image-reklam-veteninfo
image-telefon-mobil-sosil-media-768x403backend

Artıq vaxtı çatdı – Qadağa işə düşməlidir

image-reklam-veteninfo

Dünyanın müxtəlif ölkələrində məktəblərdə şagirdlərin mobil telefon istifadəsinə məhdudiyyətlərin tətbiqi istiqamətində addımlar atılır. Məqsəd dərs zamanı diqqət dağınıqlığının qarşısını almaq, təhsil mühitində rəqəmsal asılılığı azaltmaq və müəllim-şagird münasibətlərində diqqəti tədris prosesinə yönəltməkdir.

Bəs Azərbaycanda orta məktəblərdə mobil telefonlardan istifadəyə qadağa qoyula bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev hesab edir ki, Azərbaycanda da məktəblərdə mobil telefon istifadəsinə ciddi məhdudiyyətlərin tətbiq edilməsinin vaxtı çatıb.

Təhsil məsələləri üzrə ekspert 300 minlik dələduzluqda ittiham edilir Pravda.az

Ekspertin sözlərinə görə, əsas məqsəd şagirdləri texnologiyadan uzaqlaşdırmaq deyil, şəxsi smartfonların tədris prosesində yaratdığı diqqət dağınıqlığını aradan qaldırmaq olmalıdır.

“Azərbaycanda da orta məktəblərdə mobil telefonlardan istifadəyə ciddi məhdudiyyət tətbiq edilməsinin vaxtı çatıb. Amma burada bir məqamı düzgün müəyyənləşdirməliyik: məqsəd uşağı texnologiyadan uzaqlaşdırmaq deyil. Əksinə, şəxsi smartfonu məktəbdən çıxarıb, onun yerini təhsil üçün nəzərdə tutulmuş rəqəmsal vasitələrlə doldurmaq lazımdır”, – deyə ekspert bildirib.

Bir sıra ölkələrdə telefon istifadəsinə məhdudiyyət qoyulur

Fuad Hacıyev qeyd edib ki, məktəblərdə mobil telefon istifadəsinin məhdudlaşdırılması artıq yalnız ayrı-ayrı ölkələrin deyil, dünyanın müxtəlif təhsil sistemlərinin gündəmində olan məsələyə çevrilib.

Onun sözlərinə görə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanda məktəblərdə mobil telefonlardan istifadəyə müxtəlif formalarda məhdudiyyətlər tətbiq olunur. Bəzi ölkələrdə yalnız dərs zamanı telefon istifadəsinə qadağa qoyulduğu halda, digərlərində məktəb daxilində smartfonlardan istifadəyə daha sərt yanaşılır.

Ekspert Avropa ölkələrində də oxşar tendensiyanın müşahidə edildiyini vurğulayıb. Onun sözlərinə görə, Fransa məktəblərdə telefon istifadəsinin məhdudlaşdırılması istiqamətində ən sərt modellərdən birini tətbiq edir. İngiltərədə də məktəb günü ərzində, o cümlədən fasilə və nahar vaxtlarında smartfon istifadəsinin qarşısının alınmasına yönələn qaydalar gücləndirilib.

“Yəni inkişaf etmiş ölkələr artıq “uşağa telefon verək, özü necə istəyir istifadə etsin” yanaşmasından uzaqlaşırlar”, – deyə Fuad Hacıyev əlavə edib.

Ekspert ABŞ-da vahid federal qadağanın olmadığını, qaydaların ştatlara və məktəb dairələrinə görə dəyişdiyini də diqqətə çatdırıb. Buna baxmayaraq, ölkədə məktəb saatlarında smartfon istifadəsinin məhdudlaşdırılması istiqamətində ciddi tendensiyanın formalaşdığını bildirib.

Çində isə daha sərt yanaşmanın tətbiq edildiyini deyən ekspert qeyd edib ki, şagirdlərin şəxsi telefonlarını məktəbə gətirməsi ciddi şəkildə məhdudlaşdırılır. Bununla yanaşı, Çin rəqəmsal təhsildən imtina etmir, əksinə, rəqəmsal platformaların və süni intellekt texnologiyalarının təhsil sisteminə inteqrasiyasını genişləndirir.

“Bir şagird – bir cihaz” modeli Azərbaycanda tətbiq oluna bilər

Fuad Hacıyev Yaponiya nümunəsinin Azərbaycan üçün xüsusilə maraqlı olduğunu düşünür. Onun sözlərinə görə, bu ölkədə GIGA School layihəsi çərçivəsində “bir şagird – bir cihaz” prinsipi geniş şəkildə tətbiq olunub.

Beləliklə, şagirdin şəxsi smartfonu əsas tədris vasitəsinə çevrilmir. Bunun əvəzinə məktəb və təhsil sistemi tərəfindən idarə olunan kompüter və planşetlərdən istifadə edilir.

“Mən də Azərbaycanda məhz buna bənzər modelin tərəfdarıyam”, – deyə ekspert vurğulayıb.

Onun fikrincə, məktəblərdə telefon istifadəsi məhdudlaşdırılacaqsa, şagirdlərə alternativ rəqəmsal vasitələr təqdim edilməlidir. Ekspert mərhələli şəkildə hər bir şagirdin məktəbdə istifadə edə biləcəyi planşet və ya digər tədris cihazı ilə təmin olunmasını təklif edir.

“Bu cihaz adi smartfon kimi TikTok, Instagram, oyun və digər diqqətyayındırıcı platformalar üçün istifadə edilməməlidir. Məktəbin idarə etdiyi xüsusi sistem olmalıdır. Dərsliklər, tapşırıqlar, elektron kitabxana, xarici dil proqramları, testlər, videodərslər və müəllimin göndərdiyi materiallar həmin sistemdə yerləşdirilə bilər”, – ekspert bildirib.

Süni intellekt də tədris cihazlarına inteqrasiya edilə bilər

Fuad Hacıyev hesab edir ki, gələcəkdə belə sistemlərə süni intellekt texnologiyalarının da inteqrasiyası mümkündür.

Onun sözlərinə görə, şagird anlamadığı mövzu ilə bağlı əlavə izah ala, xarici dil dərslərində danışıq məşqləri edə və riyaziyyatdan əlavə tapşırıqlar yerinə yetirə bilər. Müəllim isə hansı şagirdin hansı mövzuda çətinlik çəkdiyini sistem üzərindən izləyə bilər.

Ekspertin fikrincə, bu halda şagirdə “telefonu əlindən alırıq” mesajı verilmir. Əksinə, əyləncə məqsədli şəxsi cihazın yerinə təhsil üçün nəzərdə tutulmuş texnoloji vasitə təqdim olunur.

“Planşetlərin alınması dövlət üçün böyük xərc yaratmaya bilər”

Planşetlərlə kütləvi təminatın dövlət üçün böyük maliyyə yükü yaradacağı fikrinə də münasibət bildirən ekspert bunun düzgün planlaşdırma və hesablamalarla həll edilə biləcəyini deyib.

“Azərbaycan kimi ölkədə söhbət yüz minlərlə cihazdan gedirsə, bunu pərakəndə satış qiyməti ilə hesablamaq düzgün olmaz. Təhsil Nazirliyi böyük Çin texnologiya və istehsal şirkətlərindən biri ilə birbaşa uzunmüddətli müqavilə bağlaya bilər. Kütləvi istehsal və yüz minlərlə cihazdan ibarət sifariş zamanı bir cihazın maya dəyəri və alış qiyməti əhəmiyyətli şəkildə aşağı düşəcək”, – deyə o qeyd edib.

Ekspert hesab edir ki, məktəblər üçün ən bahalı və müasir planşet modellərinin alınmasına ehtiyac yoxdur. Əsas tələb təhsil platformalarını işlədə bilən, təhlükəsiz, möhkəm və mərkəzdən idarə olunan sadə cihazların seçilməsidir.

Onun fikrincə, bu cihazlar dövlətin mülkiyyətində saxlanıla və şagirdlərə istifadə üçün verilə bilər. Şagird məktəbi bitirdikdən sonra isə həmin cihaz növbəti şagirdə təqdim oluna bilər.

“Bu, təhsildə imkan bərabərliyinə investisiyadır”

Fuad Hacıyev təhsil büdcəsində prioritetlərin də yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

“Bizə nəticəsi cəmiyyət tərəfindən hiss olunmayan növbəti formal layihələrdənsə, şagirdin hər gün istifadə etdiyi və təhsilin keyfiyyətinə birbaşa təsir göstərən belə layihələr lazımdır”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, məktəblilərin rəqəmsal cihazlarla təmin olunması yalnız texnoloji yenilik kimi qiymətləndirilməməlidir. Bu, həm də təhsildə imkan bərabərliyinə yönəlmiş addım ola bilər.

“Bir neçə ildən sonra ölkədə yüz minlərlə şagird elektron kitabxanaya, keyfiyyətli xarici dil materiallarına, rəqəmsal dərsliklərə və müasir təhsil platformalarına eyni imkanlarla çıxış əldə edirsə, bu, sadəcə planşet almaq deyil, təhsildə imkan bərabərliyinə investisiyadır”, – deyə Fuad Hacıyev əlavə edib.

“Müəllim artıq TikTok və YouTube-la da rəqabət aparır”

Ekspert məktəblərdə mobil telefonların yaratdığı psixoloji və sosial problemlərə də diqqət çəkib.

Onun fikrincə, hazırda müəllim sinifdə yalnız şagirdlərin diqqəti uğrunda deyil, eyni zamanda TikTok, Instagram, YouTube, mesajlar, oyunlar və çoxsaylı bildirişlərlə rəqabət aparır.

“45 dəqiqəlik dərsdə uşağın diqqətini bu qədər stimulla rəqabətdə saxlamaq getdikcə çətinləşir”, – deyə ekspert vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki