image-44backend

Ülvi Quliyev: Azərbaycanın əldə etdiyi tarixi Zəfərlə bölgədə yaratdığı yeni reallıq Avropa İttifaqının mövqeyinə təsirsiz ötüşməyib

image-reklam_sirab_01

Son 30 ildə Qarabağ ətrafında cərəyan edən siyasi proseslərin təhlili göstərdi ki, Qarabağ məsələsi və bütövlükdə Cənubi Qafqaz qlobal siyasi oyunçuların maraq dairələrinin üz-üzə dayandığı müstəvilərdən birinə çevrilib. Həm də bu səbəbdən, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın lehinə olan məlum dörd qətnaməsi 27 il boyunca icra edilmədi. Bu illər ərzində Azərbaycan hakimiyyətinin prioritet hədəfi, bir tərəfdən ölkəmizin ərazi bütövlüyünü bərpa etmək idisə, digər tərəfdən, səylər bölgəmizin qlobal toqquşma məkanına çevrilməməsinə yönəlmişdi. Xaricdən gələn çoxsaylı təhdid və təzyiqlərə, bəzilərinin beynəlxalq-hüquq normalarını siyasi maraqlarının güdazına verməsinə baxmayaraq, Azərbaycan iqtidarı hər iki vəzifənin öhdəsindən uğurla gələ bildi. 44 günlük Vətən müharibəsində Azərbaycan haqq savaşında ədaləti və beynəlxalq hüququ bərpa edərək həm tarixi Zəfər qazandı, həm də regionun Yaxın Şərq ölkələrinin acı aqibəti ilə üzləşməsinə imkan vermədi. Ölçülüb biçilmiş xarici siyasət strategiyası sayəsində qardaş və dost dövlətlərin birmənalı siyasi-mənəvi dəstəyini qazandıq, bununla da ölkəmizin xarici təhlükə və təhdidlər altında təklənməsinin qarşısı alındı. Azərbaycan iqtidarının həll edə bildiyi bu mürəkkəb vəzifələr indi sadə cümlələrlə ifadə olunsa da, onların hər birinin arxasında illərin zəhməti və əzmkarlığı dayanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat bildirib ki, qazandığımız tarixi Zəfəri müharibədən sonra bəzi dünya güclərinin həzm edə bilmədiyinin, onu qıcıq və narahatlıqla qarşıladıqlarının da şahidi olduq. Sözdə haqq və ədaləti, demokratik dəyərləri təbliğ edənlərin bir qismi ya açıq şəkildə, ya da bağlı qapılar arxasında Ermənistana dəstək verdilər, ictimai qavramda tənəzzülə uğramış Minsk qrupunun fəaliyyətini və separatçı rejimə status verilməsi niyyətini “diriltmək” üçün dəridən-qabıqdan çıxdılar. Proses səngisə də, təəssüf ki, belə xülyalarla yaşayanlar hələ də var. Beynəlxalq hüquqa zidd olan bu cür cəhdlərin ciddi siyasi ünvanlardan qaynaqlanmasına baxmayaraq, Prezident İlham Əliyev siyasi iradə ortaya qoydu və onlara qətiyyətlə olmayacaq dedi. Məhz bu siyasi iradənin sayəsində 10 noyabr, 11 yanvar və 26 noyabr tarixli üçtərəfli birgə bəyanatların heç birində Minsk qrupu və statusla bağlı hər hansı müddəa nəzərdə tutulmadı. Avropa İttifaqı Şurası rəhbərliyinin təşəbbüsü ilə baş tutan Brüssel görüşü də ermənilərin gözləntisini doğrultmadı. Əksinə, ölkəmizin haqlı mövqeyinə uyğun olaraq, bu görüşdə də postmünaqişə dövrünün reallığından danışıldı, Minsk qrupu və status məsələsi yenə də gündəmə gətirilmədi. Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşündən əvvəl NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakı regionun böyük siyasi maraqların toqquşduğu deyil, uzlaşdırıldığı məkana çevrilməsi baxımından olduqca əhəmiyyətlidir. Dövlətimizin başçısı ilə NATO-nun Baş katibi Yens Stoltenberqin birgə mətbuat konfransı göstərdi ki, Alyans ölkəmizlə əməkdaşlığa, Azərbaycanın “Qətiyyətli dəstək” missiyasına göstərdiyi xidmətlərə xüsusi önəm verir. Prezidentimizin mətbuat konfransında səsləndirdiyi bu fikir isə ölkəmizin də əməkdaşlığa hər zaman açıq olduğunu bir daha nümayiş etdirdi: “Eyni zamanda, biz NATO-nun hazırkı və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir”.

Ü.Quliyevin vurğulayıb ki, Prezident İlham Əliyevin mətbuat konfransında verdiyi ciddi mesajlardan biri də məhz Zəngəzur dəhlizi ilə bağlı oldu: “Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.

Deputat qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşün nəticələrinə dair yaydığı bəyanat da göstərir ki, ölkəmizin əldə etdiyi tarixi Zəfərlə bölgədə yaratdığı yeni reallıq Avropa İttifaqının mövqeyinə təsirsiz ötüşməyib. Elə bu səbəbdən, Bəyanatda əksini tapan fikirlər Azərbaycanın maraq və mövqeyi ilə üst-üstə düşür. Məsələn, Bəyanatda bildirilir ki, “2020-ci il noyabrın 10-da, 2021-ci il yanvarın 11-i və noyabrın 26-da keçirilən görüşlər və imzalanan bəyanatlardan irəli gələn öhdəliklər yerinə yetirilməlidir”. Həmçinin qeyd olunur ki, Avropa İttifaqı sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusda dəstək verməyə də hazırdır.

“Brüssel görüşündə öhdəliklərin yerinə yetirilməsinə edilən birmənalı çağırış deməyə əsas verir ki, Ermənistan Zəngəzur dəhlizinin açılışından yayına bilməyəcək, gec-tez bu addımı atmağa məcbur olacaq. Ermənistan rəhbərliyi həmin layihəni dəhliz adlandırmaqdan çəkinsə də, unudur ki, imzaladığı 10 noyabr Bəyanatında nəqliyyat üzrə nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd orqanları tərəfindən həyata keçiriləcəyi nəzərdə tutulur. Unutqanlığın səbəbi də məlumdur, Ermənistan rəhbərliyi onsuz da gərgin olan daxili ictimai-siyasi vəziyyəti alovlandırmaqdan ehtiyatlanır. Lakin həm Ermənistan hakimiyyəti, həm də onun havadarları artıq bilirlər ki, istəsələr də, istəməsələr də Laçın və Zəngəzur dəhlizləri qarşılıqlılıq prinsipi əsasında fəaliyyət göstərəcək, Azərbaycan Ermənistana başqa seçim verməyəcək”, – deyən Ülvi Quliyev fikirlərini yekunlaşdırıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki