image-fb_img_1632331071396backend

Putin-Ərdoğan görüşündən asılı İran siyasəti: YA BÖYÜK SAVAŞ, YA BÖYÜK BARIŞ!

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bağlı qapılar arxasında üz-üzə, göz-gözə keçiriləcək növbəti görüşün tarixi və yeri açıqlanıb – 29 sentyabr, Soçi şəhəri.

 

Bu, Cənubi Qafqazda yeni geopolitik reallıqlar yaradan 44 günlük Qarabağ savaşının bitməsindən sonra Ərdoğan və Putinin – bölgədə yürüdülən yeni siyasətin və gələcək nizamın əsas memarları sayılan iki prezidentin ilk birbaşa canlı təması, görüşüdür.

Telefonla danışsalar da, bu iki güclü xarakterli liderin bağlı qapılar arxasında son görüşü 2020-ci ilin martında Moskvada olmuşdu və 6 saat çəkmişdi…

Şübhəsiz ki, bu dəfə də müzakirə masasında Rusiya-Türkiyə münasibətlərində hər an həm böyük savaş, həm də böyük barış atmosferi yarada bilən Suriya və Qarabağ məsələsi ön planda olacaq. O məsələlər ki, başqa bir regional oyunçunun – son günlər Azərbaycanla münasibətlərdə süni gərginlik yaradan İranın da həyati maraqlarıyla birbaşa bağlıdır və rəsmi Tehran bağlı qapılar arasında keçiriləcək bu görüşün nə ilə nəticələnəcəyindən çox narahatdır.

İranın əsas narahatlığı odur ki, Rusiya ilə Türkiyə arasında qurulan əməkdaşlıq münasibətləri daha da inkişaf etdirilərək, onun və Çinin əleyhinə qurulmuş yeni böyük bir ittifaqa çevrilə bilər.

Bunun üçün real zəmin də var – koronavirusla dağıdılan köhnə düzən artıq ABŞ və Çin arasında rəqabətin artması, iqtiadi əlaqələrin ön plana çıxarılması və bu məqsədlə yeni ittifaqların qurulması ilə müşahidə edilir.

ABŞ-ın əsas strateqlərindən olan Zbiqnev Bjezinski vaxtilə yazırdı ki, böyüyən Çinin və ipə-sapa yatmayan İranın qarşısının alınmasının ən yaxşı yolu Amerikanın iki ölkəni – Türkiyəni və Rusiyanı öz tərəfinə çəkməsi, onun hər ikisini “Genişləndirilmiş Avropa”nın sıralarına qəbul etməsidir.

“Amerika siyasətinin patriarxı” adlandırılan, artıq 100 yaşını haqlamaq üzrə olan (1923-cü ildə doğulub) başqa bir nəhəng strateq – Henri Kissincer də hesab edirdi ki, ABŞ Rusiya ilə gələcək münasibətlərini “dost, yoxsa düşmən olmaq” istiqamətində hələ tam qətiləşdirməyib və o, öz qlobal liderliyini və təhlükəsiz dünya nizamını saxlamaq üçün mütləq Rusiyanın demokratikləşdirilməsinə və onunla əməkdaşlığa can atmalıdır.

İranın nüvə iddialarının önünü kəsmək üçünsə onunla danışıqları zərur sayan Kissincer, rəsmi Tehran anlaşmadan qaçacağı halda, ABŞ-ın şiə İranın bütün sərhədləri boyu sünni ittifaqının quruluması işini dəstəkləyəcəyinə və Türkiyə, Misir, Səudiyyə Ərəbistanı kimi ökələrin də nüvə silahı əldə edə biləcəyinə eyham vurur…

Hazırda Əfqanıstanda “Taliban”ın hakimiyyətə gətirilməsi ilə sünniliyin hənəfi məzhəbinə mənsub radikal islamçıların Çin-Rusiya-İran üçbucağında həvəsləndirilməsi və Rusiya ilə İran arasında yeganə quru əlaqəni təmin edən körpüdə – Azərbaycanda da eyni məzhəbli Türkiyə və Pakistanın təsirinin xüsusilə artması Rusiya ilə yanaşı, İranı da bərk təşvişə salmaqla, onlara zəif yerlərini xatırladıb. Rusiya radikal islamın Şimali Qafqazda və Orta Asiyada, sonra da onun öz içərisində artacağından çox narahatdır. Uzun illər Ermənistana verdiyi dəstək səbəbindən və xüsusən də 44 günlük Qarabağ savaşında Azərbaycanda böyük nüfuz itkisiylə üzləşən İran isə onun özünün yaratdığı bu boşluğu Türkiyə və Pakistanın tutduğunu, bunun isə gələcəkdə şiə məzhəbli Azərbaycanda sünniliyin sürətlə yayılmasına rəvac verəcəyini yaxşı anlayır.

İlk baxışdan Rusiya və İranın bölgədə, o cümlədən Azərbaycanda əvvəlkitək əlbir, ortaq hərəkət edəcəyi, hətta Qarabağ üzərindən Ermənistanın əliylə Azərbaycana təzyiqlərə başlayacağı düşünülsə də, bu, aldadıcı təəssüratdır və görünən odur ki, Rusiya İranın nüvə silahı əldə etməsini, eləcə də Qərbin onu çəkdiyi yeni xaos ssenarilərinə rəvac verəcək durumun yaranmasını – inkişafda olan Türkiyə ilə münasibətlərin gərginləşdirilib düşmənçiliyə çevrilməsini qətiyyən arzulamır, əksinə, Türkiyə ilə əlaqələri yeni mərhələyə keçirməkdə, hətta baş tutarsa, hansısa iqtisadi ittifaqda davam etdirməkdə maraqlıdır.

Azərbaycan prezidentinin təklif etdiyi və Türkiyə prezidentinin də dəstəklədiyi “Altılıq” formatının yaradılması Rusiyanın da arzuladığı bu ittifaqın təməllərinin atılması olmaqla yanaşı, Qara dəniz – Xəzər dənizi – Fars körfəzi regionunu “təhlükəsiz dəhliz”ə çevirməklə onun həm bütövlükdə Qərb dünyası, həm də Çin üçün əhəmiyyətini daha da artırmış olur.

Çox güman ki, Ərdoğan-Putin görüşü 44 günlük Qarabağ savaşının nəticəsi olaraq ortaya çıxmış “Altılıq” formatının da taleyinə birdəfəlik aydınlıq gətirəcək. Ona görə də bu görüşə təkcə Azərbaycan-Ermənistan münasibətlərinin aqibətini yox, həm də ABŞ-la nüvə danışıqlarını bərpa etməyə və üzərindəki ağır sanksiyaları götürməyə çalışan İranla davranışların gələcəyini müəyyənləşdirəcək tarixi bir görüş kimi baxmaq gərəkdir.

Xatırladaq ki, İranın yeni prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı “Nüvə silahının Tehranın müdafiə doktrinasında yeri yoxdur” bəyanatını verərək, ölkəsinin nüvə danışıqlarının bərpasına hazır olduğunun mesajını verib, regionda yeni bir dönəmin başladığını vurğulayıb.

Regionda başlayan bu yeni dönəmin təməlləri Azərbaycan üzərindən 44 günlük Qarabağ savaşıyla atılsa da, onun gələcək inkişafı məhz yeni dövrün iki əsas memarının sentyabrın 29-dakı üzbəüz görüşündən asılı olacaq: bu görüş ya böyük savaşa, ya da böyük barışa yol açacaq!

 

Elxan Şükürlü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image