Keçən il ölkəmiz üçün həm yaxşı, həm də pis mənada yaddaqalan bir il oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz “ Dəmir yumruq” adı altında işğalçı Ermənistan üzərində möhtəşəm qələbə qazandı və xalqımızın 30 illik həsrətinə son qoyuldu. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz prinsipial mövqeyini hələ Avropa Şurasının Parlament Assamb¬leyasındakı fəaliyyəti zamanı nümayiş etdirmişdi. Azərbaycanın bu məsələdə haqlı və ədalətli tərəf olduğunu, ölkəmizin təcavüzə məruz qaldığını, 20 faizdən çox torpaqlarımızın işğal olunduğunu, 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvasından didərgin salındığını Avropa cəmiyyətinə, bütün dün-yaya çatdırmaqda İlham Əliyev misilsiz rol oynayıb.
Vətən müharibəsində şanlı qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Müharibədə Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 2907 nəfər şəhid olub. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir. Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden, medal və fəxri adlarla təltif olunub. Şübhəsiz ki, bu gün ulu öndərin, şəhidlərimizin ruhları şad¬dır.
Vətən müharibəsində qələbəmizin ən mühüm nəticələrindən biri də Prezident İlham Əliyevin xüsusi səyləri nəticəsində Cənubi Qafqa¬zın beynəlxalq münasibətlər tarixində dönüşün və ya yeni dövrün başlanmasıdır. Regionu¬muzun problemlərinin həllində qardaş Türkiyənin rolunun artma¬sı, Naxçıvan dəhlizinin açılması ilə bağlı razılaşma Türk-İslam tarixinin gələcəyi üçün çox böyük nailiyyətdir. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Bir sıra beynəlxalq təşkilatlar və Azərbaycana dost ölkələr ədalətli mübarizəmizdə ölkəmizə böyük dəstək verdilər.
Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib:
“Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.
Şübhəsiz ki, 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Bu müharibə yalnız Azərbaycana torpaqlarını deyil, torpaq itirən xalqın sarsılmış inamını da özünə geri qaytardı.
İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib. Ağdam, Cəbrayıl, Füzuli şəhərlərindən, azad olunan rayonların demək olar ki, əksər kəndlərindən əsər-əlamət qalmayıb. Tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilib.
Prezident İlham Əliyev işğaldan azad olunmuş rayonlara ilk səfəri zamanı bu barədə ürəkağrısı ilə söz açaraq həmin torpaqlardan sanki bir vəhşi qəbilənin keçdiyini bildirdi: “Yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib”.
Cəbrayıla, Füzuliyə, Zəngilana, Qubadlıya doğru uzanan yollarda Mehriban Əliyevanın çəkilişləri bu həqiqətləri bütün dünyaya nümayiş etdirdi. Bəli, biz işğalçı, terrorçu düşmənlə yox, həm də vandallarla, vəhşilərlə üz-üzə qalmışdıq.
Tarixdən də bəllidir, bütün müharibələr zamanı yaşayış məskənlərini, maddi-mədəniyyət nümunələrini dağıdanlar yalnız və yalnız mədəni inkişafdan geri qalan, yırtıcı şüur və təfəkkürə malik barbarlar olublar.
30 ilə yaxın idi torpaqlarımızı işğal altında saxlayan qüvvələr də müasir dövrün barbarlarıdır. Çünki işğal olunmuş kənd və şəhərlərimizin xarabalıqlara çevrilməsi, yağmalanması, barbarlıqdan, vandallıqdan, yırtıcılıqdan, vəhşi qəbilə şürunun daşıyıcısı olmaqdan başqa bir şey deyil. Düşmən xalqımıza məxsus maddi-mədəniyyət abidələrini dağıdıb, məscidlərimizi təhqir edib və Ermənistanın müdafiəsinə qalxan siyasi mərkəzlər bunları görməzliyə vurmaqla elə öz barbarlıqlarını nümayiş etdirirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin hələ illər öncədən qarşıya qoyduğu, müəyyən etdiyi vəzifələrdən biri işğaldan azad edildikdən sonra rayon və şəhərlərimizin yenidən qurulması, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi idi. Bu vəzifənin real olaraq həyata keçirilməsinə isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə başlanılmışdı. 2016-cı ilin Aprel qələbəsindən sonra Cocuq Mərcanlı kəndinin yenidən qurulması “Böyük Qayıdış”ın ilk addımı idi. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlar isə yolların çəkilməsi oldu. Çünki yol inkişaf deməkdir və Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının birinci mərhələsi işğal olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılmasıdır. Yollar olmadan heç bir ərazinin yüksəlişini, sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil.
Həyata keçirilməsinə başlanılan ilk layihələrdən biri Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının yenidən qurulmasıdır. Suqovuşan kəndi Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın
3-də işğaldan azad edilib və Prezident İlham Əliyevin tapşırığı ilə hələ döyüşlərin davam etdiyi bir vaxtda yolun çəkilişinə başlanılıb. Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib. Bu yol uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdı. Prezident İlham Əliyevin başqa bir göstərişi Füzulidən Şuşaya yeni avtomobil yolunun çəkilişi barədə oldu. Hələ noyabrın 16-da Füzuliyə səfəri zamanı Prezident İlham Əliyev layihə ilə tanış olmuş, bu gözəl hadisə münasibətilə xalqımızı təbrik etmişdi.
Yanvarın 14-də isə Şuşaya səfəri zamanı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Füzuli-Şuşa yolunun təməli qoyuldu. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına da yol çəkiləcək.
İşğaldan azad edilmiş ərazilərdə dəmir yollarının da yenidən qurulmasına başlanıldı. Bunlardan biri Bərdə-Ağdam dəmir yolu xəttidir. Bərdə-Ağdam dəmir yolu xətti uzunluğu 104 kilometr olan Yevlax-Xankəndi dəmir yolunun bir hissəsidir. Bu polad yol 1991-ci ildə Xankəndinin, 1993-cü ildə isə Ağdamın işğal edilməsi ilə doğma sərnişinlərinə həsrət qalıb. 27 ildir ki, qatarların son dayanacağı Tərtər rayonunun Köçərli stansiyasıdır. Lakin düşmən üzərində qazandığımız qələbə ilə bu yol da aydınlığa çıxıb. Hazırda dəmir yolu xəttinin Bərdədən başlayaraq Ağdama qədər uzanan 45 kilometrlik hissəsi yenidən tikilir.
Qədim Şuşanın daha bir həsrətinə son qoyuldu. Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı olan bu gözəl şəhər “Xarıbülbül” musiqi festivalına evsahibliyi etdi. İyirmi doqquz ildən sonra qədim mədəniyyət beşiyi olan Şuşa yenə öz doğmalarını, qonaqlarını qarşıladı. Şuşanın özü qədər hüsnünü bəzəyən dağları, çəmənləri, çiçəkləri də əsrarəngizdir. Şuşanın rəmzi sayılan xarıbülbül gülünün dünyanın heç yerində oxşarı yoxdur. Bu möcüzə gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrındakı gül al-qırmızı rəngə boyanıb.
Tarixboyu yolu Qarabağa düşənlər, Şuşaya qonaq gələnlər xarıbülbülü görməyə can atıblar. Onu böyük heyranlıqla seyr ediblər. Bu gülün eşqi ilə şeirlər yazılıb, nəğmələr qoşulub. Xarıbülbülün şəninə festivalar təşkil edilib. Burada keçirilən konsertləri ölkəmizin böyük sənətkarları öz ifaları ilə rövnəqləndiriblər.
2021-ci ilin yanvarında Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla videogörüşdə Şuşada yenidən “Xarıbülbül” festivalının keçirilməsinin vacibliyini bildirdi, bu folklor festivalının ənənəsinin yaxın vaxtlarda yenidən keçirilməsinin zəruriliyini qeyd etdi.
Dövlət başçısı 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etdi. Bu sərəncamla “Vaqif poeziya günləri” və “Xarıbülbül” festivalı da bərpa olundu.
Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra, 2021-ci il mayın 12-si və 13-də ilk dəfə “Xarıbülbül” festivalı düzənləndi.Tədbirdə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivləri çıxış etdilər, xalq və klassik musiqi nümunələrindən ibarət proqram təqdim olundu.Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, eləcə də Şuşadan olan tanınmış şəxslər var idi.
“Xarıbülbül” musiqi festivalı Prezident İlham Əliyevin çıxışı ilə başladı. Bu günü ölkəmizin tarixində əlamətdar gün kimi dəyərləndirən dövlət başçısı uzun fasilədən sonra Cıdır düzündə – hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalının keçirilməsi münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik etdi. Vurğuladı ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. Dövlət başçısı dedi: “Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir”.
Bir sözlə, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Biz Ermənistanın hərbi kaputilyasiyasına nail olduq. Bütün dünyaya haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu sübut etdik.8 noyabr 2020-ci il tarixi gün. Qarabağa qovuşduğumuz tarix…8 noyabr 2020-ci il. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür! Zəfərin mübarək, Azərbaycan!
İbrahimov Mehman
Vətən müharibəsi qazisi


























