image-img-20211202-wa0006backend

Könül Nurullayeva: “Laçın rayonunun azad olunması Azərbaycanın hərbi qələbəsinin diplomatik müstəvidə davamı idi”

image-reklam_sirab_01

1992-ci ilin mayında işğal olunan Laçın rayonu bir il əvvəl, 1 dekabr 2020-ci ildə azad olundu. Bu, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz hərbi qələbənin diplomatik müstəvidə davamı idi. Aydındır ki, döyüş meydanında düşməni darmadağın edən Azərbaycan Silahlı Qüvvələri digər ərazilərimiz kimi, Laçını, Kəlbəcəri, Ağdamı da hərbi yolla azad etmək gücündə idi və Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, bununla bağlı bizim planlarımız var idi, biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Sadəcə, rayonun çox mürəkkəb relyefi və sərt hava şəraiti səbəbindən böyük itkilərin olacağı qaçılmaz idi. Döyüş meydanında əldə edilmiş parlaq qələbə nəticəsində biz Ağdam, Kəlbəcər və Laçını bir güllə atmadan qaytardıq.
Laçın strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Hələ 1992-ci ildə Laçın işğal edildikdən sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaranırdı ki, bu da işğalçı üçün strateji baxımdan əlverişli idi.
Yəni, Laçının işğalından sonra Ermənistan üçün yol açılmışdı. 28 illik işğal dövründə Ermənistan Cenevrə Konvensiyalarının bütün prinsiplərini pozaraq, Laçın rayonunda coğrafi adları dəyişdirmiş, rayonun təbii resurslarını talan edərək, qazanc mənbəyinə çevirmiş, bu azmış kimi qanunsuz məskunlaşma siyasəti aparmışdı. Lakin bütün tarixi torpaqlarımız kimi Laçın da öz milli ruhunu və tarixi simasını qorudu. 2020-ci il Şuşanın azad olunmasından sonra Azərbaycan Ordusu Laçının da bir neçə kəndini azad etdi. Düşmən məcburən kapitulyasiya aktına imza ataraq, Laçından da çıxmağa dair təqvim verdi. Beləliklə, tarixi ədalət bərpa olundu.
Son bir ildə azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri Laçın rayonunu da əhatə edir. Rayonun ərazisində əhəmiyyətli infrastruktur layihələri icra edilir. Təsadüfi deyil ki, azad edilmiş ərazilərimizdə istismara verilən ilk elektrik stansiyası generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasıdır. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev rayona səfəri zamanı bu stansiyaların hər birinin bərpa ediləcəyini bildirib.
Laçında inşa olunan beynəlxalq hava limanı isə ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Dövlət başçımızın da söylədiyi kimi, Laçın Beynəlxalq Hava Limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Aeroportda 3 kilometrlik uçuş-enmə zolağının, 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşəcək hava limanı ətraf ərazilərə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Beləliklə, Laçın da daxil olmaqla bütün işğaldan azad olunmuş ərazilərimiz bərpa olunur və bütün görülən işlər qısa zamanda keçmiş məcburi köçkün soydaşlarımızın öz doğma yurduna qayıtmasına, bundan sonra burada əbədi yaşamasına hesablanıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki