Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır.
Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, deputat kimi çox böyük işlər görüb, təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində çox böyük addımlar atıb. Seçicilərlə daim təmasdadır və onun deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır. Eyni zamanda, Mehriban xanım Əliyevanın deputat kimi çox geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb.
2004-cü ildən bu günə qədər Mehriban Əliyeva Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilmişdir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində son 13 il ərzində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir.
Digər layihələr ölkəmizin hərtərəfli inkişafına xidmət göstərmişdir. Heydər Əliyev Fondunun xətti və dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilmişdir. Bir çox hallarda bu məsələlər ictimaiyyət üçün açıqlanmır. Fondun fəaliyyəti məhz o məqsədi güdür ki, ehtiyacı olan insanlara yardım etsin və ən az müdafiə olunan vətəndaşlara imkan daxilində öz dəstəyini göstərsin.
Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri bizim mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Eyni zamanda, dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun çox böyük rolu olmuşdur.
Azərbaycanı dünyada tanıtmaq üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirilmişdir. Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başlamışdır ki, Azərbaycan müasir, dinamik inkişaf edən ölkədir. Eyni zamanda, Azərbaycan xalqı öz tarixi köklərinə çox bağlı olan xalqdır.
Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvüdür. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban Əliyeva xüsusi rol oynamışdır. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz onun təşkilatçılığı ilə mümkün olmuşdur. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. Birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman tədbiri kimi qalacaqdır.
Mehriban Əliyevanın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. Eyni zamanda, on ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. Əlbəttə ki, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban xanım bu işə də çox önəmli töhfə verir. 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.
Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.
Azərbaycan Dövlət Pedaqoji Universiteti. Fatimə Talıbzadə


























