Dünyada ən işgüzar Birinci Xanım kimi tanınan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramlarının əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Heydər Əliyev Fondu uğurlu layihələrin müəllifi olaraq, yüksək səviyyəli konfranslarda, festivallarda itşirak edib, eyni zamanda belə miqyaslı tədbirlərə ev sahibliyi edib. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır. Bu fəaliyyət humanizm meyarına söykənir.Əslində, onun gördüyü bu işlər Azərbaycanı yaşatmaq siyasətidir. Azərbaycanı tanıtmaq siyasətidir.
Azərbaycanı olduğu kimi dünya ponaramasına daxil etmək siyasətidir. Bir insanın vətənpərvərlik siyasətidir ki, sivil yolla, mədəni körpülər vasitəsilə siyasət həyata keçirilir. Ehtiyacı olan insanlara yardım edir, mənəvi dünyasının qapılarını onların üzünə açır. Onun “Təhsilə dəstək” layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Hətta xarici dövlətlərdə belə elmə, təhsilə diqqət göstərir. Belə ki, Fondun təşəbbüsü ilə yəhudi təhsil mərkəzi, fransız məktəbi yaradılıb. Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikdirib. Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilib və ya təmir edilib. Azərbaycanın Birinci Xanımının genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədi də dayanır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı təhsil sahəsində saysız nailiyyətlərə səbəb olub. Belə ki, bu layihə çərçivəsində yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilib, təmir olunub, yüksək standartlarla təchiz edilib. Belə müasir məktəblər yeni üfüqlər açır, şagirdlər üçün yeni imkanlar yaradır. Ümummilli Lider Heydər Əliyevin adını daşıyan, Onun ideyalarının həyata keçirilməsini özünün əsas vəzifəsi hesab edən fondun həyata keçirdiyi “Diabetli uşaqlara ən yüksək qayğı” proqramı çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər də xüsusilə önəmlidir. Qurum beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq yaradır, ölkəmizdə əhalinin sağlamlığı naminə onların imkanlarından da istifadə edir. Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın yüksək keyfiyyətli insulin istehsalı sahəsində dünyada lider olan Novo-Nordisk şirkəti ilə birgə layihənin icrasına başlanandan bəri, Azərbaycanda bu xəstəliyə tutulmuş 14 yaşınadək 310 nəfər uşağın insulinlə təminatında əvvəllər mövcud olan problemlər aradan qaldırılmışdır.
HÜMBƏTLİ FİRUZƏ—AZƏRBAYCAN DÖVLƏT PEDOQOJİ UNİVERSİTETİ


























