image-1674213252_ulvi-deputatbackend

“Bu qətnamə hüquqa və ədalətə qarşı rəzalət aktıdır” – Millət vəkili

image-reklam_sirab_01

1990-cı ilin Qanlı 20 Yanvarından 33 il keçir. Həmin gün Mixail Qorbaçov və onun etnik ermənilərdən ibarət olan siyasi çevrəsi SSRİ KQB-sinin, sovet ordusunun və daxili qoşun birləşmələrinin əli ilə Azərbaycan xalqını qanına qəltan etdi. Məqsəd xalqımızın milli azadlıq hərəkatını beşiyində boğmaq idi. Azərbaycan xalqı isə bu hərəkata başlamaqla, ilk növbədə, Mixail Qorbaçovun və bütövlükdə sovet imperiyası rəhbərliyinin azərbaycanlılara qarşı həyata keçirdiyi ayrı-seçkilik siyasətinə, yüzminlərlə soydaşımızın indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından növbəti dəfə etnik təmizləməsinə, Qarabağdakı erməni separatçılığına imperiyanın verdiyi dəstəyə kütləvi şəkildə etiraz edir, bununla barışmayacağını açıq şəkildə ifadə edirdi. Allah müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda, Azərbaycan naminə canlarını fəda etmiş bütün şəhidlərimizə rəhmət eləsin.

Həmin hadisələrin üstündən 33 il sonra da ölkəmizə qarşı yenidən ayrı-seçkilik siyasəti həyata keçirilir. Mühüm fərq ondadır ki, bu ədalətsiz siyasəti həyata keçirən artıq sovet imperiyası yox, Avropa Parlamentidir, ayrı-seçkiliyə məruz qoyulan isə sovet Azərbaycanı deyil, müstəqil Azərbaycan dövlətidir. Bunun cəmiyyətimizdə doğurduğu hisslər başadüşüləndir. Çünki 35 il əvvəl xalqımız milli azadlıq hərəkatına qalxdığı vaxt məhz Qərb dəyərləri-demokratik dəyərlər ona güc və stimul vermişdi.  Bu dəyərlərin keşiyində dayanmalı olan Avropa Parlamenti kimi bir qurum yanvarın 19-da qəbul etdiyi qətnamə ilə həmin gözləntilərin üstündən xətt çəkdi, həqiqətin yanında olmalı olduğu halda, azərbaycanlılara qarşı qərəz və nifrət təcəssümünə çevrildi. Əslində, Avropa Parlamenti anti-Azərbaycan məzmunlu qətnaməsi ilə təkcə ölkəmizə qarşı deyil, həm də bütövlükdə beynəlxalq hüquqa, ərazi bütövlüyünün toxunulmazlığı və ölkələrin suverenliyinə hörmətlə bağlı beynəlxalq prinsiplərə hörmətsizlik nümayiş etdirdi. Ən acınacaqlısı budur ki, təhlükəsiz dünya nizamını təşviq etməli olan Avropa Parlamenti bu qətnaməsi ilə beynəlxalq hüququn tətbiqində ayrı-seçkiliyə imza atdı və bununla da təhlükəsizliyə deyil, münaqişə ocaqlarının alovlanmasına, sülhə deyil, nifaq və düşmənçiliyin dərinləşməsinə xidmət göstərdi.

Bu gün beynəlxalq qurumlar istisnasız olaraq Ukraynanın ərazi bütövlüyünə birmənalı dəstək verərək oradakı separatçı qurumların mövcudluğunu tam haqlı olaraq qanundankənar hesab edir. Ukrayna Prezidentindən tutmuş digər rəsmilərinə qədər, deputatlarından başlamış vətəndaş cəmiyyətinin sıravi üzvlərinə kimi, hər kəs bəyan edir ki, Donbasda, Luqanskda, hətta Krımda yaşayan ruslar və digər millətlərin nümayəndələri ya Ukrayna vətəndaşlığını qəbul edib bu ölkənin qanunları əsasında yaşamaq yolunu seçməlidir, ya da köçüb getməlidirlər. Beynəlxalq qurumlar, o cümlədən Avropa Parlamenti bu tələbi nəinki müdafiə edir, hətta ukraynalılardan da çox bunun yeganə yol olduğunu deyirlər.

Görəsən, eyni fikri Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin üzvləri erməni separatçılarına qarşı səsləndirdikdə, bu, Avropa Parlamentini niyə qane etmir? Ərazi bütövlüyünün və ölkələrinin suverenliyinin keşiyində dayanan ukraynalılarla azərbaycanlılar arasında, görəsən, fərq nədədir? Bunun adı selektiv yanaşma deyilsə, bəs nədir?

Qətnamənin müzakirəsi zamanı səsləndirilən fikirlər belə bir təəssürat yaratdı ki, çıxış edənlərin ya beynəlxalq hüquqdan xəbərləri yoxdur, ya da onların əksəriyyəti adı korrupsiya qalmaqalında hallanan keçmiş vitse-prezidentlərindən fərqli olaraq, hansısa başqa səbəblərdən Azərbaycana qarşı qərəz “virusuna” yoluxdurulub. Avropa parlamentariləri çıxışlarında “iki min ildir Qarabağda yaşayan ermənilər”, “Arsax”, “Dağlıq Qarabağ”, “Qarabağda yaşayan 120 min erməni”, “Azərbaycan Ermənistana qarşı aqressiya ilə məşğuldur”, “ermənilərə qarşı etnik təmizləmə həyata keçirilir” kimi əsassız və beynəlxalq hüquqa zidd olan, ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan ifadələrdən istifadə etməklə, faktiki olaraq, ermənilərin ənənəvi leksikonunu eynilə təkrarlayır və bir daha onlardan  “məzlum”, “əzilən millət” obrazını yaratmaqla məşğul oldular. Bütün bunlar cəmiyyətimizi vadar edir ki, Avropa Parlamentinin binasında azərbaycanlılara qarşı nümayiş etdirilən qərəzin, bəzi çıxışlarda isə gördüyümüz kin-küdurətin əsl səbəblərini incəliyinə qədər araşdırsın. Avropa Parlamenti hətta onu da görmək istəmədi ki, ötən günlər ərzində 800-dən artıq nəqliyyat vasitəsi mülki azərbaycanlıların aksiya keçirdikləri ərazidən maneəsiz keçib gediblər. Məgər blokada, yol bağlamaq belə olur? Avropalı parlamentarilərdən bəziləri dinc etiraz aksiyasında iştirak edən ekoaktivistləri və QHT nümayəndələrini, erməni təbliğatına tam uyğun olaraq, hərbçi və ya “yol kəsən” gözündə gördülər. Onlardan heç biri etiraf etmədi ki, 40 gündür etiraz aksiyası keçirən Azərbaycan vətəndaşlarının öz ölkəsinin ərazisində qanunsuz istismar olunan mədənlərin yerləşdiyi yerə keçmək və orada mütəxəssis monitorinqi aparmaq kimi insan hüquqları var.

Avropa Parlamentinin qəbul etdiyi qətnamə təkcə ayrı-seçkilik və siyasi riyakarlıq nümunəsi deyil, bu, həm də beynəlxalq hüquqa və ədalətə qarşı rəzalət aktıdır. Bu addım onu diqtə edir ki, vaxtilə sovet imperiyasının ayrı-seçkilik siyasətinə etiraz edən və milli azadlıq hərəkatına başlayan Azərbaycan xalqı, indi də Avropa Parlamentinin ayrı-seçkiliyinə qarşı kütləvi şəkildə etiraz etsin. Paradoks bundadır!

Uinston Çörçill müdrik kəlamlarından birində belə demişdi: “Demokratiyaya qarşı ən yaxşı arqument- orta statistik seçici ilə beş dəqiqəlik söhbətdir…” Avropa Parlamentində azərbaycanlıları barbar adlandıran birisi ilə söhbətə heç beş dəqiqə də lazım deyil. Çünki beləsi ağızını açan kimi, səviyyəsinin orta statistik seçicidən də aşağı olduğunu görmək mümkündür. Demokratiyaya və demokratik dəyərlərə olan ictimai inama məhz belələri hamıdan çox ziyan vurur. Bir daha təəssüf ki, müasir reallığımız həm də bundan və bu cür səviyyə sahiblərindən ibarətdir, bəzilərinin statusu Avropa parlamentarisi olsa da. Barbarlığı və onun miqyasını həqiqətən görmək istəyənlər, qoy gəlib Qarabağı və Şərqi Zəngəzuru seyr etsinlər, ermənilərin viran qoyduğu şəhər və kəndlərimizi, dağıtdığı məscid və qəbirlərimizi, vəhşi qəbilə təfəkkürünün nəyə qadir olduğunu öz gözləri ilə görsünlər. Onda bilərlər ki, “məzlum” və “əzilən millət” kimi dünyaya sırımaq istədikləri toplumun nümayəndələri insanlıq əleyhinə hansı cinayətləri törətməyə qadirdir. Bunları görüb həqiqəti etiraf etmək üçün özlərində siyasi cəsarət tapsalar və tapşırıq aldıqları dairələrin təqibindən qorxmasalar, onda biləcəklər ki, tarixdə növbəti dəfə etnik təmizləməyə məruz qalan, milyona yaxın qaçqın və məcburi köçkünü olan Azərbaycan xalqı təkcə son 35 il ərzində həm də bəzi beynəlxalq qurumların biganəliyi və məsuliyyətsizliyi ucbatından hansı məşəqqətləri və hansı acıları yaşamalı olub…

Ülvi Quliyev,

Milli Məclisin deputatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki