image-reklam-veteninfo
image-photo-2022-04-08-21-54-47-1backend

Prezident İlham Əliyevin cari ilin 6 aprel tarixli Brüssel səfəri

image-reklam-veteninfo

Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi Avropa İttifaqının (Aİ) da marağındadır. Aprel ayının 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Bu görüş regionda sülhün bərqərar edilməsi istiqamətində atılan mühüm addımlar silsiləsindən idi.
Brüssel görüşündən əvvəl isə martın 31-də Rusiya Prezidenti Vladimir Putin həm İlham Əliyevlə, həm də Nikol Paşinyanla telefonla danışıb.
Danışıqların detalları məlum olmasa da, güman etmək olar ki, rəsmi Moskva Brüssel görüşündən əvvəl bir daha tərəflərə özünün regiondakı stabilliyin əsas qarantoru olduğunu vurğulamaq istəyib. Bu addım Rusiyaya regiondakı nüfuzunu qoruyub saxlamaq baxımından və Avropa İttifaqının təsirinin qarşısını almaq baxımından vacibdi idi.
Ermənistanla Azərbaycan arasında 30 ildir, davam edən münaqişə müddətində bir çox formatda görüşlər keçirilib, danışıqlar aparılıb, lakin onların hamısı nəticəsiz qalıb. Sözügedən formata isə 2021-ci ilin 14 dekabrında start verilib. İlk üçtərəfli görüş də Brüsseldə baş tutub. Həm birinci, həm də ikinci Brüssel görüşünün yekunları onu deməyə əsas verir ki, artıq müəyyən irəliləyişlərə nail olunub. Cəmi iki görüş əsasında müsbət fikir söyləməyin əsas səbəbi isə əvvəlki təşəbbüskarlar və vasitəçilərdən fərqli olaraq, Avropa İttifaqının tərəfsizliyi, qərəzsizliyi və beynəlxalq hüququ olduğu kimi qəbul etməsidir. Məhz bu səbəbdən Azərbaycan da bu formata üstünlük verir. Bu formatda ilk üçtərəfli görüşdə Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub.
Tərəflərin hələ 2021-ci ilin 15 dekabr tarixində baş tutan birgə görüşünün davamı olaraq keçirilən bu görüş, bölgədəki vəziyyətin müzakirəsi, o cümlədən bölgənin təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərinin müzakirəsinə həsr olunub.
Görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 9-10 noyabr üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Görüş nəticəsində Aİ Şurasının Prezidenti bəyanat ilə çıxış edib.
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra bölgədə yeni reallıqlar yaradıb. Son proseslər göstərir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Təsadüfi deyil ki, Şarl Mişelin Brüssel görüşünün nəticələri ilə əlaqədar bəyanatında “Dağlıq Qarabağ” ifadəsi işlədilmir. Bəyanatda ATƏT-in Minsk qrupunun da adının çəkilməməsi o deməkdir ki, bu strukturun həmsədrlik institutu faktiki olaraq tarixin arxivinə göndərilib. Görünən odur ki, Avropa İttifaqının dəstəyi ilə Azərbaycan ilə Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm yaranır. Bunun da məqsədi, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.
Avropa İttifaqı artıq qoşunların dislokasiya yerlərinin dəyişməsinə də Azərbaycanın daxili işi kimi yanaşır. Cənab Mişelin ikinci Brüssel görüşünün yekunları ilə bağlı Bəyanatından aydın olur ki, konkret məsələlərlə bağlı artıq konkret razılaşmalar əldə olunub. Bunlardan birincisi Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır. İkitərəfli sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyini vurğulayan Aİ Prezidenti bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq, aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsinin razılaşdırıldığını qeyd edib. Birgə Sərhəd Komissiyasının mandatına Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi daxildir.
Hər iki tərəfin Avropa İttifaqına etimadı var. Burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir. Prezident İlham Əliyev bütün dünyada nüfuzlu dövlət xadimi və xalqının maraqlarını qətiyyətlə qoruyan Lider kimi qəbul olunur. Bu səbəbdən də beynəlxalq birlik Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallıqları qəbul edir. Şarl Mişelin bəyanatından da göründüyü kimi, Brüssel görüşünün nəticələri Azərbaycanın maraqlarına cavab verir. Aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılığın əldə edilməsi əhəmiyyətli hadisədir. Eyni zamanda, sülh sazişi ilə bağlı ortaya qoyulan mövqe də təqdirəlayiqdir.
Növbəti vacib məsələ iki ölkə arasında sülh müqaviləsi üzərində işə başlanması ilə bağlıdır. Şarl Mişel dünənki Brüssel görüşündən sonra verdiyi bəyanatında həm Prezident İlham Əliyevin, həm də Baş nazir Nikol Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri əhatə edən gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsi qərara alınıb.
Bu, artıq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlaması deməkdir. İki ölkənin Xarici İşlər Nazirliyinə bununla bağlı təlimat verilir. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılması deməkdir. Sənəddə isə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Prezident Şarl Mişel bəyanatında etimad və dinc yanaşı yaşayışı təşviq etmək üçün hər iki tərəfin humanitar addımlarının vacibliyini vurğulayıb. O, saxlanılan şəxslərin azad edilməsi və itkin düşmüş şəxslərlə bağlı problemin hərtərəfli həlli də daxil olmaqla, həll edilməmiş digər bütün humanitar məsələlərin tam və tez həllinin zəruriliyini vurğulayıb və Aİ-nin bu səyi dəstəkləməyə hazır olduğunu bildirib. Aİ-nin, həmçinin, ekspert məsləhətləri verməyə və maliyyə yardımını artırmağa, habelə münaqişədən zərər çəkmiş əhaliyə, bərpa və yenidənqurma işlərində yardım göstərməyə davam etdirməklə, Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minatəmizləmə səylərini dəstəkləməyə davam edəcəyi vurğulanıb.
Brüssel görüşündə diqqət çəkən məqamlardan biri Ermənistan və Azərbaycan arasında, eləcə də bütövlükdə Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması məsələsinin müzakirəsi olub. Aİ Prezidenti Bəyanatında qeyd edib ki, liderlər xüsusilə Ermənistan və Azərbaycan arasında, eləcə də bütövlükdə Cənubi Qafqazda kommunikasiya/bağlantı infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Şarl Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yollarının bərpası üçün effektiv həll yolları tapmağa çağırıb. Qeyd olunub ki, Aİ öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə, qarşılıqlı əlaqələrin inkişafına dəstək verməyə hazırdır.
Regionda kommunikasiya xətlərinin bərpasının və yenilərinin yaradılmasının əsas təşəbbüskarının Azərbaycan olduğunu nəzərə alsaq, Aİ-nin bu məsələdə də rəsmi Bakıya dəstək verdiyini söyləmək olar. Bu, həm də o deməkdir ki, Azərbaycanla Aİ-nin normallaşma prosesində əksər məsələlərə baxışı və yanaşması üst-üstə düşür.
Aprelin 6-da keçirilmiş, 4 saat yarımdan artıq davam etmiş Brüssel görüşü belə nəticəyə gəlməyə əsas verir ki, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm yaranır. Danışıqların bu platformaya keçirilməsi Azərbaycan üçün də məqbuldur.
Beləliklə də, Aİ Şurasının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü, Azərbaycanın maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addımdır.
Musayeva Aydan
Nəsimi Rayon sakini




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki