Səsi, sənəti, ölməz musiqiləri onu hər gün bizə xatırladır desək yanılmaram. Kim bilir, hər gün neçə-neçə insan istər evdə, istər yol gedəndə, istər avtomobilində, istərsə də işdə “Nazəndə sevgilim”, “Ayrılıq”, “Gecələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm” kimi ölməz musiqiləri dinləyir… Rəşid Behbudov ölərkən belə hər gün yaşayan nadir şəxslərdəndir.
Vətəninfo.az xəbər verir ki, bu gün bənzərsiz Rəşid Behbudovun anadan olmasından 108 il keçir.
Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tbilisidə məşhur şuşalı xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. O, ifaçılıq fəaliyyətinə başlayanda 15 yaşı var idi. İlk təhsilini dəmir yolu texnikumunda alsa da bir gün belə musiqidən ayrı düşməyib. Texnikumun tələbə özfəaliyyət orkestrində böyük həvəs və sevgi ilə çıxış edib. Hərbi xidmətdə ikən belə ordu ansamblının solisti olub. Bir müddət Tbilisi estrada qruplarında, sonra da İrəvanda caz orkestrində fəaliyyətə başlayıb. İkinci dünya müharibəsi illərində Rəşidin səsi Krım cəbhəsini belə öz sehrinə salmağı bacarıb. Üzeyir Hacıbəylinin dəvəti ilə Bakıya gələrək filmə çəkilən Rəşid Behbudovun sönməyən ulduzu beləcə parlamağa başlayıb. Müğənni 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola çəkilir. 1945-ci ildə efirə çıxan film qısa zaman kəsiyində nəinki Azərbaycanda, bötövlükdə SSRİ məkanında böyük məşhurluq qazanır. Film o qədər çox sevilir ki, Əsgər roluna görə Rəşid Behbudov “Stalin” mükafatına layiq görülür.
Xalq və bəstəkar mahnılarını bir başqa təqdim edirdi sənətkar. Hər bir musiqini eyni eşq, eyni həvəs, eyni istəklə səsləndirirdi Rəşid Behbudov. İfa etdiyi hər bir əsərə Rəşid imzası atırdı sanki. Azərbaycanda ən çox xarici səfərlər edən, qastrollara gedən sənətkar idi. Dünyanın hər yerindən səsi, avazı eşidilirdi. Rəşid Behbudov keçmiş SSRİ-nin bütün respublikalarında, həmçinin Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Avstriya, Portuqaliya, Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Ekvador, Peru, Argentina, Boliviya və digər ölkələrin ən möhtəşəm konsert salonlarında çıxış edib, saatlarla ayaq üstə alqışlanıb. Təkcə Hindistanda 6 dəfə qastrol səfərində olub böyük sənətkar. Rәşid Behbudov Hindistana səfəri haqqında “Uzaq Hindistanda” adlı kitab da qələmə alıb.
Rəşid Behbudov 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrının əsasını qoyub. Çıxış etdiyi hər bir ölkədə də onu məhz doğma musiqiçiləri müşayiət edib hər zaman. Bu teatr o vaxt SSRİ-də ilk belə sənət ocağı idi. Rəşid Behbudov son nəfəsinə kimi yaratdığı teatrın solisti və bədii rəhbəri olub.
Adətən, mahnının iki müəllifi olur: şair və bəstəkar. Amma həmin nəğmə o zaman qüdrətli və yaddaqalan olur ki, onun ifaçısı da müəlliflərin sırasına qoşulmaq şansını qazanır. Bu mənada, Rəşid Behbudovun nəfəsindən qopan nəğmələrə xalq arasında “Rəşidin nəğməsidir” deyiblər. Bax budur sənətkarın ucalığı, böyüklüyü, qüdrəti!
Yaradıcılıq öz yerində, Rəşid Behbudov 30 ildən artıq SSRİ Ali Sovetinin deputatı olub. Hər zaman sadə vətəndaşın yanında olmağı, insanların problemlərini, qayğılarını dinləməyi bacarmağı, o vaxtkı Azərbaycanın tale yüklü məsələlərində yaxından, candan iştirak etməyi də Rəşid Behbud şəxsiyyətinin fərqi idi.
Bu günə qədər də böyük Rəşid Behbudovun ölümü açılmayan sirr olaraq qalır. Sənətkarın yadigarı, qızı Rəşidə Behbudova bu mövzuda danışarkən belə deyib:
“Yazıblar ki, Rəşid Behbudov uğursuz əməliyyatdan sonra Moskvada vəfat edib. Bu tamamilə yalandır…
Bəli, onun böyrəyini əməliyyat etməli idilər. Atamı əməliyyata hazırladılar. Anamla mən səhər saat 9-da Moskvada Kremlin xəstəxanasında olarkən Prezident Aparatından zəng gəldi. Dedilər ki, əməliyyat təxirə salınır. Əməliyyat onun səhhətini yüngülləşdirməli idi, çünki böyrəkləri xəstə idi. Əməliyyatı təxirə saldılar. Atamı palataya apardılar və biz onu bir daha görmədik. Yanına heç kimi buraxmırdılar. Xəstəxanada Stalin rejimi hökm sürürdü. Qohumlara psixoloji təzyiq edirdilər. Bizə yalnız deyirdilər ki, “olmaz, olmaz, olmaz!” Palatada atamın qışqırıq səsi gəlirdi. Anam soruşanda ki, ona nə olub? Dedilər ki, narahat olmayın, müalicə gedir, heç bir problem yoxdur. Rəşid Behbudov iyunun 8-dən 9-na keçən gecə saat 04:10-da vəfat edir. Bu xəbəri onun ailəsinə isə günorta saat 12-də deyirlər. Xanəndənin həyat yoldaşı onlardan soruşanda ki, Rəşid Məcidoviç özünü necə hiss edir? Ona deyirlər: “Oy, bağışlayın, Ceyran xanım. Rəşid Məcidoviç vəfat etdi”.
Rəşid Behbudovun cismini məhv edə bilsələr də, özü böyüklüyündə ruhu, yaradıcılığı qarşısında aciz qaldılar. Çünki Rəşid səsinin avazı, cazibəsi, sehri elə həm də Azərbaycan musiqisinin səsidir. Sağlığında hər konsertini “Azərbaycanım” mahnısı ilə bitirən Rəşid Behbudov Azərbaycan var olduqca var və yaşayır. Ürəklərdə, dillərdə və Rəşid nəğmələrində!Publika.az