image-camall24backend

O elçilərə zaval yoxdur-Camaləddin Quliyev yazır

image-reklam_sirab_01

İranın Azərbaycandakı səfirlərindən hansı daha çox yadda qalıb? İlk səfir Əli Əsğər Nəvahəndianın fəaliyyətini xüsusi xatırlamıram. Amma onun vaxtında səfirliyin çap etdiyi və redaksiyalara göndərilmiş bülletenlərlə tanış olmuşam. Müasir İran və İrandakı azərbaycanlı icması haqda obyektiv saya biləcəyim, həm də xeyli maarifləndirici məlumatlar əldə etmək olurdu o bülletenlərdən. Səfirlə təmasda olan şəxslər də əsasən pozitiv xarakterizə ediblər. Sonrakı səfirlərdən Əfşar Süleymani və Möhsün Pakayini xüsusi xatırlayıram.

Birinci haqda Azərbaycan auditoriyası yetərincə məlumatlıdır. Doğulduğu və səfir olduğu ölkənin maraqlarını müdafiə etsə də, 90-cı illərdə ciddi ehtiyac duyduğumuz iqtisadi əlaqələrin, nəqliyyat- kommunikasiya xətlərinin qurulmasında oynadığı rol və II Qarabağ savaşı zamanı İran mediasında lehimizə apardığı iş xüsusən yadımda qalıb. Buna görə yalnız təşəkkürə layiqdir.

Möhsün Pakayinə gəlincə, 2012-16-cı illərdə illərdə İranın Azərbaycandakı səfiri olub. O illər iki ölkə arasında bir az İranın geosiyasətin xarakterindən, bir az hakim rejimin mahiyyətindən irəli gələn , amma daha çox kənardan qaynaqlanan gərginlik yaşanırdı. Kənar mənşəli gərginliklə bağlı bu yaxınlarda ABŞ mediasında maraqlı etiraflar da getmişdi. O zaman hakimiyyətdə olan demokratlar İsrailin İrana mümkün hücumuna maneə olmaq üçün “Vashington Post” və Küveytin “Aljarida” nəşrlərinə dezinformasiya ötürürmüşlər. Dezinformasiyanın məzmunu bundan ibarət idi ki, İrana ehtimal olunan hücum Azərbaycan Respublikası ərazisindən ola bilər. Bununla da, İran sanki əvvəlcədən xəbərdar olunurdu, ABŞ-ın İsrailn yanında olmayacağı mesajı həm Təl Əviv, həm Tehran, həm də İsrailin mümkün müttəfiqlərinə çatdırılırdı. Və beləcə mümkün ittifaqların və hücumların önü bəri başdan kəsilirdi.

İndiyədək də o dezo cilddən-cildə salınaraq İranın, təəssüf ki, rəsmi təbliğatında da əleyhimizə istifadə edilməkdədir.Pakayin o gərginlik dövrünün səfiri oldu. Müşahidə etdiyim qədər gərginliyin yumşaldılmasında müəyyən töhfəsi olub.

2020-ci ilin sentyabrından üzü bəri, xüsusən 13-cü hökumət dedikləri, yaşıl komsomolçuların (SEPAH-ın siyasi qanadının) hakimiyyətə gəlişindən sonra tez-tez yaşanan gərginliklər zamanı İran mediasında ekspert kimi çıxışlar edir. Onun avqustun ikinci ongünülyünün sonlarında Tehranın Abrar Beynəlxalq Araşdırmalar İnstitutunda “Sionist rejim və Azərbaycan Respublikası arasında əlaqələrə dair” odioz başlığı altında keçirilən xüsusi konfransdakı çıxışı da növbəti gərginlik dövrünə təsadüf edirdi.

Konfransın mövzusuna və iştirakçı tərkibinə görə sabiq səfirin orda iştirakını diplomatik etikadan uzaq addım hesab etsəm də( iştirakçılar arasında “Ar-Rad “You Tube kanalının qurucusu, “Hüseyniyyun” terror qruplaşmasının əsas sözçüsü olan Orxan Məmmədov da var idi), çıxışı ilə tanış olduqdan sonra rəyimi dəyişdim. Yaşadığı ölkənin reallıqlarını, ən əsası, elə bir odioz heyət qarşısında obyektiv mövqe səsləndirilməsinin zəruriliyini də nəzərə almaq lazımdır.

Digər çıxışçılar bizə tanış olan , yalanlar və stereotiplər üzərində qurulmuş ittihamları sadalayıblar:
– İsrail Azərbaycanı İrandan uzaqlaşdırma, deiranizasiya siyasəti həyata keçirir;
-Azərbaycanın irani kimliyi unutdurulur, tarixi faktlar təhrif edilir;
– “Bakı hakimiyyəti” dini mərasimlərin keçirilməsini əngəlləyir;
– Məscidlərdə “Ya Hüseyn” şüarı yazılmış bayraqlar deyil, dövlət bayraqları qaldırır;
-Yəhudilərin və azərbaycanlıların ortaq Xəzər imperiyası haqda “yalan uydurulur”;
-Azərbaycandan İsrailə köçmüş 800 min yəhudi bu ölkəni yəhudləşdirmək üçün geri gəlir;
-Kənd təsərrüfatı, enerji sektorları, müdafdiə sistemi İsrailin nəzarətindədir;
-Sionistlər Azərbaycan ərazisindən İranın dərinliklərinə vətəndaşların nüfuz etmək üçün istifadə edirlər, Azərbaycanda mədəni kimliyi dəyişdirmək üçün “Avroviziya” və beynəlxalq idman yarışları keçirilir və s.

Möhsün Pakayinin çıxışı bu ittihamları təkzib üzərində qurulub:
1)Sabiq səfir qeyd edib ki, Azərbaycan teokratik deyil, milli –siyasi etnos kimliyinə əsaslanan dövlətdir. Təkcə müsəlman və ya şiələrlə bağlı deyil, yəhudi və xristian dini atributikasının məbədlərdən kənar istifadəsinə də yasaq var.

2)İsrailin Azərbaycan nüfuz etməsinin səbəbləri Dağlıq Qarabağ savaşının ilk illərində Rusiyanın açıq ermənipərəst mövqe tutması, bu məsələdə İranın da Azərbaycanın etibarını qazana bilməməsi, yeni müstəqil dövlətin öz geosiyasi seçimini regional birliklərdən daha çox müstəqilliyini möhkəmlətmək üçün Qərb və beynəlxalq birliklərə üstünlük verməsi, ciddi tələbat duyduğu hərbi məhsulları İsraildən ala bilməsi olub.

3)İsrail Azərbaycandan əvvəl Qazaxıstanda ciddi iqtisadi-siyasi rıçaqlar əldə edib. Bu əlaqələrdə ABŞ-ın da xüsui payı var. Xatırladılır ki, ABŞ-Azərbaycan münasibətlərində soyuqluq yarandığı yaxın keçmişdə İsrail mediasında da Azərbaycanda demokratiya, insan hüquqları kimi mövzular müzakirə olunmağa, rəsmi Bakı ittiham olunmağa başlamışdı.

4)Dünyəvilyi təbliğ edən “Avroviziya” kimi festivallara gəlincə, Azərbaycan dünyəvi dövlətdir, ölkənin turistik təqdimatı, dünyada tanıtımı üçün belə tədbirlərin keçirilməsi normaldır.

5)Yaşanan anlaşılmazlıqlarda İran tərəfinin, xüsusən təbliğat aparatının da ciddi payı var. İzah olunan hallara aşırı reaksiya verib Azərbaycana qarşı təbliğat aparılır, bu da əks tərəfin reaksiyasına səbəb olur. Bəzənsə, İran mediası Azərbaycan Respublikasının əslində rəsmi Tehranda məmnunluq doğurmalı olan addımlarını yanlış təqdim edir. Məsələn, Azərbaycan tərəfi təkfirçiliyin (radikal vəhhabiliyin-C.Q) qarşısını almaq üçün onların təbliği ilə məşğul olduğu güman edilən Əbu Bəkr məscidini və türk məscidin bağlanmasını(güman ki, BDU şəhərciyində gülənçi oylağı kimi tanınan məkanın qapadılmasından söhbət gedir) İran mediası müsəlmanların təqibi, Azərbaycanda islamofobiyanın artması və s.kimi təqdim etmişdi.

6) İsrailə köçmüş yəhudilərin bir qisminin geri qayıtmasına gəlincə, Azərbaycan onların vətənidir, İsrailə adaptə oluna bilməyənlərin öz vətənlərinə dönməsi təbii haldır, hər yəhudi sionist deyil və s.

Sabiq səfirin “Nasr Nyuz” nəşrinə verdiyi şərhdə isə Zəngəzur dəhlizi ilə bağlı İran tərəfində qaldırılmış yersiz hay-küyün əsassızlığı sübut olunur.

Ümumiləşdirsək, İranda bütün keçmiş diplomatların, ekspertlərin baxışları yekdil deyil. Öz ölkələrinin maraqlarını göz ardı etmədən Azərbaycanla münasibətlərin daha sağlam, qarşılıqlı ittihamlarsız olmasını arzu edən, bu istiqamətdə çalışan insanlar da var. Yazıda bəhs etdiyimiz belə diplomatlardan hər iksinin təhlil və çıxışları həm faktoloji zənginliyi , həm də konstruktiv yanaşması ilə diqqət çəkir. Konkret olaraq, M. Pakayin səfir fəaliyyətində olduğu kimi ekspert fəaliyyətində də gərginliyi götürməyə, yanlış radikal baxışları təshih etməyə, mümkün olmadıqda yumşaltmağa çalışır. Bizim rəsmi maliyyəli düşüncə mərkəzləri, iri media holdinqlər onun kimilərə bir az diqqətli olmalıdırlar. Xüsusən süni gərginlikləri aradan qaldırmaq lazım gələndə onlara meydan tanımaq ziyanımıza olmazdı.

Amma nəzərə alın ki, adam lobbistimiz deyil, nə də qarşımızda xüsusi mükələfiyyəti yoxdur. Sadəcə- məlumatlıdır, peşəkardır, təcrübəlidir, ehtiyatlıdır, təhlükəli dərəcədə ağıllıdır və xalqları, dövlətləri düşmən etməyin perspektivi olmadığını da dərk edirmiş kimi görünür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image