image-15492649385c57e82acb2c19-11749429backend

“Gənclər ili”nin elan edilməsi gənclərin fəallığının yüksəlməsinə səbəb oldu

image-reklam_sirab_01

Azərbaycanda son 14 ildə həyata keçirilən gənclər və idman siyasətinin prioritet istiqaməti gənc nəslin fiziki- mənəvi potensialının möhkəmləndirilməsi və bu potensialın tam açılmasına xidmət edən kompleks tədbirlərin gerçəkləşdirilməsidir.

Bu strateji xətti uğurla davam etdirən Prezident İlham Əliyev daim gənclərə layiq olduqları imkanlar səviyyəsində geniş meydan verilməsinə, bu təbəqənin zəruri tələbat və ehtiyaclarının ödənilməsinə çalışmışdır. Dövlət başçısının bu çevik sosial zümrəyə diqqət və qayğısı ulu öndərimiz Heydər Əliyevin möhkəm təməllərlə əsasını qoyduğu gənclər siyasətinin məntiqi davamıdır. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2007-ci ilin “Gənclər İli” elan olunması da ölkəmizdə gənclər siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını təsdiqləyir.

Gənclik təşəbbüs, enerji, böyük həvəs, hadisələrə yeni baxış deməkdir. Azərbaycan ötən əsrin 90-cı illərində müstəqillik qazandı. Dövlət müstəqilliyinin ilk dövründə cəmiyyəti təhlükələrə sürükləyən siyasi, iqtisadi, mənəvi- ideoloji problemlər üzündən ölkədə gənclər və idman siyasəti diqqətdən tam kənarda qalmışdı. O zaman hakimiyyətdə olan qüvvələrin yarıtmaz siyasəti Azərbaycan gəncliyinin nizamsız, pərakəndə topluma çevrilməsinə gətirib çıxarmışdı. Öz siyasi ambisiyaları naminə Azərbaycanı böhranlara sürükləyən möhtəkir qüvvələr məqsədlərinin icrası üçün, ilk növbədə, gəncliyimizdən bir vasitə kimi istifadə edir, ölkənin gələcəyinə qəsd yolu tuturdular. Həmin illərdə Azərbaycanda müxtəlif adlar altında çoxsaylı gənclər təşkilatları ortaya çıxmışdı. Ölkədəki hərc- mərclik şəraitində yaranan bu təşkilatların çoxunda siyasiləşmə, populizm meyilləri özünü büruzə verirdi. Bu təşkilatların bir çoxu o dövrdə fəaliyyət göstərən müxtəlif yönlü siyasi partiya və qurumların təsiri altına düşmüşdü. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan xaos və anarxiya girdabından çıxdığı kimi, idmanımızın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri də dövlət siyasətinin mühüm qollarından birinə çevrildi. Gənclər, bədən tərbiyəsi və idman sahəsində ciddi irəliləyişlər təmin olundu, müstəqil Azərbaycanın beynəlxalq aləmdə tanınması, olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. O ağır dövrdə xalqının səsinə səs verərək xilaskar kimi özünü yetirən, qardaş qırğınlarının qarşısını alan, ölkənin parçalanmasına imkan verməyən, Azərbaycan dövlətini işıqlı bir yola çıxaran Heydər Əliyevin 1993-cü ilin 15 sentyabrında – ölkədə ziddiyyətli ictimai-siyasi proseslərin cərəyan etdiyi bir zamanda gənclərlə görüşə vaxt tapması, onların problemlərini dinləməsi ümummili liderimizin Azərbaycan gəncliyinin cəmiyyət həyatındakı roluna verdiyi böyük önəmin, onun Azərbaycan gəncliyinə xüsusi rəğbət və qayğısının göstəricisi idi. Ulu öndərin Milli Məclisdə gənclərlə məlum görüşü Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi, demokratik dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi, gənclərin ayrı-ayrı siyasi partiya və qurumların deyil, ümummilli dövlət mənafeləri məsasında səfərbər edilməsi,vahid gənclər siyasətinin işlənib hazırlanması zəruriliyini ortaya qoydu.

Azərbaycan gəncliyinin yenidən təşkilatlanması, ölkədə gənclər hərəkatının, gənclik əzmi və enerjisinin vahid mərkəzdən idarə olunması məqsədilə ulu öndərimiz 1994-cü ilin 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzaladı. Ulu öndərimiz 1995-ci ilin martında respublika gəncləri ilə görüşərkən onların sağlam ruhda tərbiyə almaları və əsil vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bir daha bəyan etdi. Bu bəyanatın real təzahürü 1996-cı ilin 2 fevralından – Azərbaycan gənclərinin birinci forumundan etibarən ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə hər üç ildən bir Azərbaycan gənclərinin forumunun təşkil edilməsi, ölkədə gənclər gününün təsis olunması, gənclərimizin problemlərinin həllinə yönələn çoxsaylı fərman və sərəncamların imzalanması, qanunların qəbulu, gənclərin dövlət quruculuğu prosesinə cəlb edilməsi ilə reallığa çevrildi. Həmin forumda ümummilli liderimiz gənclər və idman siyasəti sahəsində görüləsi işlərdən danışaraq, proqram xarakterli çıxışı ilə Azərbaycan gəncliyi qarşısında konkret vəzifələr müəyyənləşdirdi.

Ulu öndərimiz Heydər Əliyevin 2 fevral 1997-ci il tarixdə imzaladığı fərmana əsasən, fevral ayının 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir. Ümummilli liderimiz sonrakı mərhələdə gənclərlə bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının mformalaşdırılmasını da təmin etmişdir. 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, istedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən proqram, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı bu baxımdan xüsusi vurğulanmalıdır. Bu qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına, habelə idmanın kütləviləşməsinə əsaslı təsir göstərmişdir. 2003-cü ilin oktyabrından dövlətin gənclər siyasəti Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Əlbəttə, cənab İlham Əliyevin bu sahədə gördüyü işlərin son üç illə məhdudlaşmadığı da xüsusi vurğulanmalıdır.

Xatırlatmaq lazımdır ki, 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti vəzifəsinə cənab İlham Əliyev kimi idarəçi və təşkilatçının seçilməsi idman və gənclər siyasəti sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə uğurla davam etdirilməsinə böyük imkanlar açmışdır. MOK prezidenti cənab İlham Əliyev ölkədə Olimpiya hərəkatının genişlənməsi, idman və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, habelə Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün ciddi tədbirlər həyata keçirmişdir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlər görülmüşdür. Bu sahəyə göstərilən diqqət və qayğı Azərbaycanın milli genefondunun qorunması, habelə gənclərin vətənpərvər və sağlam ruhlu təbəqə kimi tərbiyə edilməsi məqsədindən irəli gəlmişdir. Son illər Bakıda, Maştağada, habelə Naxçıvanda, Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda, Qubada, Şamaxıda və digər rayonlarda dünya standartlarına uyğun olimpiya idman kompleksləri tikilərək idmançıların istifadəsinə verilmişdir. “Yaxt-klub”, atıcılıq stendi və taekvando mərkəzi də MOK-un uğurlu fəaliyyətini əks etdirən möhtəşəm idman obyektləridir. Bütün bunlar həm də gənclərin mənəvi-əxlaqi cəhətdən kamil bir təbəqə kimi formalaşdırılmasına xidmət edir.

Dövlət başçısı cənab İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində fəal iştirakının gerçəkləşdirilməsi məqsədilə 30 avqust 2005-ci il tarixdə imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzalamışdır. Sözügedən sərəncam mühüm sənəd olmaqla, gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Sərəncamda Azərbaycanda gənclər sahəsində dövlət siyasətinin başlıca istiqamətləri açıqlanmış, habelə bu təbəqəyə diqqətin artırılması üçün konkret tədbirlərin hazırlanması və maliyyələşdirilməsi Nazirlər Kabinetinə həvalə olunmuşdur.

Dövlətin sabahı gənclərlə bağlıdır. Biz necə gənclər yetişdirsək, tərbiyə etsək, deməli, dövlətimizin sabahı, gələcəyi də o cür olacaqdır. Gənclərlə iş qətiyyən kampaniya xarakteri daşımamalıdır. Dövlət bütun bunları nəzərə alaraq gənclər siyasəti hazırlayır və həyata keçirir. Bu gün gənclər ictimai həyatın ən müxtəlif sahələrində öz potensiallarını gerçəkləşdirmək imkanlarına malikdirlər. Bir çox sahələrdə dövlət qulluğuna qəbul test üsulu ilə aparılır. Gənclərimiz orduya həvəslə gedirlər və yaxşı hərbçi kimi yetişirlər. Bu da işğal altında olan Azərbaycan torpaqlarının istənilən an hərbi yolla geri qaytarılacağına hansısa şübhə yeri qoymur.

2007-ci ilin “Gənclər İli” elan olunması isə son dərəcə ciddi siyasi məzmun kəsb edir. Hazırlanmış proqram çərçivəsində bu il gənclərin mənafelərinə xidmət edən bir sıra tədbirlər həyata keçiriləcəkdir. Yəni gənclər nə qədər bilikli, intellektli olsalar da, onları dövlət idarəçiliyinə hazırlamaq lazımdır. Onlar yetişə-yetişə dövlət idarəetməsinə qalxmalıdırlar. Dövlət də məhz belə istedadlı gəncləri üzə çıxarmağa, onlara hərtərəfli diqqət və qayğı göstərməyə çalışır.

Azərbaycan universiteti Dövlət və ictimai münasibətlər Əkbərov Yusif


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image