image-20backend

İrəvan Qarabağdan çıxır: Moskvanın təhlükəli ssenarisi…

image-reklam_sirab_01

Paşinyanın “Qarabağın statusu Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir” sözlərindən sonra Xankəndidəki separatçılarla rəsmi İrəvan arasında qarşıdurma böyüyür: proses İrəvanın separatçıların arxasından çəkilməsi, Ermənistanın Azərbaycanla yekun sülh sazişi imzalamasına doğru gedir.

Nikolun həqiqəti dilə gətirməsində öz maraqları da var:- Ermənistan siyasətindən Qarabağ kartını çıxarır;

– Türkiyə və Azərbaycanla münasibətlərin qurulması və kommunikasiyaların açılması ilə qazanacağı iqtisadi dividentlərdə əlavə problem istəmir;

– Separatçıları rusların “qucağına itələyir”, problemi Bakı və Moskvanın birbaşa məsələsinə çevirir.

Bu, iki hədəfə hesablanıb: rəsmi İrəvan Qarabağdakı ermənilərdən “dövlət” düzəldə bilməyəcəyini anlayır və öncədən məsuliyyəti rusların üzərinə yükləyir; oyundan çəkilməklə Bakı və Moskvanın üz-üzə gəlməsinə şərait yaradır.

Paşinyan bu gedişlə prosesləri də qabaqlayır: sərhədin delimitasiya və demarkasiyası Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq dövlət sərhədini tanıması, həm də İrəvanın Qarabağın Azərbaycan ərazisi kimi qəbul etməsi deməkdir və bu, Azərbaycan sərhədləri daxilindəki erməni qoşunların – 10 noyabr bəyanatının 4-cü bəndi də bunu tələb edir – çıxarılması ilə də nəticələnə bilər; rəsmi İrəvan oyundan kənar vəziyyətə düşməmişdən öncə separatçılarla körpüləri yandırır.

Ermənistanın oyundan kənarlaşması prosesin müsbət və mənfi istiqamətdə inkişafını vəd edir.

Müsbət perspektiv: Qarabağda Bakı-Ankara və Moskva olmaqla güc balansı ikinin birə dəyişir; həmişə Ermənistanı qarantyor kimi qəbul edən erməni əhalinin seçimi qətiləşir – bölgəni tərk etmək, yaxud Azərbaycan bayrağı altına keçmək; sərhədin müəyyən edilməsindən sonra Bakının separatizmə qarşı mübarizə hüququndan daha aktiv istifadə etmək imkanları genişlənir;

Mənfi perspektiv: Moskva ermənilərin tək “müdafiəçisi” rolunda bölgədə qalma müddətini uzatmaq istəyə, etnik separatizmi yenidən körükləyə, bölgədə Azərbaycan idarəçiliyinin bərpasını əngəlləyə bilər; Qarabağda “rus icması” ssenarisinin aktivləşdirilməsi bundan xəbər verir.

Donbasdan fərqli olaraq, Qarabağda “rus icması” ssenarisinin icrası imkanları zəifdir:

– Bölgədə rusların sayı çox azdır;

– Bakının bölgənin gələcəyi ilə bağlı mövqeyi və Ankaranın bu mövqeyə dəstəyi Moskvanı iki vacib oyunçunun maraqlarını nəzərə almağa vadar edir;

– Bakı-Ankara-Moskva üçlüsünün regional əməkdaşlıq planları fonunda problemin həlli imkanları tükənməyib.

Lakin Moskva “rusları qorumaq” ssenarisi üzərindən alternativlər də hazırlayır, çünki bölgədə təkcə “erməniləri qorumaq” arqumenti çox da keçərli deyil və bu, Bakıya qarşı siyasi qazanc əldə etmək üçün istifadə ediləcək kartlardan biri olacaq: misal üçün, Azərbaycanın Avrasiya İttifaqına daxil olması kimi istəklərdə bu kart işə salına bilər və s.

Və bu perspektiv Paşinyan-Araik toqquşmasında rus izinə də diqqət çəkir. Mümkündür ki, ruslar sərhədin müəyyənləşməsindən – İrəvanın oyundan kənarlaşmasından öncə “ipləri əlinə” alır.

İrəvanla separatçıların “toqquşmasından” sonra baş separatçı Araik Arutyunyanın “Qarabağın rus icması nümayəndələri” ilə görüşü də bu kontekstdə təsadüfi deyil və bu ssenarinin artıq işə salındığını göstərir.

Erməni mənbələrin iddiasına görə, qondarma “Qarabağın rus icması” 1999-cu ildə yaradılıb, hazırda 1500-2000 nəfərdən ibarətdir. Hərçənd, 2015-ci ildə separatçı rejimin “statistikasına” görə Qarabağda 238 Rusiya vətəndaşı, 26 Ukrayna vətəndaşı yaşayırdı. Rusiya vətəndaşı olmayan rusların sayı da maksimum bir neçə yüz nəfər ola bilər. SSRİ-nin son statistikasına (1989) görə bölgədə slavyan əsilli əhalinin sayı 2500 nəfər olub, onların da böyük əksəriyyəti I Qarabağ müharibəsində buranı tərk ediblər. İndi “1500-2000 nəfər” iddiası “rus icmasını” şişirdilmiş göstərmək planıdır.

Bakı bu təhlükəli ssenariyə qarşı nə edə bilər?

Mövcud prioritetlər – sərhədin müəyyən edilməsi, kommunikasiyanın açılması və s. Bakının Moskva ilə gərginliyə getmək istəmədiyini, son dövrlər (xüsusilə Ərdoğanla Putinin Soçi görüşü və bölgə üzərində anlaşmadan sonra) daha yumşaq mövqe sərgilədiyini göstərir. Lakin “rus icması” ssenarisinə qarşı səssiz qalmaq risklidir və bununla bağlı ilkin olaraq üç istiqamətdə hərəkət etmək olar:

Birincisi, “rus icması” adından baş separatçı ilə müzakirə aparmaq üçün Rusiyadan gələnlər “qara siyahıya” salınmalıdır;

İkincisi, Azərbaycanın rus icması separatçıların “rus icması” kartına etiraz etməli, Qarabağdakı rus əsilli insanları öz ətraflarına çəkməli, onları Azərbaycanın “yolunu azmış vətəndaşları” sırasından çıxarmalıdır; icma bu prosesdə öndə hərəkət edə bilər;

Üçüncüsü, Bakı ən azı diplomatik kanallarla Moskvaya mövqeyini bildirməlidir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki