image-ulvibackend

“Ümid edək ki, Ermənistan hakimiyyəti bu ismarıcdan düzgün nəticə çıxardığını nümayiş etdirəcək”

image-reklam_sirab_01

Son günlər ölkə mətbuatında, xüsusilə sosial şəbəkələrdə müzakirə olunan mövzulardan biri də N.Paşinyan və Araik qarşıdurmasıdır. Qənaətim belədir ki, bu, süni olaraq yaradılan və məqsədli şəkildə qabardılan informasiya ötürməsidir. Bu cür düşünmək üçün ciddi əsaslar mövcuddur.

Belə ki, Brüssel görüşündən dərhal sonra qondarma separatçı rejimin başçısı Yerevana çağırıldı və N.Paşinyan onunla qapalı görüş keçirdi. Məhz bu görüşdən sonra Paşinyanın keçmiş Dağlıq Qarabağın yurisdiksiyası ilə bağlı, ilk baxışdan pozitiv görünən, açıqlaması informasya məkanına ötürüldü. Separatçı rejimin rəhbəri açıqlamaya dərhal kəskin etirazını bildirdi və onun etirazı da məqsədli şəkildə ictimailəşdirildi.

Qarşıdurmanın süni və məqsədli şəkildə yaradılması qənaəti bunlardır. Əvvəla, müharibəni uduzan N.Paşinyan seçkini qazansa da, Ermənistan cəmiyyəti yekcins deyil, oradakı qarşıdurmanın miqyası göründüyündən qat-qat dərindir və üz-üzə dayanan siyasi cinahlar, onların arxasındakı fərqli xarici faktorlar uydurma yox, reallıqdır. Paşinyan ictimai-siyasi vəziyyətə nəzarəti ələ aldığı görüntüsünü yaratmağa çalışsa da, bu da belə deyil. O, bu görüntünü yalnız xarici faktorların imkan verdiyi həddə göstərə bilir. Ən başlıcası, hələ müharibədən əvvəl “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyan məqsədli şəkildə danışıqlar formatını dəyişməyə cəhd etmişdi.

Çalışırdı ki, separatçı rejimin danışıqlar masasında tərəf kimi iştirakına nail olsun. Eyni mənzərəni ötən əsrin 80-ci illərinin sonlarında da görmüşdük. O zaman da Ermənistan hakimiyyəti siyasi oyunbazlıqla məşğul olaraq ictimai şüura aşılamağa çalışırdı ki, münaqişənin subyekti məhz Qarabağ erməniləridir. Eyni ssenari, eyni məkrli plan yenidən gündəmə gətirilir. Yeganə fərq ondadır ki, müharibədə qələbə qazanan Azərbaycan bölgədə yeni reallıq yaradıb və status-kvonu dəyişməyə nail olub. On min fərarisi ilə ağır məğlubiyyətə düçar olan Ermənistan hakimiyyəti düşdüyü ürkək və kövrək durumda bu reallıqla barışmağa məcburdur. Paşinyan öz ölkəsində ictimai-siyasi vəziyyətə tam nəzarət edə bilmədiyi kimi, Araik də müharibədən sonra artıq o fiqur deyil ki, maddi və siyasi cəhətdən asılı olduğu Paşinyana onunla razılaşdırmadan üz bozarda bilsin. Müharibənin qızğın günlərində sığınmaq üçün deşik tapmaqda çətinlik çəkən bu cinayətkar çox yaxşı bilir ki, Yerevanın maddi dəstəyini itirsə, o, heç kimə, o cümlədən, revanşist qüvvələrə də, xarici ünvanlara da lazım olmayacaq, istifadə edilmə limiti bununla bitəcək. Elə buna görə də səhnələşdirilən tamaşada ona ayrılan rolu oynamağa məcburdur. Ermənistan hakimiyyətinin toz basmış köhnə ssenariləri yenidən yada salması və delitant səviyyədə onları həyata keçirməyə cəhd etməsi, heç şübhəsiz, Azərbaycan hakimiyyətinin diqqətindən yayınmır…

Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və övladları dekabrın 24-də Qarabağa səfər etdilər. Prezident ənənəsinə sadiq qaldı, 60 illik yubileyini də məhz Qarabağda keçirdi. Yalnız bir əhəmiyyətli fərq oldu. Fərq ondadır ki, dövlətimizin başçısı on il əvvəl Ağcəbədiyə səfər etmişdi və o zaman torpaqlarımız hələ işğal altında idi. Bu dəfə isə Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi dövlət bayrağımızın dalğalandığı Xocavəndin Hadrut qəsəbəsinə və qədim mədəniyyət beşiyimiz Şuşa şəhərinə səfər etdi, məhz Hadrutda yeni hərbi hissə açdı. Çünki Hadrut qəsəbəsi müharibə günlərində olduğu kimi, indinin özündə də əlahiddə hərbi-strateji və psixoloji əhəmiyyətə malikdir. Heç şübhəsiz, yeni yaradılan Komando Briqadasının nümayişi Ermənistanda və ondan kənarda səhnələşdirilən oyunlara ən tutarlı cavabdır. Elə bu səbəbdən, Prezidentin ordu quruculuğunun mühüm tərkib hissəsi olan yeniliyə xüsusi diqqət çəkməsi təsadüfi deyildi: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqdır”.

Dövlət başçısının növbəti fikri isə həm Ermənistana, həm də açıq və ya gizli şəkildə ona havadarlıq edənlərə, süni qarşıdurma oyunlarının ssenarisini yazanlara ciddi ismarıcdır:

“Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz… İndi də Ermənistanda əgər kimsə revanş haqqında düşünürsə, əgər kimsə düşünür ki, bir neçə ildən sonra vəziyyət dəyişəcək, nəsə baş verəcək və yenidən onların hərbi imkanı yaranacaq və onlar yenidən bizə ərazi iddiası ilə çıxış edəcəklər, bəri başdan bilsinlər, biz heç nəyi gözləməyəcəyik, heç kim bizi dayandıra bilməz, heç nəyə baxmadan lazımi addımları atacağıq. Bunu etmək üçün siyasi iradəmiz də var, gücümüz də var”.

Ermənistan hakimiyyəti köhnə ssenarilər əsasında yeni tamaşalar düzənləməkdənsə, xislətinə uyğun olaraq siyasi oyunbazlıqla məşğul olmaqdansa və süni qarşıdurma oyununa kimlərisə inandırmağa çalışmaqdansa, qalib xalqın qalib Prezidentinin bu ismarıcından adekvat nəticə çıxara bilsə, həm özü, həm Ermənistan cəmiyyəti, həm də bütövlükdə region üçün daha faydalı olar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, fərqli yanaşma Ermənistana yaxşı heç nə vəd etmir, sonu da əvvəlcədən bəllidir. Ümid edək ki, Ermənistan hakimiyyəti bu ismarıcdan düzgün nəticə çıxardığını, ilkin olaraq, Sankt-Peterburq şəhərində nümayiş etdirəcək.

Ülvi Quliyev
Milli Məclisin deputatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki