Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə 06 noyabr 2023-cü il tarixində Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbiri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov açaraq bildirib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Müasir hüquq sisteminin qurulması və inkişaf etdirilməsi Ulu Öndərin dövlətçilik konsepsiyasında xüsusi və mərkəzi yer tuturdu. Ümummilli Lider Heydər Əliyev ölkədə hüquqi dövlətə xas olan qanunçuluğun, ədalət və hüquq qaydasının təmin olunması sahəsində qətiyyətli və cəsarətli addımlar atdı, gələcəyə hesablanan ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi. Demokratik hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin ən böyük əməyi müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbul edilməsi oldu. Ümummilli Liderin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu.
Vurğulanıb ki, demokratik dəyərləri üstün tutan, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Dahi Öndərin bilavasitə rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış Konstitusiya tarixi əhəmiyyətə malik sənəd kimi ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət quruculuğunun möhkəm təməlini qoydu.
Qeyd olunub ki, Ümummilli Liderin başladığı köklü islahatların nəticəsində müasir Azərbaycan hüquq sisteminin inkişafı davamlı prosesə çevrilib. Həyata keçirilən səmərəli hüquqi islahatlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dəyirmi masada həmçinin Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Sabir Abbasəliyev, Rayon Məhkəməsinin sədri İlham Kərimli, Rayon Prokurorunun köməkçisi Şəlalə Rüstəmova və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyev demokratik cəmiyyət və hüquqi dövlətin ən vacib atributlarından olan insan hüquq və azadlıqlarının müdafiəsi üçün tarixi xidmətləri və demokratik hüquqi dövlət quruculuğunda Heydər Əliyevin dövlətçilik strategiyasının prioritet istiqamətləri barədə məlumatlar veriblər.