1969-cu ilin avqust ayında Qüds şəhərində yerləşən Əl-Əqsa məscidinin yandırılmasından bir neçə gün sonra, 14 müsəlman ölkəsinin xarici işlər nazirləri Qahirədə görüşərək, Yaxın Şərqdəki vəziyyətin müzakirəsi ilə əlaqədar, İslam dövlətlərinin yüksək səviyyədə zirvə konfransının keçirilməsi haqqında Səudiyyə Ərəbistanın irəli sürdüyü təklifi qəbul etmişlər.1969-cu il 25 sentyabr tarixində Rabat şəhərində (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında qəbul edilmiş qərara əsasən, İslam Konfransı Təşkilatı (İKT) yaradılmışdır. Həmin sammit zamanı qəbul edilmiş bəyanat görüşdə iştirak edən dövlətlər arasında iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq və qarşılıqlı yardım üzrə məşvərətlərin keçirilməsi, öz aralarında yaranacaq problemlərin BMT-nin məqsəd və prinsipləri əsasında həll edilməsi barəsində öhdəlikləri əks etdirir.Bu tarixi hadisədən altı ay sonra, 1970-ci ilin mart ayında Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilmiş İKT xarici işlər nazirlərinin I konfransında İƏT Baş katibliyi təsis edilmişdir. 28-30 iyun 2011-ci il tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirləri Surasının 38-ci Sessiyası zamanı İslam Konfransı Təşkilatı adı İslam Əməkdaşlığı Təşkilatı adı ilə əvəz olunmuşdur.
AZƏRBAYCAN ilə əlaqələr:
Azərbaycan Respublikasının İslam Əməkdaşlığı Təşkilatı ilə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə (o zaman İKT) üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrında üzv seçilmişdir.
Həmin dövrdə, erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan ölkəmiz üçün öz haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi. Artıq 1991-ci ildə İƏT-in nümayəndə heyəti problemi öyrənmək və münaqişəni sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycanda səfərdə olmuşdur. O zaman İƏT BMT, Ermənistan, Türkiyə və Rusiyanın nümayəndələri ilə problemlə bağlı müzakirələr aparmışdır. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqe İƏT-in Ermənistan ilə bu məsələyə dair hər-hansı məsləhətləşmələrinə son qoymuş və təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT-in yekdil və birmənalı mövqeyi formalaşmışdır.
Ümummilli Liderin İƏT Baş Katibi ilə 1994-cü ilin noyabrında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında İƏT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş VII zirvə konfransında iştirakı və İƏT Baş Katibi, həmçinin bir sıra üzv dövlətlərin xahişi ilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmlətmiş və üzv dövlətlər tərəfindən dəstəklənməsi imkanlarını artırmışdır. Bunun nəticəsində, İƏT zirvə görüşləri tarixində ilk dəfə, Kasablankada “Ermənistan və Azərbaycan arasında münaqişə haqqında” siyasi qətnamə qəbul edilmiş, həmin ildən etibarən İƏT-in BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına “Ermənistan və Azərbaycan arasında münaqişə” mövzusunun mütəmadi salınmasına nail olunmuşdur. Bütün bunlarla yanaşı, Azərbaycan da, öz növbəsində İƏT çərçivəsində İslam Ümmətinin başlıca problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində, xüsusilə də İƏT-in yaranması və fəaliyyətinin əsas qayəsi olan İsrail-Ərəb münaqişəsi və Fələstin probleminə münasibətdə daim konstruktiv və birmənalı, dəyişməz mövqedən çıxış etmişdir.
Son illər AR-İƏT münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Şübhəsiz, təşkilata üzvlüyün ilk illərində müharibə şəraitində olan Azərbaycan xarici siyasətinin başlıca məqsədi erməni təcavüzünün səbəb və məqsədləri, onun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı olmuşsa da, İƏT ilə əməkdaşlıq prosesində təkcə bu problemin həlli ilə məhdudlaşmağa yol verilməmiş, çoxşaxəli, qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilmişdir.
HÜMBƏTLİ FİRUZƏ—YAP’ın üzvü


























