa və regionda postmünaqişə dövrünün iqtisadi modelinə yeni məzmun gətirir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin regional miqyasını milli çərçivədən çıxarır və Avrasiyada geoiqtisadi arxitekturanın yenidən şəkilləndirilməsini göstərir. Orta Dəhliz çərçivəsində tranzit yükdaşımalarının artması, Azərbaycanın liman, dəmir yolu, hava nəqliyyatı və multimodal nəqliyyat-tranzit infrastrukturunun yüksələn rolu, həmçinin Zəngəzur dəhlizinin perspektivləri Mərkəzi Asiya üçün qlobal bazarlara yeni çıxış imkanları açır. Azərbaycan–Özbəkistan əməkdaşlığı bu prosesin fəal həlqəsi kimi regionda strateji sabitliyin və iqtisadi şaxələndirməsinin təməl elementlərindən birinə çevrilir.

Enerji sahəsində tərəflərin həm ənənəvi, həm də bərpaolunan enerji istiqamətində əməkdaşlığı regional təhlükəsizlik və dayanıqlı inkişaf üçün yeni çərçivə yaradır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin inteqrasiyasına dair imzalanan üçtərəfli sənədlər artıq Avrasiyada vahid enerji sisteminin formalaşdırılması prosesinə real başlanğıc qoyur.

Mədəni-humanitar sahədə əməkdaşlıq dövlətlərarası münasibətlərin mənəvi dayağını təşkil edir. Mədəniyyət günləri, regional qardaşlaşma layihələri, Bakıda “Özbəkistan” parkının və Daşkənddə Heydər Əliyev meydanının yaradılması xalqlarımızın tarixi yaxınlığının real təcəssümüdür. Azərbaycan və Özbəkistanın 2027-ci il U-20 Dünya Çempionatını birgə keçirməsi isə ölkələrimiz arasındakı əlaqələri idman diplomatiyası vasitəsilə qlobal səviyyəyə çıxarır.

Bütün bunlar Prezident Əliyevin müsahibəsini təkcə cari vəziyyətin izahı kimi deyil, strateji vizionun siyasi-intellektual təsviri kimi qiymətləndirməyə əsas verir. Müsahibədə sadalanan hər bir istiqamət, ifadə edilən hər bir tezis, təsvir olunan hər bir əməkdaşlıq xətti Azərbaycan–Özbəkistan əlaqələrinin yeni tarixi dövrə qədəm qoyduğunu, bu münasibətlərin təkcə ikitərəfli deyil, bütövlükdə Türk dünyasının siyasi gələcəyi üçün fundamental əhəmiyyət daşıdığını təsdiqləyir. Bu müsahibə həm regional geosiyasi arxitekturanın yeni modelini müəyyənləşdirir, həm də türk əməkdaşlığının ideoloji konseptual bazasını daha da möhkəmləndirir. Azərbaycanın və Özbəkistanın strateji tərəfdaşlığı regionun gələcək inkişaf xəritəsinin əsas koordinatlarını formalaşdırmaqla yanaşı həm də ortaq tariximizin zəngin irsindən uğurlu gələcəyə uzanan möhkəm bir körpü yaradır.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki