image-1backend

Azərbaycan kinosunun yaraşıqlı oğlanı: İçkini və göyərçinləri sevdi, təhna öldü, məzarı…

image-reklam_sirab_01

Bir gün fikrində, çəkəcəyi kinoya aktyor seçimi edə-edə evə gələn Arif Babayev damda yenə Ələsgəri quş uçuran görür. Öz-özünə düşünür ki, ilahi, necə də Yan Mareyə (məşhur fransız aktyoru) oxşayır, bu niyə quş uçurtmaqla məşğul olur axı?

Arif Babayev onu aşağı, yanına çağırır.

– Sən niyə bir sanballı işlə məşğul olmursan? Özü də ailənin ehtiyacı var.

– İş olsaydı, məşğul olardım.

– Neft mühəndisi iş tapmır?

– ….

– Gəl kinostudiyaya danışarıq.

Rejissor cavab gözləmədən aralanır…

Ələsgər İbrahimov səhər möcüzələrin yarandığı yer zənn etdiyi “Azərbaycanfilm” kinostudiyasına gəlir. Arif Babayevin təklifi ilə onu kinostudiyaya mühəndis kimi işə götürürlər. Kaş ki, onun həyatında hər şey belə rahat, rəvan gedə biləydi…

Azərbaycan kinosunun ən yaraşıqlı aktyorları arasında ilk sıralarda qərar tapan Ələsgər İbrahimovun bu gün doğum günüdür, 81 yaşı olur. Kaş ki, xarici görünüşü kimi həyat yolu da gözəl olardı, yarıda qırılmazdı…

Ələsgər İbrahimov 1942-ci ildə Bakıda anadan olub. Orta məktəbdə oxuyarkən istedadı, qabiliyyəti və savadı ilə yaşıdlarından hər zaman fərqlənməyi bacarıb. Rus bölməsində təhsil alan Ələsgər ədəbiyyatı çox seviib. Rus şairləri ilə yanaşı, Azərbaycan klassiklərini də mütaliə edib. Füzuli, Hafiz, Ömər Xəyyamdan rus dilində saatlarla əzbər deyirmiş. Bütün bunlara baxmayaraq Ələsgərin texniki fənlərə marağı daha çox olub.

Məhz bu səbəbdən orta məktəbi bitirdikdən sonra indiki Dövlət Neft Akademiyasına daxil olub. Mühəndislik onun arzusu olub. Bir müddət müxtəlif yerlərdə işləsə də, sonradan ömrünü kinoya bağlayıb, qismətə bax ki, “Azərbaycanfilm” kinostudiyasına ilk dəfə mühəndis kimi gedib. Zamanla gənc mühəndis Ələkbər İbrahimov çox məşhur aktyora çevrilir. Onun ulduzu daha çox parlaya bilərdi. Bəlkə də özü bunu istəmədi və ya zaman buna imkan vermədi…

Onun kinoya olan həvəsi və istedadı Adil İsgəndərovun da gözündən yayınmır. Artıq aktyor kimi tanınan Ələsgər İbrahimov kinostudiyada mühəndis işləyə-işləyə Adil İsgəndərovun axşamlar açdığı kinoaktyor kursuna getməyə başlayır və bununla da özünü aktyor kimi daha da inkişaf etdirir. Sonralar Şamil Mahmudbəyovun quruluş verdiyi “Torpaq, dəniz, od, səma” filminə də çəkilir. Eyni zamanda bir çox televiziya filmlərində epizodik rollarda iştirak edir.

Görkəmli rejissor Arif Babayevlə İçərişəhərdə qonşu olması onun kino həyatında böyük rol oynayıb. Arif Babayev qonşuluqda yaşayan bu yaraşıqlı insanın kino üçün maraqlı faktura olacağına inanmış və onu 1967-ci ildə İmran Qasımovun ssenarisi əsasında çəkdiyi “İnsan məskən salır” filmində əsas qəhrəman olan Ramiz roluna çəkir.

Ələsgər İbrahimov məhz Ramiz Allahverdiyev rolu ilə kinoda debüt edir. Arif Babayev qeyri-peşəkarları peşəkar səviyyədə çəkməyi bacaran kinorejissorlardan biri idi. Gözü tutan şəxsləri sınaq çəkilişlərinə dəvət edirdi ki, bunlardan biri də Ələsgər idi.

İlk dəfə çəkildiyi “İnsan məskən salır” filmindəki Ramiz obrazı onu geniş tamaşaçı auditoriyasına tanıdır və beləliklə də, rejissorların diqqətində dayanır. Növbəti dəfə o, görkəmli rejissor Tofiq Tağızadənin quruluş verdiyi “Yeddi oğul istərəm” filmində Zalımoğlu obrazına çəkilir.

Azərbaycan kino tarixində həm də yeddi oğuldan biri kimi qalmağı bacarır Ələsgər İbrahimov. Deyilənə görə, filmin çəkilişləri zamanı Ələsgər İbrahimov at üzərində olan çəkilişlərdən qoxurmuş. Bu baxımdan da yeddi oğulun göründüyü kadrlarda həmişə ən axırda o gəlirdi.

“Ömrün ilk saatı”, “Dədə Qorqud”, “Bizi dağlarda axtarın”, “Arxadan vurulan zərbə”, “Dvorjakın melodiyası”, “Qaraca qız” kimi filmlərdə özünəməxsus obrazlar yaratmağı bacarıb peşəkar aktyor. Onu tanıyanlar deyirlər ki, Ələsgər İbrahimovun oynadığı rolların daxili dünyası onun xarakteri ilə üst-üstə düşürdü.

Ələsgər İbrahimov göyərçinlərin və içkinin aludəçisi olub. Deyilənə görə hər gün içirmiş… Evdə də, işdə də dama çıxıb göyərçinlərini yemləyir, onlara xüsüsi bir sevgi və qayğı ilə yanaşardı. İçkini bu qədər sevməsəydi, bəlkə də, gözəl ailəsi, övladları ola bilərdi. Özü yaşlarında gözəl, istedadlı bir xanımla sevgi münasibətləri olub yaraşıqlı aktyorun. Həmin xanımın isə ondan yalnız bir istəyi olub: içkini atsın… O isə nə içkini ata bilir, nə də evlənə…

Nə özü, nə də ki, zaman onunla ədalətli davranmır… Ələsgərin sevdiyi qız başqası ilə ailə qurur, daha sonra qonşuların şikayəti nəticəsində kinostudiyanın üstündəki göyərçin hini də qadağan olunur.

Hər iki hadisə aktyora çox böyük zərbə olur. O, daha çox özünə qapanır və içir. Günlərlə evdən çölə çıxmır, bəzən onu bağlı qapı arxasında, boş araq şüşələrinin arasında yatmış vəziyyətdə tapırlar. Yaşadığı bütün bu acı günlər ona daha bir zərbəni vurur, həkimlər Ələsgər Ələkbərova çənə xərçəngi diaqnozunu qoyurlar…

Nəinki öz dövrünün, bütün zamanların ən yaraşıqlı aktyoru, istedadlı sənətkarı tək-tənha, 37 yaşında bu dünyaya əlvida deyir. Nə yas mərasimi olur, nə də məzarı üstünə gedəni… Bir şəxsdən başqa…. Sevdiyi və onu sevən qadın məzarı başında səssizcə ağlayır… Yaşananlara və ən çox da yaşanmayanlara bəlkə də… Zamanla bu göz yaşları da quruyur. Və baxımsızlıqdan Əlsəgər İbrahimovun məzarı tanınmaz hala düşərək itib- batır…

Həyat heç də hamıya hər zaman adil davranmır. Ələsgər İbrahimova davranmadığı kimi… Geridə yalnız yaraşıqlı obrazları və adı qalır…publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki