Tariximizin önəmli və parlaq dövrünü yaşayırıq. Uzun illərdir erməni işğalı altında qalan qədim torpaqlarımız 44 gün davam edən müharibə nəticəsində azad olundu. Düşmən üzərində böyük qələbə qazandıq. Son 200 ildə ilk dəfədir ki, erməni işğalçıları Azərbaycan torpaqlarından rüsvayçılıqla qovuldu! Prezident İlham Əliyevin Ali Baş Komandan olduğu Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi zamanı 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini və çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi. Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Şuşanın azad olunduğu gün Prezidentimiz tərəfindən tariximizə Zəfər günü kimi təsbit edildi. Azərbaycan, Rusiya liderlərinin və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata görə isə Kəlbəcər, Ağdam və Laçın rayonları qan tökülmədən azad edildi. Prezidentimizin Ali Baş Komandanlığı altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı qısa zamanda azad etdi! Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi qələbə ilə başa çatdı. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi! Qərbi Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsinin türk dünyasını coğrafi baxımdan parçaladığını dərindən bilən Prezidentimiz Naxçıvanla ölkənin əsas hissəsini birləşdirən yolun tikintisinə dair razılaşmaya da nail oldu. Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. 2016-cı il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcək. 2020-ci il noyabrın 10-da dövlətimizin başçısının Ali Baş Komandanlığı altında ordumuz tarixi qələbə qazandı. Mənfur düşmən isə torpaqlarımızdan qovuldu. Beləliklə, insan qanına susayan erməni vandalları layiq olduqları cəzanı aldılar! 44 günlük müharibə nəinki döyüş meydanında, həm də informasiya məkanında aparıldı. Dövlət başçısı döyüşlərə komandanlıq etməkdən savayı, eyni zamanda dünyanın ən nüfuzlu telekanallarına, mətbuat orqanlarına 30-dan çox müsahibə verdi. Bununla ermənilərin həm də informasiya manipulyasiyasına ciddi zərbə vuruldu. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz prinsipial mövqeyini hələ Avropa Şurasının Parlament Assambleyasındakı fəaliyyəti zamanı nümayiş etdirmişdir. Azərbaycanın bu məsələdə haqlı və ədalətli tərəf olduğunu, ölkəmizin təcavüzə məruz qaldığını, 20 faizdən çox torpaqlarımızın işğal olunduğunu, 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvasından didərgin salındığını Avropa cəmiyyətinə, bütün dünyaya çatdırmaqda İlham Əliyev misilsiz rol oynamışdır. Son 17 ildə Prezidentin birbaşa himayəsi ilə İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında və digər nüfuzlu beynəlxalq təşkilatlarda Qarabağın Azərbaycan torpağı olduğu təsbit olunmuşdur. İkinci Qarabağ müharibəsi zamanı da biz dövlət başçısının Azərbaycanın haqlı mövqeyini sarsılmaz inamla, yüksək intellektual cavablarla necə dəqiq müdafiə etdiyinin və xarici auditoriyaya hansı təkzibedilməz arqumentlərlə çatdırdığının şahidi olduq. Hətta içlərində erməni lobbisinə xidmət edən bəzi jurnalistlərin təxribatçı suallarına, işğalçıları açıq şəkildə müdafiə edən və peşə etikasına sığmayan suallarına belə təmkinlə, arqumentlərlə ən yüksək səviyyədə cavablar verdiyini qürurla izlədik. Vətən müharibəsində xalq qalib gəlir. Xalq bu müharibədə öz başçısına – Prezidentinə, Ordusunun sərkərdəsinə inandı, onun və Vətən torpaqları naminə çarpışan ordunun arxasında durdu. Və müharibədən qalib xalq kimi çıxdı. Bu Azərbaycanımızın gələcək tarixinə olduqca müsbət təsir göstərəcəkdir.
Fəridə Rəhimova- Azərbaycan Dövlət İqtisad Universiteti


























