image-photo-2021-12-09-15-11-56backend

Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərir

image-reklam_sirab_01

44 gün davam edən amma əsrlər keçsə də, unudulmayacaq şanlı qələbəmizin izləri bu gün Azərbaycanın hər yerində hissedilir və görülür. Bu mənada, düşmən hərbi texnikasının nümayiş etdirildiyi Hərbi Qənimətlər Parkı olduqca maraqlıdır. Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən Park paytaxtın Xətai rayonundadır. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Bu məqamda, qeyd edək ki, Hərbi Qənimətlər Parkının açılışı zamanı İsgəndər M” raketinin qalıqlarına baxan Prezident İlham Əliyev bu fikirləri bildirmişdir: “Şuşanı bax, bu “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü?”

Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Hərbi Qənimətlər Parkının ən maraqlı hissələrindən biri 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyi əks olunan, özündə 10 elementdən ibarət mühəndis-maneələr sistemini ehtiva edən ərazidir. Burada 5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur.

Lakin bütün bunlarla bərabər, qeyd etməliyik ki, Azərbaycanın bu haqlı qələbəsini düşmənlə yanaşı, digər gözü götürməyənlər də az deyil. Belə ki, Hərbi Qənimətlər Parkı ilə bağlı yersiz “humanist” fikirlərlə dolub-daşanları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, sözün məcazi mənasında, öz yerində oturtmuş və Azərbaycanı bununla bağlı ittiham edənlərin özlərini əvvəlcə müharibə zamanı həlak olmuş əsgərlərin skelet-sümüklərini muzeylərdə nümayiş ettirmələrini göz önünə gətirmələrini tələb etmişdir.

Beləliklə, Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Babayeva Xalidə – BDU


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki