Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ölkəmizin əldə etdiyi bütün uğurlar, məhz Prezident İlham Əliyev düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Hal-hazırda dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərə baxmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görüb. Artıq, bu gün Azərbaycan hərtərəfli və dinamik inkişaf edib. Müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində də keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib.
Bildiyimiz kimi, Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib. Məhz bu görüş, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti bir böyük uğurudur. Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Əlbəttə ki, bu qərar, ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində atılmış mühüm bir qərardır. 2022-ci ilin aprel ayının 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə isə, əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Həmçinin, tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq da əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. Bu razılıq, şübhəsiz ki, gərginliyin azalmasına xidmət edən bir razılıqdır.
6 aprel 2022- ci il Brüsseldə üç tərəfli görüş keçirildi. Görüş 4 saat yarımdan artıq davam etdi. Bu görüşdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz regionunda vəziyyətə dair müzakirələrin davam etdirilməsi və Avropa İttifaqının hər iki ölkə ilə münasibətlərinin inkişafı üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanı qəbul etdi. Əslində bu formatda görüş ötən ilin 14 dekabr tarixində də keçirilmişdi. O vaxt, Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyi formalaşdırıldı, davamı olaraq tərəflər arasında intensiv təmaslar aparıldı, telefon danışıqları keçirildi. Şarl Mişel gərginliklərin aradan qaldırılmasında yaxından çalışmağın, Ermənistan və Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi və regionda yaşayan bütün xalqların faydası naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazın təşviq edilməsinə Avropa İttifaqının sadiq olduğunu bildirdi. Onlar Ermənistanın və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin Brüsseldə Avropa İttifaqının himayəsi altında 2022-ci il martın 30-da keçirilmiş görüşünü alqışladılar və liderlər səviyyəsində əldə olunmuş razılıqların müvafiq şəkildə inkişaf etdirilməsi ilə bağlı bu fəaliyyətin davam etdirilməsinin zərurətinə dair razılığa gəldilər. Şarl Mişel etimadı və dinc birgə yaşayışı təmin etmək məqsədilə hər iki tərəfdən humanitar jestlərin əhəmiyyətini vurğuladı. , həll olunmamış bütün humanitar məsələlərin tam və çevik həllinə ehtiyacın olduğunu, o cümlədən hələ də saxlanılmaqda olan şəxslərin azad edilməsi və itkin düşmüş şəxslərlə bağlı məsələnin hərtərəfli həllini vurğuladı və Avropa İttifaqının bu işə dəstək olmağa hazır olduğunu bildirdi.
Avropa İttifaqı öz növbəsində Azərbaycan və Ermənistan arasında etimadın qurulması tədbirlərinə və humanitar məqsədli minatəmizləmə səylərinə, o cümlədən müharibədən əziyyət çəkən əhaliyə maliyyə yardımın artırılması, bərpa və yenidənqurma işlərinə dəstək olacaqdır. Şarl Mişel həm Prezident Əliyev, həm də baş nazir Paşinyan tərəfindən ölkələr arasında sülh sazişinə doğru sürətli irəliləmək arzularının ifadə edilməsini qeyd etdi. Azərbaycanın Prezidentinin də, xalqının da ən böyük arzusu hər zaman baş verən bu münaqişələrin müharibə yolu ilə deyil, sülh yolu ilə öz həllini tapması olub. Amma düşmən xalq heç bir zaman münaqişələrin sülh yolu ilə həll olunmasına razı olmayıblar. Onlar hər zaman vəhşiliyi, qəddarlığa əl atıblar. Bununlada uğur qazanacağlarını düşünüblər. Amma onlar unutmasınlar ki, körpələrin, qadınların, qocaların, günahsız insanların və igid qəhrəmanlarımıza qarşı vəhşiliklər ediblər, onları amansızcasına qətlə yetiriblər. Vəhşiliklə, qəddarlıqla əldə olunan uğurdansa, məsumcasına məğlub olmaq daha yaxşıdır.


























