Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dünya miqyasında Azərbaycanın tanıdılması prosesinə töhfələri misilsizdir. Mehriban xanımın çoxşaxəli fəaliyyətinin dəyişməz olan, uğurlarının davamlılığını təmin edən, xalqın sevgisini qazandıran prinsipləri doğurdan da əvəzolunmazdır
Mehriban xanım Əliyevanın həm ölkə hüdudlarından kənarda, həm də ölkə daxildəki fəaliyyətinin başlıca amalı Azərbaycanın şərəfli tarixi, rəngarəng mədəniyyəti və incəsənətini, zəngin dövlətçilik ənənələrimizi, istedadlı xalqımızın dünəni və bu günü barədə həqiqətləri dünyaya çatdırmaqdır. Bu, olduqca məsuliyyətli, savad, bacarıq, dünyagörüşü tələb edən işdir. Çünki söhbət nəticə etibarilə ölkəmizin və xalqımızın dünyada formalaşan reputasiyası, imicindən gedir. Bu, bacarıqlı və eyni zamanda, incə düşünülmüş təbliğati prosesdir ki, bu gün hər birimiz bu fəaliyyətin nə qədər uğurlu olduğunun şahidiyik. Mehriban xanımın Azərbaycanı dünyada təbliğ edən aksiyalara rəhbərliyi bir növ əsasında bizim mədəniyyətimizin, incəsənətimizin, musiqimizin, idmanımızın, görkəmli simalarımızım tanıdılması duran diplomatiyadır.
Ölkə başçısı Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur.
Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir.
Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi fəaliyyət istiqamətlərinə baxsaq, “Yumşaq güc” amilinin təcrübədə effektivliyinə bir daha əmin ola bilərik. Humanitar sahədə uğurlu fəaliyyət göstərən Mehriban xanım Əliyeva 2017-ci ildən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən siyasi rəhbərlik funksiyasını da icra etməyə başladı.
Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir.
Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlara start verilmişdir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban xanımın təşəbbüsü ilə Fond bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görmüşdür. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən başqa Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı olmuşdur. Bu istiqamətdə fəaliyyət Heydər Əliyev Fondu vasitəsilə heç bir ictimai məlumatlandırma olmadan həyata keçirilmişdir.
Mehriban xanım Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də böyük işlər görmüş, Azərbaycanda idman hərəkatının davamlılığına əvəzsiz töhfələr vermişdir. Yeni istifadəyə verilən orta məktəb və məktəbəqədər müəssisələrin idman zalları ilə təchiz olunması, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların, idman qurğularının istifadəyə verilməsi, bölgələrdə və paytaxtda şahmat məktəblərinin, idman komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının genişlənməsinə səbəb olmuşdur. Gimnastika üzrə dünya kuboku yarışlarının, müxtəlif çempionat və turnirlərin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi məhz Mehriban xanım Əliyevanın adı və yüksək təşkilatçılıq qabiliyyəti ilə bağlıdır. Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində idarətmədə güc birliyi təmin olunmuşdur. Onun tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilmişdir. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, bütün sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi belə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin edilmişdir.2020-ci ildə – Nəsimi ilində Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir. Bakıda IDEA-nın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmiş və beynəlxalq ekspertlərin diqqəti Azərbaycanda, eləcə də bütün Qafqazda biomüxtəlifliyin qorunmasına yönəldilmişdir.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm ölkəmizdə, həm də dünya miqyasında olduqca yüksək qiymətləndirilir. Çünki onun Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti – gördüyü işlər və irəli sürdüyü təşəbbüslər Azərbaycanın inkişafına, milli maraqlarımızın qorunmasına, beynəlxalq müstəvidə sülhün, multikulturalizmin və tolerantlığın təbliğinə, mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edir. Bu səbəbdən Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi rəğbətlə və böyük hörmətlə qarşılanır.
Çoxsaylı beynəlxalq mükafatlara layiq görülən Mehriban xanım Əliyevanın yüksək təltifləri fəaliyyətinin əhəmiyyətini və qlobal aktuallığını əks etdirir.
Xəlilova Sərvinaz YAP- ın üzvü


























