Kəskin iti baxışlar, ağayanalıq, fərqli səs tembri, yaraşıqlı siması onu fəqləndirən əsas xüsusiyyətlərdən idi. Ələsgər Ələkbərovdan söz düşəndə, ilk növbədə, gözlərimiz önündə onun ekranda yaratdığı azərbaycanlı kişisinin təbii obrazı – Rüstəm kişi canlanır. Onun kimi dramatik rolların öhdəsindən layiqincə gələn, hər bir obrazının haqqını verən çox əz sənətkarlar olub.
Teatr tənqidçiləri isə onun haqqında həmişə belə deyiblər: Ələsgər Ələkbərov o aktyorlardandır ki, teatr aləminə olan sevgisini, hörmətini tamaşaçı auditoriyasına da öyrətməyi bacarırdı.
Vətəninfo.az xəbər verir ki, bu gün Xalq artisti, sevilən sənətkar Ələsgər Ələkbərovun anım günüdür.
Ələsgər Ələkbərov 1910-cu il martın 26-da Bakının Buzovna kəndində doğulub. Ailədə 3 qardaş, 4 bacı olublar. 8 yaşında Bakı Realnı Məktəbinin birinci sinfinə gedib. Elə ilk siniflərdən şeirə, ədəbiyyata, sənətə böyük marağı olduğundan həmyaşıdları onu “aktyor” deyə çağırıblar.14 yaşından Ələsgər Ələkbərov Əbilov adına klubun dram dərnəyinə getməyə başlayır. Anası onun bu istəyinə qətiyyətlə etiraz etsə də, Ələsgər fikrindən dönmür. Elə bu inadının və həvəsinin sayəsində o, gələcəyin ən müqtədir sənətkarlarından biri olmağı bacarır.
1927-30-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alır. Tələbəlik illərində sonra Türk İşçi Teatrında ilk obrazlarını uğurla ifa edir. Daha sonra bir müddət Gəncə, Tiflis Azərbaycan Teatrında da özünü sınamağa qərar verir. 1933-cü ildən isə yolunu Akademik Milli Dram Teatrına salır.
Teatrda Ələsgər Ələkbərovu bir aktyor kimi kəşf edən, onun yüksək peşəkarlıq və sənətkarlıq bacarığını üzə çıxaran, tamaşaçıya təqdim edən görkəmli rejissor Adil İsgəndərov olur. “Vaqif”, “Otello”, “Həyat”,“Xanlar” , “Fərhad və Şirin” , “Nizami”, “Cavanşir”, “Aydın” və bu kimi neçə səhnə əsərlərində özünəməxsus obrazlar yaradaraq böyük tamaşaçı sevgisini qazana bilib Ələsgər Ələkbərov.
Həyatın gərdişi sonralar bu iki böyük sənətkar arasında soyuq yellər əsdirir. İtirən isə təbii ki Azərbaycan teatrı olur…
1959-cu ildə Moskvada keçirilən ongünlükdə Azərbaycandan gəlmiş incəsənət xadimlərinə ittifaq səviyyəli fəxri adlar verilir. Akademik Dram Teatrının payına düşən fəxri ada isə Ələsgər Ələkbərov layiq görülməli olsa da, həmin ad ona deyil, dostu və rejissoru Adil İsgəndərova verilir. Bu hadisə Ələsgər Ələkbərova bərk toxunur və o, qəlbindəki incikliyi dəf edə bilmir. Bakıya qayıdandan sonra teatrdan çıxmaq barədə ərizə yazır. Sonralar hər ikisi etiraf edirlər ki, onların küskünlüyü Azərbaycan teatrı üçün baha başa gəlir.
Sənət dostlarının söhbətlərinə görə, onların arasında inciklik hələ “Vaqif” tamaşasından əvvəl də varmış Hətta Adil İsgəndərov küsülü olsalar da, Vaqif rolunu Ələsgər Ələkbərova verəndə, teatrda hamı bunu təəccüblə qarşılayıb. Onların təəccüb dolu baxışlarına Adil İsgəndərov bir kəlmə ilə – “qadam, mən ondan başqa Vaqif görmürəm” – deyə cavab verib. Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov düşmən olduğu Adil İsgəndərov haqqında “On sozdal menya” deyirmiş. Bir müddət sonra Adil İsgəndərov da teatrdan gedir. 1960-cı ilin sonunda Ələsgər Ələkbərov teatra qayıdıb və o, sonralar “İsgəndərovsuz teatr həmin teatr deyil” deyərək öz fikrini və təəssüfünü hər yerdə bildirib.
Şəxsi həyatı da sakit, söz-söhbətsiz olmayıb aktyorun. 3 dəfə ailə həyatı qurub Ələsgər Ələkbərov. Onun ilk sevgisi aktrisa Hökümə Qurbanova olub. Aktyor Höküməni görən ilk gündən ona aşiq olub. 1933-cü ildə ailə qurublar və bu evlilikdən Nailə adlı qızları olub. Bir neçə ildən sonra isə cütlük qısqanclıq səbəbindən ayrılıb. Aktyor ikinci dəfə Zoya adlı yəhudi xanımla evlənir və bu evlilikdən Ramiz adlı oğlu olur. Üçüncü evliliyi isə Janna adlı tatar qadınla baş tutub. Bu evlilik 3 ilə yaxın, Ələsgər Ələkbərov dünyasını dəyişənə kimi davam edir…
Nə yaxşı ki, zamanında rejissorlar onu kino üçün kəşf edə biliblər və yaxşı ki, Ələsgər Ələkbərov kinoda yaratdığı obrazlar silsiləsi ilə tarix yaza bilib. Aktyor ilk dəfə 18 yaşında “Vulkan üzərində ev” filmində Həsən rolunu oynayıb. Daha sonra “Lətif”, “Almaz”, “Kəndlilər” filmlərində çəkilib. 1962-ci il…“Böyük dayaq” filmində Rüstəm kişi obrazı…xasiyyətcə sərt, bəlkə bir az da qısqanc olan, ailənin yumruq kimi bir olması tərəfdarı olan, yeri gələndə özündən çıxaraq səsini yüksəldən, ancaq nə olur olsun, vicdanın öndə gəldiyinə inanan, işində, xalqa, dövlətə can yandıran bu adam çox tələbkardır. Bəlkə də aktyor elə özünü oynayıb bu obrazı ilə… “Uzaq sahillərdə”, “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana”, “Fətəli xan” və bu kimi 50-yə yaxın filmdə yaddaqalan, bu gün də sevilə-sevilə izlənilən obrazlar yaratmağı bacarıb Ələsgər Ələkbərov.
Ələsgər Ələkbərovun kinodakı son işi Rüstəm kişi obrazını canlandırdığı “Böyük dayaq” filmi olub. Deyilənə görə, filmin son kadrlarının çəkilişi zamanı baş verən xoşagəlməz hadisə sonradan aktyorun dünyadan köçməsinə səbəb olub. Belə ki, “Lal Hüseyn-Rüstəm kişi davası” çəkilərkən Ələsgər Ələkbərovun başına gerçəkdən dəyənək zərbəsi dəyir. Və Lal Hüseynin dəyənək zərbəsindən aldığı xəsarət sonradan Ələsgər Ələkbərovun həyatdan köçməsinə səbəb olur. Aktyora bu filmi görmək də qismət olmur…
1963-cü il yanvarın 31-i səhər saatlarında 53 yaşında Ələsgər Ələkbərov dünyasını dəyişir. Onu son mənzilə yola salmağa ilk məhəbbəti Hökümə Qurbanova və köhnə dostu Adil İsgəndərov da gəlir…
Onun ölümünə nəinki dostları, qohumları, yaxınları, hətta teatrın divarları da aglayırdı…publika.az